PDF Oxu

Araşdırma

  • 15

Ermənistanı taxıl böhranından İran çıxaracaq

Ermənistanı taxıl böhranından İran çıxaracaq
Son zamanlar bütün dünyanı bürüyən taxıl böhranı Ermənistanda daha çox hiss edilməkdədir. Belə ki, Ermənistan taxıl təminatını yalnız xarici ölkələrdən idxal olunan taxıl hesabına ödədiyindən, onun işi çox çətinə düşüb. Bu mənada, Rusiyanın da taxıl ixracına qoyduğu qadağa Ermənistanı daha ağır vəziyyət salıb. İşğalçı ölkəni bürüyən iqtisadi böhran ucbatından Ermənistanın digər alternativ ölkələrdən taxıl alması müşkülə çevrilib. İndiyə kimi ona himayədarlıq edən Rusiyanın verdiyi taxılla kifayətlənən Ermənistanın artıq alternativ bir mənbə tapmasına ehtiyac yaranıb. Əlbəttə, bu alternativ də müəyyən tələblər çərçivəsində Ermənistana taxıl verməyə razılıq verəcək. Bu tələblər isə özünü maliyyə vəsaiti şəklində göstərə bilər ki, bu da Ermənistanın imkanlarından uzaqdır. Və yaxud da bu məsələ öz həllini Ermənistanın taxıl alacağı subyektin siyasi maraqlarına cavab vermək şəklində tapa bilər. Yayılan məlumatlardan aydın olur ki, artıq Ermənistan özünə yeni bir alternativ tapıb. Bu alternativ subyektin adı isə İran İslam Respublikasıdır. Rusiya taxıl ixracına qadağa qoyandan sonra Ermənistan şirkətləri İrandan taxıl idxalına başlayıb. Artıq Ermənistan kənd təsərrüfatı nazirliyinin yaydığı məlumata görə, iki ölkə arasında Ermənistana 10 min ton buğdanın verilməsi ilə bağlı müqavilə imzalanıb. Artıq taxılın ilk partiyası da ölkəyə gətirilib. Ümumilikdə, Ermənistan öz iqtisadi əlaqələrini Gürcüstan üzərindən Rusiya ilə və cənubda İranla qurmuşdur. Bu gün Ermənistanın istehlak mallarına və ərzağa olan tələbatının böyük bir hissəsini İran təmin edir. Bununla yanaşı, İran-Ermənistan dəmir yolunun inşası da gündəlikdədir. Apreldə İran və Ermənistan nəqliyyat nazirlərinin imzaladığı sazişə əsasən, artıq gələn ilin yazında yeni nəqliyyat dəhlizinin inşasına başlanılacaq. Bu layihəyə ayrılacaq maliyyə vəsaitinə gəldikdə isə, İran yolun yalnız öz ərazisindən keçən hissəsinə vəsait ayıracağını bəyan edib. Ermənistanın isə bu qədər vəsaiti olmadığından, o, beynəlxalq maliyyə təşkilatlarından kredit götürmək niyyətində olduğunu bildirib. Bu isə layihənin gerçəkləşməsini bir qədər kölgədə qoya bilər. Göründüyü kimi, İranla Ermənistan arasında iqtisadi əlaqələr özünün çoxşaxəliliyi ilə seçilir. Yəni, ölkələr arasında qurulan iqtisadi əlaqələr təkcə ərzaq təhlükəsizliyi ilə məhdudlaşmır. İranın bir sıra şirkətləri də Ermənistana investisiya yatırırlar. Yuxarıda da qeyd etdiyimi kimi, Ermənistanın bütün bu yardımlara cavab vermək üçün lazımi qədər maliyyə vəsaiti olmadığından, onların digər alternativdən istifadə edəcəyi ehtimal olunur. İqtisadi böhrana məruz qalan ölkədə dərinləşən yoxsulluq Ermənistanı digər dövlətlərin təsiri altına düşməyə məhkum edib. Görünür, bundan sonra Ermənistan rəhbərliyi Rusiya ilə yanaşı, ən azından İranın da istəklərini yerinə yetirmək məcburiyyətində olacaq. Bu isə bir dövlət kimi artıq Ermənistanın öz əhəmiyyətini itirməsinə və xarici subyektlərin əlində bir alətə çevrilməsi üçün əsas yaradır. Ermənistan artıq siyasi maraqlarını iqtisadi maraqlarına qurban verir. Başqa sözlə, Ermənistan yaşamaq üçün öz himayədarlarının dediyi ilə oturub durmalıdır. İranın da Ermənistana çörək verməklə bağlı məsələdə tutduğu mövqeyin səbəbini məhz bununla əlaqələndirmək olar. Yəni qonşuluğunda olan dövləti öz maraqlarına cavab verməyə məcbur etmək dünyadan təcrid olunmuş bir dövlət üçün mühüm bir məsələdir.

Digər xəbərlər