PDF Oxu

Araşdırma

  • 5

Ermənilərin cəbhə xəttində fəallaşması onların ziyanına olan məsələdir

Ermənilərin cəbhə xəttində fəallaşması onların ziyanına olan məsələdir
Son günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs rejiminin pozulması halları tez-tez müşahidə olunmaqdadır. Bu hal bundan əvvəlki dövrlərdə qeydə alınsa da, son bir neçə gün ərzində ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması artıq bir növ adət halını alıb. Ermənilər iki ölkə arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə riayət etmir və tez-tez ordumuzun mövqelərini odlu silahlardan atəşə tutmağa başlayırlar.
Müdafiə nazirliyinin də yaydığı məlumatlarda sentyabr ayının ilk günlərindən cəbhə xəttində silahlı insidentlərin baş verdiyi təsdiqlənir. Əlbəttə, düşmənin həmləsi əks hücumla yatırılsa da ordumuzun əsgərlərinin şəhid olması faktı da məlumdur. Təbii ki, erməni tərəfi də itkilər vermişdir. Artıq Ermənistan silahlı qüvvələrinin daimi atəşkəsi pozması halları o səviyyəyə çatmışdır ki, buna beynəlxalq strukturlar tərəfindən də reaksiya göstərilməsi vacib məsələyə çevrilmişdir. Belə ki, bu günlərdə bəzi beynəlxalq təşkilatlar bu silahlı insidentlərə öz sərt münasibətlərini bildiriblər. Bu sıradan, ilk növbədə, Avropa Birliyini göstərmək olar ki, bu təşkilatın da Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bir neçə gün bundan öncə regiona səfər etmişdir. Səfər zamanı son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən narahat olduğunu bildirən P.Semnebi bununla bağlı bəyanatla çıxış edib. O, bu cür halların təkrar olunmasının sülh danışıqlarına diqqəti cəmləmək baxımından öz mənfi təsirini göstərdiyini nəzərə çatdırıb. Bunun üçün məsələnin yaxşı istiqamətə yönəldilməsinin vacibliyini qeyd edib. Azərbaycan əsgərinin meyitinin isə hələ də erməni tərəfində qalmasının isə beynəlxalq hüquqlara və insan hüquqlarına riayət olunması çərçivəsində həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. Qeyd edək ki, bir müddət bundan öncə cari ilin iyul ayında cəbhədə baş vermiş güclü silahlı insident nəticəsində Azərbaycan ordusunun giziri Mübariz İbrahimov düşmənin hücumuna cavab verərkən şəhid olmuş, meyiti isə Ermənistan tərəfində qalmışdır. Lakin ermənilər müxtəlif bəhanələr gətirməklə, hadisədən xeyli müddət keçməsinə baxmayaraq, meyiti qaytarmaqdan imtina edirlər.
O ki qaldı Ermənistan tərəfinin son zamanlar cəbhə xəttində aktivləşməsinə, bunu da bir sıra amillərlə bağlamaq olar. Buraya Azərbaycanın diplomatik sahədə, eyni zamanda, hərbi sahədə əldə etdiyi yüksək uğurları və inkişafı göstərmək olar ki, bu məsələ də Ermənistanı xeyli qıcıqlandırır və onu təşviş içərisində saxlayır. Bu səbəbdəndir ki, erməni tərəfi də ara-sıra sanki "mən də varam" demək istəyirmiş kimi, cəbhə xəttində "dişini göstərməyə" çalışır. Lakin təbii ki, onların bu cəhdləri tamamilə uğursuzluqla nəticələnməyə məhkumdur. Çünki bu gün Ermənistan heç bir halda Azərbaycan ordusunun mövqeləri ilə mübarizə aparmaq iqtidarında deyil. İki ölkənin orduları arasında müqayisə olunmaz bir uçurumun yaranması erməni silahlı qüvvələrinin ordumuzla mübarizə apara bilməyəcəyinin faktiki göstəricisidir. Ona görə də, ermənilər bu ağılsız həmlələrindən əl çəkməli və daha çox sülhə meyil etməlidirlər, nəinki hərbə. Çünki bu sahədə onların uğur qazanmaq şansı sıfıra bərabərdir.
Digər bir tərəfdən isə bu silahlı insidentləri Azərbaycanın təklif etdiyi yeni qətnamə layihəsinin BMT-də müzakirə olunması ilə bağlayırlar. Bununla bağlı Ermənistanın siyasi dairələrinin çox ciddi narahatlıq keçirməsi məlumdur. Ekspertlər onların bu narahatlıqlarının özünü məhz baş verən silahlı insidentlərdə göstərdiyini iddia edirlər. Görünür, Ermənistan tərəfi artıq siyasi müstəvidə Azərbaycana məğlub olduğunu boynuna alaraq hərbi sahəyə əl atmağa üstünlük verir. Lakin onlar da yaxşı bilirlər ki, bu, atəşkəs müqaviləsinə ziddir və onun şərtlərini kobud şəkildə pozur.

Digər xəbərlər