PDF Oxu

Araşdırma

  • 8

Türk dövlətlərinin inteqrasiyası tarixi zərurətdir

Türk dövlətlərinin inteqrasiyası tarixi zərurətdir

Türkdilli dövlət başçılarının İstanbulda keçirilən növbəti toplantısı bütün türk dünyasının diqqət mərkəzindədir. Bəlli olduğu kimi, türkdilli ölkələrin liderləri indiyədək dəfələrlə görüşüblər. Bu görüşlərdə ortaq milli-mənəvi və mədəni dəyərlərlə bağlı mühüm qərarlar qəbul edilib, türk xalqlarının maddi-mədəni irsinin qorunması, təbliği və inkişaf etdirilməsi sahəsində çox böyük və mütərəqqi addımlar atılıb.
Bu baxımdan, son zirvə toplantısı hansı xüsusiyyətləri ilə yadda qalacaq? Ümumiyyətlə, bu görüş əvvəlki zirvə toplantılarından nə ilə fərqlənir? Bu suallara aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.

Sabir Rüstəmxanlı, millət vəkili:
- Türk dövlətlərinin inteqrasiya prosesi, bu ölkələrin həm iqtisadi, həm də siyasi cəhətdən yaxınlaşması, tarixi zərurətdir və bundan qaçmaq mümkün deyil. Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan bir-birilərinə yaxınlaşaraq Avropa Birliyinə bənzər bir birlik yarada bilərlər. Hesab edirəm ki, bu baxımdan türk ölkələrinin dövlət başçılarının zirvə görüşləri çox mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Türkiyə istisna olunmaqla, digər müstəqil türk dövlətləri artıq 19 ildir ki, meydana çıxıb. Ötən il Türk Dövlətlərinin Parlament Assambleyası yarandı. Müasir türk dövlətlərinin əhalisi qardaş xalqlardır. Onların, milli mənşəyi, tarixləri, dinləri və dilləri birdir.
Türk respublikalarının başçılarının İstanbul sammitində yaddaqalan məqamlardan biri də Azərbaycanla Türkiyə arasında mühüm əhəmiyyəti olan sənədin imzalanmasıdır. Gələn il yeni türk dövlətlərinin yaranmasının 20 illiyi Türkmənistanda qeyd olunacaq. Bu, çox mühüm işdir. Son illər Azərbaycan türk dövlət və toplularının dostluq, qardaşlıq, iş birliyi konfranslarını keçirib və Türkiyədən sonra bunu ilkin olaraq biz qəbul etmişik. Bildiyiniz kimi, Bakıda Türkiyə-Azərbaycan diaspor təşkilatların birgə qurultayları və toplantıları keçirilib. Hesab edirəm ki, gələcəkdə Qazaxıstan və digər türk dövlətlərində bu estafeti qəbul etməli və bu proses genişlənməlidir. Türk dövlətlərinin böyük insan potensialı, ortaq tarixi keçmişi var. Böyük mənəviyyatı olan və dünya tarixində şərəfli rol oynamış türk milləti bu tarixə layiq də addımlar atmalıdır. Burada qəbul olunan qərarları çox yaxşı, müsbət dəyərləndirirəm. Bu proses davam etməlidir.

Musa Qasımlı, tarix elmləri doktoru, professor:
- Türk dövlət başçılarının zirvə toplantısı əsası qoyulduqdan - 1992-ci ildən bəri müsbət fəaliyyəti ilə diqqətdə qalıb. Əlbəttə, bu sahədə müəyyən enib-qalxmalar da olub. Amma yaxşı haldır ki, son illərdə bu ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda bir dinamizm var. İstanbul Sammiti Özbəkistanın iştirak etməməsinə baxmayaraq, müsbət nəticələrlə yekunlaşdırılıb. Burada konkret qərarlar qəbul edilib. Bu qərarlarda isə həm fəaliyyətin əlaqələndirilməsi, ağsaqqallar şurası, universitetlər arasında əlaqə, digər tarixi tədqiqatlar üçün araşdırılmalar fondunun yaradılması yalnız müsbət qiymətləndirilə bilər. Hesab edirəm ki, İstanbul Sammiti türk dövlətləri arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə çıxarmaqdan ötürü zəmin hazırladı.
Fikrimcə, bu görüş əvvəlkilərdən münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində fəaliyyətlə fərqləndi. Bir sözlə, hesab edirəm ki, bu görüşdə açıq söhbət getdi, problemlər müzakirə olundu və əməkdaşlığın konkret sahələri müəyyənləşdirildi.

Digər xəbərlər