BMT Baş Assambleyasının 65-ci sessiyası mühüm qərarların verilməsi ilə yadda qala bilər
Məlum olduğu kimi, artıq BMT Baş Assambleyasının 65-ci sessiyası öz işinə başlayıb. Bu həftə ərzində isə bəzi dövlət başçılarının sessiya çərçivəsində görüşünün keçirilməsi gözlənilir ki, bu da bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən amildir. Nəzərə alsaq ki, bu həftə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin hökumətə və dövlət başçılarının Türkiyənin şuraya sədrliyi ilə ilk iclası keçiriləcək, onda bu iclasın və müzakirə olunacaq mövzuların nə qədər maraq və diqqət doğuracağı məlum olur.
İlk növbədə, əsas diqqəti BMT Baş Assambleyası çərçivəsində prezidentlər səviyyəsində keçiriləcək görüşlərə yönəltmək lazımdır ki, burada da Azərbaycanı maraqlandıran və ona birbaşa aidiyyatı olan məsələlər vardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama ilə sentyabrın 24-də görüşün keçirilməsi artıq planlaşdırılıb. Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rodes məlumat verib. O, Azərbaycanı Əfqanıstanda ABŞ-ın səyləri üzrə əsas tərəfdaşı adlandırıb. Azərbaycan və ABŞ prezidentləri arasında planlaşdırılan görüşün ikitərəfli əməkdaşlığın ayrı-ayrı məqamlarının müzakirə olunması ilə də müşahidə olunacağı gözlənilir. Burada əsas diqqət mərkəzində saxlanılan məsələnin isə Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsi məsələsi olacaq ki, bu da hər iki tərəfi maraqlandıran əsas məsələ kimi qiymətləndirilir. Minsk Qrupunun həmsədri kimi ABŞ-ın münaqişənin həllində tutduğu yer və oynadığı rol danılmazdır. Bu mənada, Azərbaycanın ABŞ-la münasibətlərinin, məhz əsasən, bu müstəvidə qurulması və danışıqların da bu müstəvidə aparılması daha məqsədəuyğun addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, hər iki ölkənin üst-üstə düşən maraqları onların ikitərəfli əməkdaşlığının daha da gücləndirməsinə səbəb ola bilər.
65-ci sessiya çərçivəsində prezidentlər arasında keçiriləcək digər bir görüş isə Türkiyə və İsrail prezidentləri arasında keçirilməsi planlaşdırılan görüş idi ki, bu da sonradan təxirə salındı. Türkiyə ilə İsrail arasında yaşanan məlum gərginliklərdən sonra iki ölkə arasında soyuqluğun yaranması bir daha ABŞ-da da özünü göstərdi. Görüşdən imtina edən Türkiyə prezidenti bunu gərgin iş qrafiki ilə əlaqələndirdisə də, əsas səbəbin İsrailin baş vermiş insidentə görə Türkiyədən üzr istəməməsinin olduğu bildirilir. Görünür, Türkiyə ilə İsrail arasında bu soyuqluq hələ bir müddət də davam edəcək və Türkiyənin BMT TŞ-yə sədrlik etdiyi dövrdə bu cür halların baş verməsi daha çox gözləniləndir. Tutduqları mövqeyə görə bir-birinə zidd olan iki ölkə arasında diplomatik səviyyədə narazılıqların yaşanması təbii haldır. Bu gün əgər Türkiyə dünyada müsəlman ölkələrinin himayədarı, qoruyucusu rolunda çıxış edirsə, İsrail buna zidd olaraq müsəlman ölkəsi olan Fələstinə qarşı haqsız siyasət yürüdür və Qəzzadan çıxmamaqla yanaşı, orada yaşayan əhalini də daima gərginlik içərisində saxlayır.
Türkiyənin BMT-də artan rolu onun Təhlükəsizlik Şurasına sədrlik etməsi ilə də əlaqələndirilə bilər. Belə ki, sentyabrın əvvəlindən etibarən sədrlik dövrü başlayan Türkiyənin sentyabrın 23-də Təhlükəsizlik Şurasının iclasını keçirməyə hazırlaşdığı da məlumdur. Dövlət və hökumət başçıları səviyyəsində ölkələrin təmsil olunacağı bu sammitdə beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirə olunmasının planlaşdırıldığı da məlumdur. Əvvəlcədən verilən məlumatlara görə, TŞ üzvləri preventiv diplomatiya, sülhpərvərlik və postmünaqişə dövründə sülh quruculuğu səylərinə xüsusi diqqət yetirəcəklər. Bununla bağlı, artıq Türkiyə prezidenti A.Gül Nyu-Yorkda mətbuat konfransı keçirərək Türkiyənin öz regionunda və dünyanın siyasi arenasında oynadığı roldan danışıb. O bildirib ki, bu gün Türkiyə öz regionunda aktiv siyasi fəaliyyətlə məşğuldur. Türkiyənin bölgəsinə sahib çıxdığını, regionda baş verən hadisələrlə maraqlandığını deyən A.Gül bu səbəbdən də bütün ölkələrin Türkiyə ilə əməkdaşlıqda maraqlı olduqlarını, bunların BMT baş katibi və onun müavini tərəfindən də fərq edildiyini bildirib.
Türkiyənin bu sammitdə İranla bağlı məsələni də diqqət mərkəzində saxlayacağı gözlənilir. Ümumilikdə götürdükdə, cari həftə ərzində BMT Baş Assambleyasının 65-ci sessiyasının maraqlı hadisələrlə yadda qalacağını və dünyada gedən proseslərə böyük təsir imkanlarına malik olacağını ehtimal etmək olar. Türkiyənin sədrliyi ilə keçiriləcək TŞ-nin sammiti beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində özünəməxsus rol oynayacaq. Türkiyənin özünün də əziyyət çəkdiyi terrorizmin aradan qaldırılmasına dair müzakirələrin aparılması, bu mənada, mühüm əhəmiyyətə malik olacaqdır. Eyni zamanda, ayrı-ayrı ölkələrin başçıları arasında keçirilən ikitərəfli görüşlərdə öz əhəmiyyətinə görə heç də geri qalmır və bir sıra problemlərin həllində mühüm rol oynayacağı gözlənilir. Dünya ictimaiyyətinin bu həftədən əsas gözləntiləri isə, ondan ibarətdir ki, onları narahat edən problemlər aradan qaldırılsın və beynəlxalq təhlükəsizliyin təmin olunması üçün bütün dünya vahid mövqedən çıxış etsin. Bunun üçün heç bir tərəf öz maraqlarını üstün tutmamalı və konstruktiv mövqedən çıxış etməlidir.