PDF Oxu

Araşdırma

  • 13

Ermənistan iqtisadiyyatı tənəzzül ərəfəsində...

Ermənistan iqtisadiyyatı tənəzzül ərəfəsində...
Ermənistanda davam etməkdə olan böhranlı durum ölkəni iqtisadi cəhətdən iflic vəziyyətə salıb. Demək olar ki, hər gün bu böhranın göstərdiyi acı nəticələrlə rastlaşan Ermənistanda bu günlərdə daha bir statistik rəqəm açıqlanıb.
MDB Dövlətlərarası Statistika Komitəsinin açıqlamasına görə, Ermənistanda yanvar-iyul ayları ərzində inflyasiyanın miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz olmuşdur ki, bu da MDB məkanında inflyasiyanın qeydə alındığı ölkələr içərisində ön yerlərdən birini, daha doğrusu, üçüncü yeri tutur. Ölkədə inflyasiyanın bu həddə qalxması Ermənistanda olan acınacaqlı vəziyyətdən xəbər verir.
Ölkənin məhdud iqtisadi imkanlara malik olması, son illər ərzində, demək olar ki, iqtisadi sahədə heç bir inkişafın qeydə alınmaması digər sahələrə də öz təsirini göstərmişdir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti bu ağır sosial-iqtisadi vəziyyətin aradan qaldırılmasında aciz qalıb. Hakimiyyətin varlı oliqarxları dəstəkləməsi və onların bütün sahələrdə monopoliya ilə məşğul olmasına göz yumması ölkənin iqtisadi cəhətdən daha da geriləməsinə səbəb olur. Yəni burada artıq dövlət istəsə də öz imkanlarından istifadə edib, böhranın qarşısını ala bilmir. Günü-gündən dramın qiymətinin aşağı düşməsi onun artıq bir valyuta kimi öz əhəmiyyətini itirdiyini və ölkədəki inflyasiyanın hansı səviyyədə olduğunu göstərmiş olur. Son məlumatlara görə, artıq 1 dollar 368 erməni dramına bərabərdir. Bu göstərici Ermənistan iqtisadiyyatının bugünkü durumunu səciyyələndirir. Hətta ekspertlər Ermənistan valyutasının bu səviyyədə aşağı düşməsini onun "noqdaun" vəziyyətə düşməsi kimi qiymətləndirirlər.
Bir müddət bundan öncə, Ermənistan bankları arasında aparılan sorğunun nəticələri isə, onu deməyə əsas verir ki, Ermənistanda bu durum hələ önümüzdəki bir neçə ayda, hətta bir ildə də davam edəcək. Onlar bildirirlər ki, qarşıdakı 12 ayda inflyasiyanın miqdarı 5,5-5,8 faiz olacaqdır.
Ermənistan dövlət qurumlarının hesabatlarında o da yer almaqdadır ki, Ermənistana qoyulan daxili investisiyaların da miqdarı son dövrlərdə azalmaqdadır. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında ölkəyə qoyulan daxili invesitisiyaların miqdarı 10,6 faiz azalıb. Xarici investisiyaların, demək olar ki, yox səviyyədə olmasından narahat olan Ermənistanda daxili investisiyaların da azalması ölkəni daha çıxılmaz vəziyyətə salıb. Ölkədə investisiya yatırımlarının qoyulduğu sahələrin də az olması iqtisadi yüksəlişin qeydə alınmasının qarşısını alır.
İqtisadi tənəzzülün daha bir göstəricisi işsizliyin artımı ilə bağlıdır. Son statistik məlumatlara görə, ölkədə 84 min işsizin olduğu bildirilir. Əlbəttə, bu, əhalisinin sayı çox olan ölkələr üçün böyük bir göstərici deyil, lakin Ermənistanın əhalisinin də sayının az olması bu rəqəmin nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirmiş olur. Ermənistanda işsizlik probleminin öz həddini aşdığı məlum idi. Ölkəni işsizlik ucbatından tərk edən miqrantların sayı bunu deməyə əsas verir.
Bir sözlə, Ermənistan ağır iqtisadi və sosial böhran içərisindədir. Bunun isə əsas səbəbkarı kimi Ermənistan hakimiyyəti çıxış edir. Onun istər xarici, istərsə də, daxili siyasətdə qeyri- konstruktiv, səmərəsiz, heç bir normalara uymayan mövqe nümayiş etdirməsi Ermənistanın hazırkı acınacaqlı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ölkə daxilində böhranı və çatışmazlıqları aradan qaldırmaq üçün heç bir islahat keçirməyə qadir olmayan Ermənistan rəhbərliyi xarici siyasətdə də qonşuları ilə olan münasibətləri tənzimləmək baxımından irəliyə doğru heç bir addım atmaq niyyətində deyil.

Digər xəbərlər