Vasitəçilərin ABŞ uğursuzluğu
ATƏT - in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində yaranmış fasiləni aradan qaldırmaq üçün göstərdiyi səylər yenə də nəticə vermədi.
Qeyd edək ki, Azərbaycanın BMT Baş Assambleyasının 64-cü sessiyasında işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı məsələ qaldırmasının Ermənistanın münaqişənin həlli ilə bağlı hazırkı vəziyyətini bir az da mürəkkəbləşdirəcəyini əvvəlcədən görən vasitəçilər nizamlanma prosesini stimullaşdırmaq üçün münaqişə tərəfləri arasında xarici işlər nazirləri səviyyəsində danışıqların yenidən davam etdirilməsi təşəbbüsünü irəli sürsələr də, bu təşəbbüs baş tutmadı. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində keçirilən müzakirələrdə münaqişənin həlli ilə bağlı Azərbaycanın ünvanına absurd ittihamlarla çıxış etməklə, faktiki olaraq, vasitəçilərin "xoşməramlı təşəbbüsləri"nə zərbə vurdu. Ermənistan XİN başçısının bu cür ittihamlarla çıxış etməsi Ermənistanın danışıqlar prosesinin süni şəkildə uzadılmasına maraqlı olması ilə yanaşı, həm də danışıqları pozmaq istədiyi barədə fikirləri təsdiqləmiş oldu. Nalbandyan, həmçinin, münaqişənin həlli ilə bağlı aqressiv mövqe nümayiş etdirməklə vasitəçilərin təşəbbüslərinin üzərindən də xətt çəkdi.
Prosesin gedişində maraqlı və diqqətçəkən məqamlardan biri isə Ermənistan xarici işlər nazirinin Nyu - Yorkda Azərbaycana qarşı iddialarla çıxış etdiyi bir vaxtda Ermənistan prezidenti Serj Sarkisyanın "Ermənistanda kifayət qədər S - 300 raketi var" bəyanatı ilə çıxış etməsi oldu. Qeyd edək ki, Sarkisyan bu bəyanatı verməkdə regionda təhlükəsizlik və sabitliyin qorunmasına Ermənistanın problem yaratdığını təsdiqlədi. Başqa sözlə desək, Ermənistan prezidenti öz dili ilə öz ölkəsini ifşa etdi.
Məsələ burasındadır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bir qədər əvvəl bəyanat yayaraq, Azərbaycan və Ermənistan XİN başçılarının Nyu - Yorkda bir araya gələcəyini və bu görüşün danışıqlar prosesində dinamikanın artmasına gətirib çıxaracağını ümidvar olduqlarını bəyan etmişdilər. Hətta Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke bir qədər qabağa gedərək Nyu - Yorkda Elmar Məmmədyarov və Edvard Nalbandyanın bir araya gələcəklərini və görüşdə münaqişənin həllinə dair vasitəçilərin "yeni ideyaları"na da toxunulacağını bəyan etmişdi. Amma amerikalı həmsədrin bu fikirləri özünü doğrultmadı. ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda hər bir nazirlə ayrı-ayrılıqda görüşüb, müzakirə aparmalı oldular. Elmar Məmmədyarov - Edvard Nalbandyan görüşü isə baş tutmadı. XİN -in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs" qəzetinə açıqlamasında əvvəlcədən də bu görüşün baş tutması ilə bağlı gözləntilərin olmadığını bildirib. Həmsədrlərin açıqlamalarına baxmayaraq, mətbuat katibi deyir ki, Məmmədyarovun ABŞ - a səfər proqramında, ümumiyyətlə, erməni həmkarı ilə görüş nəzərdə tutulmayıb. Bununla belə, E.Poluxov Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu və bu mövqeni Ermənistanın xarici işlər nazirinin BMT Baş Assambleyasında keçirilən tədbirlərdə bir daha nümayiş etdirdiyini xatırladıb. "Bütün bunlar isə, onu göstərir ki, problemin həllinə Ermənistan maraqlı deyil".
Onu da qeyd edək ki, Ermənistan XİN başçısının radikal və aqressiv mövqeli çıxışı vasitəçilər üçün də gözlənilməz vəziyyət yaradıb. Nalbandyanın bəyanatlarından sonra çətin vəziyyətdə qalan vasitəçilər nazirlərlə ayrı-ayrılıqda görüşsələr də, bu görüşlərin də nəticəsiz başa çatıb. Elə vasitəçilərin nazirlərlə keçirdikləri görüşlərdən sonra heç bir açıqlama verməməsi də ortalıqda hansısa müsbət nəticənin olmadığını təsdiq edir. Bütün bunlar isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin missiyasının özünü doğrultmadığı barədə fikirləri daha da möhkəmləndirir. Çünki vasitəçilərin bu vaxta qədər bütün təşəbbüsləri Ermənistan tərəfindən pozulub. Təkcə onu demək yetər ki, bu ilin əvvəlindən həmsədrlər münaqişənin nizamlanması istiqamətində prosesi irəli aparmaq üçün bir neçə dəfə təşəbbüslə çıxış etsələr də, onların bütün cəhdləri nəticəsiz qalıb. Bu baxımdan da, siyasi ekspertlər yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ciddi dəyişikliklərin baş verməsini o qədər də inandırıcı saymırlar. Proqnozlara görə, vasitəçilərin təşəbbüsləri nəticəsiz qaldığına görə, çox güman ki, danışıqlarda yaranmış fasilə bir müddət də davam edəcək.