Ermənistan müxalifəti aktivləşməyə başlayıb
Son günlərdə Ermənistan müxalifəti yenidən aktivləşməyə başlayıb. Bir müddətdir ara verilən müxalifətin kütləvi mitinqləri yenidən baş qaldırmışdır. Sentyabrın 17-də Ermənistanın əsas müxalifətçiləri tərəfindən Yerevanda keçirilən mitinqdə hakimiyyətin əleyhinə olan bir sıra şüarlar səsləndirilmişdir. Erməni Milli Konqresi tərəfindən keçirilən mitinqdə Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasət sərt şəkildə tənqid edilmişdir.
Ermənistanın eks prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ermənistanın artıq regionda getdikcə öz nüfuzunu daha çox itirdiyini və Azərbaycanın öz mövqelərini daha da gücləndirdiyini mitinqdə çıxışı zamanı deyib. Bu məsələnin Ermənistan dövləti üçün ciddi təhlükə yaratdığından narahat olduğunu bildirən Ter-Petrosyan burada əsas günahkarın başda prezident Serj Sarkisyan olmaqla Ermənistan hakimiyyətinin olduğunu iddia edib. Onun sözlərindən, həmçinin, bunu da başa düşmək olar ki, Ermənistan müxalifəti Rusiya ilə Azərbaycan arasında münasibətlərin son durumundan da narahatdır. O, mitinq zamanı artıq Ermənistanın Rusiyanın regionda əsas partnyoru olmaqdan çıxdığını və Rusiya ilə Azərbaycan arasında ciddi strateji tərəfdaşlıq münasibətlərinin yarandığını qeyd edib. Belə olan halda isə Ermənistan hakimiyyətinin öz taleyi ilə barışmaq və yaxud öz səadətini Rusiya-Türkiyə-Azərbaycan səviyyəsində yüksək instansiyalarda tapmaq məcburiyyətində olduğunu vurğulayıb.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında da Ermənistan hakimiyyətinin yeritdiyi siyasəti etirazla qarşılayan müxalifət, ümumiyyətlə, mövcud hakimiyyətlə imzalanmış beynəlxalq sənədlərin heç bir hüquqi qüvvəyə malik olmadığını deyib. Buna səbəb isə prezident Serj Sarkisyanın qanuni yolla hakimiyyətə gəlməməsidir. Serj Sarkisyanın seçilmiş prezident olmadığına iddia edən Ermənistan müxalifətinin lideri onunla heç bir danışığa getməyimin mümkün olmadığını, bunun yalnız hakimiyyətin xalqa verilməsi kontekstində qurulması halda ola biləcəyini qeyd edib. Levon Ter-Petrosyan onu da qeyd edib ki, hakimiyyətin dəyişdirilməsi onlar üçün əsas məqsəd, prinsipial işdir.
Ermənistan müxalifətinin son günlərdə bu səviyyədə aktivləşməsi Ermənistanda ictimai-siyasi durumun heç də sabit olmamasından xəbər verir. Belə ki, ölkədaxili etirazlar artıq o dərəcədə yüksəlib ki, bunu kütləvi etiraz mitinqləri şəklində nümayiş etdirməyə başlayıblar. Ermənistan hökumətinin qeyri-leqal hakimiyyəti və törətdiyi özbaşınalıqlar artıq öz həddini aşmışdır. Bu səbəbdəndir ki, sentyabrın 17-də keçirilən izdihamlı mitinqdən sonra Ermənistan müxalifəti daha da aktivləşməyi və növbəti günlərdə növbəti mitinqləri keçirməyi planlaşdırır. Artıq yeni mitinqlərin tarixi də bəllidir. 21 sentyabrda müstəqillik günü ilə əlaqədar bayram mitinqi keçirməyə hazırlaşan müxalifət oktyabrın 3-də növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə bağlı mitinq keçirəcək. Oktyabrın 15-nə planlaşdırılan mitinqdə isə hökumətin yeritdiyi korrupsioner siyasətə etiraz edilməsi nəzərdə tutulur. Göründüyü kimi, ölkədaxili problemlərin çoxluğu müxalifətin də ardıcıl mitinqlər keçirməsinə şərait yaradır. Ermənistan müxalifətinin mütəmadi olaraq keçirdiyi bu mitinqlər müxtəlif vaxtlarda müxtəlif səbəblərdən olmuşdur. Ölkənin layiqli şəkildə idarə olunmaması, istər daxili, istərsə də xarici siyasətdə atdığı addımlarda Ermənistan rəhbərliyinin müstəqilliyə malik olmaması ölkədə əsas etiraz doğuran məqamlardandır. Həmçinin, qeyri-leqal şəkildə hakimiyyətə gəlmiş prezident və onun yaratdığı hökumətin ölkə daxilində törətdiyi özbaşınalıqlar ölkənin sosial-iqtisadi şəraitinin ağırlaşmasına və bu da ictimai-siyasi vəziyyətin gərginləşməsinə səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq, demək olar ki, indiki vəziyyətdə Ermənistan müxalifətinin mövcud vəziyyətə etiraz etməkdən və bu etirazları da mitinq şəklində göstərməkdən başqa heç bir çıxış yolu yoxdur.
Ermənistanda baş verən hadisələr beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənilməlidir. Ölkədə ictimai-siyasi vəziyyət bu təşkilatlar tərəfindən təhlil edilməli və buna layiqli qiymət verilməlidir. Anti-demokratik bir vəziyyətin hökm sürdüyü bu ölkədə baş verən hadisələr hakimiyyətin səriştəsizliyi kimi qiymətləndirilməli və beynəlxalq hüquqi-demokratik təşkilatların hesabatlarında öz əksini layiqli şəkildə tapmalıdır.
Ermənistan hakimiyyəti isə ona qarşı olan bu etirazları lazımi şəkildə qiymətləndirməli və nəticə çıxarmalıdır. Bu nəticənin isə öz əksini iki formada tapması mümkündür. Bunlardan birincisi, hakimiyyətdən demokratik şəkildə imtina edilməsi, ikincisi isə öz səhvlərini düzəltməklə daha səriştəli və müstəqil siyasətin yeridilməsi formalarında ola bilər.