PDF Oxu

Araşdırma

  • 9

Ermənistan dövlət kimi sıradan çıxır

Ermənistan dövlət kimi sıradan çıxır
Cənubi Qafqazda geosiyasi proseslər yenidən dinamik mərhələyə keçib. Bölgədə proseslərin aktivləşməsi bir tərəfdən regionun özünün strateji əhəmiyyəti və buraya daim xarici maraqların olması ilə bağlı olsa da, digər səbəb regionun lider dövləti olan Azərbaycanın beynəlxalq aləmdə baş verən proseslərlə bağlı aktiv və çevik siyasət aparmasıdır ki, bu da istər-istəməz Cənubi Qafqazı hər zaman başqaları üçün cəlbedici edir. Bu baxımdan da, supergüclərin regionda möhkəmlənmək üçün əlaqələrini, ilk növbədə, Azərbaycanla yaxınlaşdırmağa çalışması da təbii qarşılanmalıdır. Baxmayaraq ki, xarici ölkələrin hələ də regionun əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi ikili standartlardan kənara çıxmır. Bununla belə, artıq Ermənistan və Azərbaycan reallıqlarının tam fərqli olduğu da açıq şəkildə etraf edilir. Ermənistanın siyasi və iqtisadi baxımdan Rusiyadan asılılığı, bu ölkənin müstəqilliyini hər zaman sual altında qoyub. Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana son səfəri isə bu ölkənin gələcək perspektivinin olmadığını bir daha ortaya qoydu. Bunu elə Ermənistan səfərinin üstündən keçməmiş Azərbaycana gələn Rusiya prezidenti Dmitri Medvedevin Bakıda səsləndirdiyi bəyanatlardan da aydın şəkildə görmək mümkün idi. Medvedev Bakıda Ermənistanı aşağılayan bəyanatlar səsləndirməklə bir daha göstərdi ki, Ermənistan Rusiyanın "forpostu" olsa belə, rəsmi Moskva Ermənistana görə Bakı ilə münasibətlərini pozmaqda maraqlı deyil və əksinə, regionun bu iki ölkəsi ilə münasibətlərində balans yaratmağa çalışır. Təbii ki, balans yaratmaq istəyinin özü də Rusiyanın Azərbaycanda olan maraqlarından qaynaqlanır. Azərbaycandan fərqli olaraq, heç bir siyasi və iqtisadi perspektivi olmayan Ermənistan isə yavaş-yavaş dövlət kimi sıradan çıxmaq üzrədir. Məsələ burasındadır ki, dövlət büdcəsini xarici ölkələrdən alınan "dilənçi payı" hesabına təmin edən Ermənistanın bu il himayədarlarından olan gözləntiləri özünü lazımi səviyyədə doğrultmadı. Dünya dövlətlərinin qlobal maliyyə böhranı ilə üzləşməsi Ermənistana ayrılan yardımların həcmindən də təsirsiz ötüşmədi. Qeyd edək ki, Ermənistanın özünün elə bir iqtisadi gəlirləri yoxdur. Bu ölkə keçmiş sovet dövründə yaradılmış sənaye müəssisələrinin əksəriyyəti Ermənistanın Rusiyaya olan borcları müqabilində Moskvanın əlində girovdur. Baxmayaraq ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindəki təbii sərvətlərin, ehtiyatların mənimsənilməsində dövlət səviyyəsində oğurluq edir. Amma ortalıqda olan başqa bir reallıq da var ki, həmin sərvətlərdən gələn gəlirlər Ermənistan rəhbərliyi tərəfindən mənimsənildiyinə görə, bu vəsait dövlət büdcəsinə gedib çatmır. Məlumat üçün onu da deyək ki, hazırda Ermənistanın büdcəsi təxminən 3 milyard dollara yaxındır. Bu isə Azərbaycanın 2010-cu il dövlət büdcəsi ilə müqayisədə bir neçə dəfə az olmaqla yanaşı, təxminən Azərbaycanın hərbi xərclərinə yaxın bir göstəricidir. Amma maraqlı bir məqam da var ki, Ermənistan büdcəsinin xərclərinin istiqaməti və əhalinin sosial durumuna dair bu ölkənin statistika komitəsinin açıqladığı hesabatlardakı rəqəmlər uzlaşmır. Məsələn, rəsmi açıqlamalarda bu il Ermənistanın hərbi xərclərini 34% artıraraq 495,3 milyon dollara çatdığı iddia olunsa da, reallıqda Ermənistan ordusunun dağılmaq üzrə olduğu faktı var və bu yaxınlarda Ermənistan ordusunda baş verən qiyam da bunu təsdiqləyir. Digər tərəfdən isə elə bu yaxınlarda Ermənistanın müdafiə nazirinin müharibə baş verərəsə Ermənistanı öz ordusunun deyil, rus ordusunun müdafiə edəcəyini söyləməsi Ermənistan ordusunun yalnız adının qaldığı barədə fikirlərin rəsmi təsdiqi kimi də qiymətləndirilə bilər. Ermənistanın perspektivsiz və gələcəyi olmayan bir ölkə olduğunu artıq ermənilər özləri də etiraf edirlər. Son on ildə bu ölkədən əhalinin sürətlə xarici ölkələrə axını və xaricdəki erməni diasporunun Ermənistana ianələr toplamaq siyasətini zəiflətməsi də artıq xaricdəki ermənilər tərəfindən idarə olunan və Rusiyanın əlində "oyuncağa" çevrilən Ermənistanın gələcəyi ilə bağlı bədbinliyindən xəbər verir. Ermənistanın gələcək perspektivinin olmamasını deməyə əsas yaradan başqa bir məqam isə xarici ölkələrdən regionda həyata keçirilən layihələrdə Ermənistanın iştirakının təmin edilməsi ilə bağlı israrlı çağırışlarının dayandırılmasıdır. Qeyd edək ki, istər regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli neft-qaz layihələri, istərsə də, Bakı-Tiblisi-Qars dəmir yolu xəttinin çəkilməsi məsələsi gündəmə gələrkən ABŞ və Avropa ölkələri tərəfindən həmin layihələrdə Ermənistanın iştirakı şərt kimi önə çəkilmişdi. Hətta Bakı-Tiblisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı beynəlxalq maliyyə institutlarının maliyyələşmədən imtina etməsində də Ermənistanla bağlı məqam rol oynamışdı. İndi isə vəziyyət dəyişib. Qeyd edək ki, hazırda regionla bağlı iki layihə - "NABUCCO" layihəsi və Azərbaycan qazının Avropaya sıxılmış şəkildə daşınması məsələsi müzakirədə olsa da, bu layihələrdə də Ermənistanın iştirakı nəzərdə tutulmur. Bu isə Ermənistanın gələcəkdə iqtisadi baxımdan heç bir perspektivinin olmayacağını deməyə əsas yaradır. Ermənistanın DQ münaqişəsi ilə bağlı yeritdiyi siyasət də artıq dalana dirənib. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr Ermənistanı işğalçılıq siyasəti ilə bağlı müvəqqəti olaraq BMT Baş Assambleyasında gözlənilən sərt müzakirələrdən müvəqqəti olaraq xilas edə bildilər, amma ilin sonunda Qazaxıstanda keçiriləcək ATƏT-in sammitində rəsmi Yerevan yenidən eyni məsələ qarşısında eyni sualları cavablandırmalı olacaq. Bu baxımdan da ekspertlər indi Ermənistanın və onun rəhbərliyinin çətin vəziyyətdə olduğunu bildirirlər. Ermənistan daxilindəki sosial-iqtisadi problemlərin artıq partlayış həddinə gətirib çıxardığını bildirən ekspertlər, həmçinin, əhalinin zor gücünə işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi siyasətinin də əks-effekt verdiyini bildirirlər. Elə bu yaxınlarda Ermənistan prezidentinin DQ-yə səssiz səfər etməsi və dərhal geri qayıtması da işğal olunmuş ərazilərə köçürülənlərin də sosial problemlərə görə qiyam etməsi və oradan qaçmaları ilə əlaqələndirilir. Bu baxımdan da ekspertlər qarşıdakı perspektivdə Ermənistan və onun rəhbərliyinin ciddi problemlərlə üzləşəcəyini proqnozlaşdırırlar. Ekspertlərə görə DQ münaqişəsi ilə bağlı aparılan siyasətin iflası və ölkə daxilindəki sosial-iqtisadi problemlərdən doğan partlayışlar Ermənistan rəhbərliyini "nokaut" vəziyyətinə sala bilər.

Digər xəbərlər