Həmsədrlərin “yeni ideyalar" axtarışı nəticə verəcəkmi?
BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi ilə bağlı müzakirələrin müvəqqəti olaraq təxirə salınmasından sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yeni vəziyyət yaranıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin nizamlanmasına dair "yeni ideyalar" irəli sürməsi prosesdə irəliləyişlərin əldə olunmasının mümkünlüyü barədə ehtimalları gücləndirib.
Onu da qeyd edək ki, münaqişənin nizamlanmasına dair yenilənmiş Madrid təkliflərinin ortalıqda olduğu bir vaxtda həmsədrlərin münaqişənin həllinə dair "yeni ideyalar" axtarmasının özü də kifayət qədər sual və maraq doğuran məsələlərdəndir. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir neçə ildən bəri münaqişənin nizamlanmasına dair apardıqları danışıqlar və aparılan danışıqların nəticəsinə uyğun olaraq ortaya qoyduqları "Yenilənmiş Madrid təklifləri"nin hazırlanması özü bir neçə ilə başa gəlib. Bu baxımdan da münaqişənin nizamlanmasına dair ortada nisbətən optimal sayıla bilən təkliflərin olduğu halda həmsədrlərin nədən "yeni ideyalar" axtarışına çıxması sual doğurmaya bilməz.
Onu da qeyd edək ki, bəzi versiyalarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət qeyri-müəyyən şərait kimi dəyərləndirilsə də, əksər siyasi analitiklər problemin həllinin irəli aparılmasına Rusiya və Ermənistan tərəfindən maneələrin olduğunun aydın şəkildə göründüyünü bildirirlər. Məsələ burasındadır ki, bu ilin əvvəlində ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin nizamlanmasına dair hazırladıqları Madrid təkliflərini son variantda tərəflərə təqdim etsələr də. Azərbaycanın razılığına baxmayaraq, Ermənistan bu günə qədər də təkliflərə münasibət bildirməyib.
Baxmayaraq ki, Rusiya Ermənistanı "Yenilənmiş Madrid təklifləri" ilə bağlı düşdüyü vəziyyətdən çıxarmaq üçün ortaya "Sankt-Peterburq variantı" deyilən təklifləri atdı, bu təkliflər Azərbaycanın təpkisi ilə qarşılandı. "Sankt-Peterburq təklifləri"nin Rusiyanın özünün də təmsil olunduğu Minsk Qrupu həmsədrləri arasında da dəstək qazanmaması bu təklifləri gündəmə gətirdiyi kimi də gündəmdən çıxartdı. Rəsmi Bakının məsələni BMT Baş Assambleyasında qaldırması isə təkcə Rusiya və Ermənistan üçün deyil, Minsk Qrupunun digər üzvlərinin bundan sonrakı fəaliyyəti ilə bağlı da müəyyən suallar yaratdığından Minsk Qrupu həmsədrləri münaqişə bölgəsinə ATƏT-in yeni faktaraşdırıcı missiyanın göndərilməsi ideyasını irəli sürərək BMT Baş Assambleyasındakı müzakirələrin bir qədər ləngidilməsinə nail ola bildilər. Amma bu günlərdə açıqlama verən Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev Baş Assambleyada gözlənilən müzakirələrin ləğv olunmadığını bildirib. Onun sözlərinə görə, "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" məsələ BMT Baş Assambleyasının gündəliyinə salınıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə müzakirələrdən əvvəl regiona faktaraşdırıcı missiyanın səfər edəcəyini bildirən A.Mehdiyev faktaraşdırıcı missiyanın regiona sentyabrın sonu oktyabrın əvvəllərində gələcəyini deyib. Azərbaycanın BMT yanındakı daimi nümayəndəsinin açıqlamalarından bir daha aydın olur ki, Minsk Qrupu həmsədrlərinin və Ermənistanın BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsinin müzakirələrdən tamamilə çıxarılacağı barədə gözləntiləri mənasızdır.
Bu baxımdan da, indi münaqişə tərəflərinin əsas diqqəti bu həftə ABŞ-da BMT Baş Assambleysının 65-ci sessiyasının iclası çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan XİN başçıları arasında gözlənilən görüşdə müzakirə ediləcək məsələlərə yönəlib. Onu da qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradke nazirlərin Nyu-Yorkda keçiriləcək görüşündə münaqişənin həllinə dair vasitəçilərin regiona son səfərləri zamanı tərəflərə təqdim etdikləri "yeni ideyalar"ın da müzakirə olunacağını bildirib. Amma amerikalı həmsədrin danışdığı "yeni ideyalar"ın varlığı Bakıda bir o qədər də təsdiqlənmir. Məsələn, Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs"ə açıqlamasında "Madrid təklifləri"nin kənarında münaqişənin həllinə dair hansısa "yeni ideyalar"ın olması barədə məlumatsız olduğunu bildirib. Mətbuat katibi bu "ideyalar"ın münaqişənin həllinə dair irəli sürülən Madrid təkliflərindən mahiyyətcə fərqli olub-olmaması barədə də bir söz deməyin çətin olduğunu bildirib. Başqa sözlə desək, Bakıda amerikalı həmsədrin hansı "yeni ideyalar"dan danışmasının özü də bir qədər təəccüblü görünür.
Elə münaqişənin nizamlanması ətrafındakı vəziyyətlə bağlı təhlil aparan siyasi analitiklər üçün də "yeni ideyalar"ın mahiyyəti bəlli deyil. Bəzi ekspertlər bunu problemin həllinə dair danışıqlar prosesində təşəbbüsün Rusiyadan ABŞ - a keçməsi kimi şərh etsələr də, "yeni ideyalar"ın mahiyyətində münaqişə tərəfləri arasında XİN başçıları və prezidentlər arasında görüşlər formatının yenidən davam etdirilməsi kimi məsələlərin dayanmasının mümkünlüyü də istisna olunmur. Həmçinin, rəsmi Moskvanın problemin nizamlanmasında Birləşmiş Ştatların təşəbbüslərinin nəticə verməsinə imkan yaratmasının özü də inandırıcı görünmür. Ən azından buna problemin həllinə, eyni zamanda, irəli sürülən başqa versiyalarda amerikalı həmsədrin ortaya atdığı "yeni ideyalar" məsələsinin arxasında danışıqlar prosesinin uzadılması maraqlarından başqa bir məsələnin dayanmadığına dair də fikirlər var. Ekspertlərə görə, Azərbaycanın problemin həlli məsələsində sərt mövqe nümayiş etdirməsi, vasitəçilərin Bakıdan hansısa güzəştlər qoparmaq siyasətinin baş tutmamasına gətirib çıxardığından indiki şəraitdə həmsədr dövlətlər danışıqları uzatmaqla Ermənistanın vəziyyətini yüngülləşdirməyə çalışırlar. Bu baxımdan da, ekspertlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü baş tutarsa, bu görüşdən sonra "yeni ideyalar"ın mahiyyətinin nədən ibarət olduğuna da aydınlıq gələcəyini proqnozlaşdırırlar.