Erməni müxalifəti: "Ordumuzda faşizm hökm sürür"
Ermənistanda Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi internet saytlarında yayılan və erməni ordusunda hökm sürən "dedovşina"nı əks etdirən videoçarxlara münasibət bildirib. Bəyanatda deyilir: "Son günlər bəzi internet saytlarında orduda hökm sürən adətləri əks etdirən dəhşətli videoçarx yerləşdirilib. Qurşağadək çılpaq olan, yırtıcıya və heyvana oxşayan zabit kolluqda nahar edir, qarşısında isə iki əsgər oturub. O, onlara yaxınlaşmağı əmr edir, başlarından yapışır, var gücü ilə qulaqlarından dartır, sonra isə əlinin içi ilə qulaqlarına elə vurur ki, qançır qalmasın".
Ermənistan müxalifəti orduda baş verənləri vəhşilik adlandırır və bəyan edir ki, heç faşizm vəhşilikləri də Ermənistan ordusunda baş verənlərlə rəqabət apara bilməz. Müxalifət hesab edir ki, videoçarxa baxanda, son vaxtlar orduda baş verən faciəli və qanlı insidentlərin səbəbini anlamaq olur: "İnsanlığa sığmayan təhqirlərə məruz qalan hər bir ağıllı insan, özü də 18-19 yaşlı gənc intihara, qətlə əl ata, düşmən tərəfə keçə bilər. Ən yaxşı halda o, evə fiziki, mənəvi və psixi cəhətdən şikəst qayıdacaq. Amma o, bir şeyi dəqiq etməyəcək-lazım olsa düşmənlə döyüşməyəcək. Beləcə ordunu məhv edirlər və Qarabağı verirlər".
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, "YouTube" portalında yerləşdirilmiş videoçarxlarla bağlı təhqiqat aparılır və insidentin hansı hərbi hissədə baş verdiyini üzə çıxarmaq üçün xüsusi qrup yaradılıb. Mətbuat isə yazır ki, videogörüntülərin cəbhə xəttinə yaxın mövqelərdən birində çəkildiyi ehtimal edilir.
Ermənistan mətbuatının yazdığına görə, videoyazının aşağı keyfiyyətdə olması həmin şəxslərin üzünü görməyə imkan vermir. Lakin videoya çəkilən insanlar Ermənistan ordusunun geyimindədirlər və bu kadrlar ölkə ictimaiyyətini qəzəbləndirib.
Qeyd edək ki, bu, erməni ordusunda ilk belə hadisə deyil. Bu tip olaylar işğalçı orduda tez-tez baş verir. Ekspertlərinə rəyinə görə, Ermənistan ordusundakı başlayan qanlı qırğınların səbəbi əsgərlər arasındakı mənəvi-psixoloji durumun pisləşməsi və orduda yaranan ciddi problemlərdir.
Xatırladaq ki, bir qədər öncə- iyulun 28-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində silahlı insident nəticəsində 6 nəfər ölmüşdü. Postda əsgəri yuxulamış halda tutmuş hərbçilərin onu alçaltması əsgərin silaha əl atmasına, 5 hərbçini və özünü güllələməsinə səbəb olmuşdu.
Ermənistan silahlı qüvvələri acınacaqlı duruma düşdüyü haqda son vaxtlar faktlara əsaslanan analizlər yazmışıq. Son hadisə də göstərdi ki, işğalçı ölkənin ordusu dağılmaq üzrədir.
Faktlar göstərir ki, düşmən ölkənin ordusunda fərarilik, ölüm, zorlama, təcavüz, homoseksuallıq, "dedovşina", rüşvət, korrupsiya, intihar və digər nizamnamədən kənar hallar artır. Orduda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib.
Araşdırma nəticəsində Ermənistan silahlı qüvvələrində intihar və intihara cəhd etmə hallarının əsasən zabit-gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqiretmə və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandir heyəti (çavuşlar) tərəfindən əsgərlərin zorlanması, döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması, Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verdiyi məlum olub.
Ermənistan ordusunda intizamsızlıq, özbaşınalıq, hərci-mərclik, əxlaqsızlıq və s. belə hallarla yanaşı, kriminogen durum da kulminasiya nöqtəsinə çatıb. Kriminogen durum və əxlaqsızlıq halları ilə yanaşı, şəxsi heyət arasında narkotik maddə qəbul etmə halları da sürətlə yayılmaqdadır. Narkotik maddələrin hərbi hissələrə gətirilməsi və şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir.
Orduda qeyri-döyüş itkilərinin döyüş itkilərindən 3 dəfə çox olması erməni ictimaiyyətini xeyli narahat edir. 2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksutyun partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Aqabekyan bildirir ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır.
İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarksyan hərbi xuntasına xidmət deməkdir" fikri ilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır.
Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb".
Azərbaycan Ordusunun gündən-günə güclənməsi fonunda işğalçı ölkənin hərbi böhran keçirməsi Yerevan üçün yaxşı perspektiv bəd etmir. Azərbaycan Ordusu regionda ən güclü ordudur və bu ordu sülh danışıqları nəticə vermədiyi zaman öz sözünü deyəcək.