Ermənistan - Türkiyə sərhədlərinin açılması məsələsi yenidən gündəmə gətirilib. Amma bu dəfə bir qədər fərqli şəkildə. NATO-nun Ermənistanda keçiriləcək tədbiri çərçivəsində Avroatlantik Alyans rəhbərliyi Türkiyə-Ermənistan sərhədlərinin heç olmasa müvəqqəti olaraq açılmasını təklif edib. Onu da qeyd edək ki, sərhədlərin açılmasının daha çox simvolik xarakter daşıyacağı bildirilir. Bununla belə, artıq həm Türkiyə ictimaiyyətindən, həm də Azərbaycan ictimaiyyətindən bu məsələyə reaksiyalar gəlməyə başlayıb.
Amma məsələnin maraqlı tərəfi Ermənistan-Türkiyə sərhədlərinin simvolik olaraq açılması və ya NATO-nun Ermənistanda keçiriləcək tədbirinə görə belə bir zərurətin yaranması deyil. Maraqlı olan məqam son illər bütün Qərb ölkələrində və beynəlxalq təşkilatlarda Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı məsələlərin xüsusi olaraq önə çəkilməsi və ya buna beynəlxalq ictimaiyyətin xüsusi "diqqət" göstərməsidir.
Sərhədlərin açılması kimə lazımdır?
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi müstəvisində qapadılan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının ortaya atılması ilə bağlı müxtəlif versiyalar olsa da, çox maraqlıdır ki, bu məsələ Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın yadına 2008-ci ildə düşdü. Qeyd edək ki, son iki ilə qədər də ayrı-ayrı beynəlxalq təşkilatlardan, ABŞ Konqresindən, Avropa Birliyindən Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün çağırışlar olsa da, bu məsələ rəsmi Ankara qarşısında bu qədər qəti və israrlı şəkildə qoyulmamışdı. Baxmayaraq ki, Qərb ölkələrində "erməni sevgisi" hər zaman olub və bu gün də o siyasət davam edir. Digər tərəfdən isə Ermənistan keçmiş SSRİ- nin dağılmasından sonra da Rusiyanın "forpostu"na çevrildiyindən Ermənistanın Qərb ölkələrinin region maraqlarının təminatında heç bir əhəmiyyəti və rolu olmadığı hər kəsə məlumdur. Eyni zamanda, Ermənistan ehtiyatlar baxımından zəngin olmayan və dilənçi bir ölkə olduğundan, hansısa Qərb şirkətlərinin gəlib Ermənistana investisiya qoymaq fikrində olması da reallıqdan çox-çox uzaq olan məsələdir. Ən azından ona görə ki, Ermənistanın yoxsul və dilənçi ölkə olduğunu bu gün Türkiyədən bu ölkə ilə sərhədləri açmağı tələb edən Qərb ölkələrinin rəhbərləri də, həmin ölkələrdəki aparıcı şirkətlər də yaxşı bilirlər. Çünki həmin ölkələrin özləri hər il Ermənistana dilənçi payı ayırırlar. Belə olan halda sual yarana bilər ki, Qərb ölkələri Ermənistanı Türkiyə ilə yaxınlaşdırmaqla nəyə nail olmaq istəyirlər.
Onu da qeyd edək ki, sərhədlərin açılması ilə bağlı söhbətlər ortaya atıldıqdan sonra bu addımın atılmasını zəruri edən amillərdən biri kimi Türkiyənin Ermənistanla ticari əlaqələr qurması sayəsində bu ölkədə özünə yeni bazar tapa biləcəyi göstərilir. Lakin bu da digər versiyalar kimi ağlabatan və məntiqli görünmür. Çünki hər hansı ölkənin başqa ölkədə özünə bazar tapması üçün, ilk növbədə, həmin ölkənin maliyyə vəsaiti olmalıdır. Ermənistan isə bu gün istər əhaliin gəlirləri, istərsə də öz gəlirləri baxımdan dünyanın ən geridə qalan ölkələri ilə bir sırada dayanır. Eyni zamanda, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Ermənistanın Türkiyə vasitəsi ilə Qərbə inteqrasiya edəcəyi barədə deyilənlər də inandırıcı görünmür.
Birincisi, Ermənistanın Rusiyadan qopması ona görə mümkün deyil ki, Ermənistan digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq müstəqil siyasət apara bilmir və tamamilə Moskvadan asılıdır.
İkincisi, belə bir imkanlar olsa belə, Ermənistan Rusiyadan qopmaqda maraqlı deyil. Ən azından bir fakta görə ki, bugünkü Ermənistan dövləti Rusiya imperiyasının digər Cənubi Qafqaz ölkələrindən qopardığı ərazilər üzərindədir. Ermənistanın işğalçılıq siyasətinə Rusiya tərəfindən dəstək bu gün də davam etdirilir. DQ münaqişəsinin həlli ətrafındakı vəziyyət buna nümunədir. Türkiyə-Ermənistan sərhədlərinin açılması isə, ümumiyyətlə, Rusiyanın marağında deyil.
Qərb aləmi sərhədləri açmaqla nəyə nail olmaq istəyir?
Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə bağlı təşəbbüslər Avropadakı və ABŞ-dakı erməni diasporunun beynəlxalq təşkilatların təmsilçilərinə təsirləri sayəsində gündəmə gətirilsə də, əvvəllər bu daha çox bu məsələni qaldıran şəxslərin "öhdəlik borcu" xarakteri daşıyırdı. Son iki ildə Birləşmiş Ştatlar tərəfindən məsələnin Türkiyə qarşısında sərt şəkildə qoyması daha çox siyasi xarakter daşısa da, ötən il baş verən proseslərin nəticəsi olaraq Qərb dövlətləri Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilmədilər. Hər iki ölkə bütün gərginliklərə baxmayaraq, sınaqdan uğurla çıxa bildi. Bu baxımdan da bu dəfə məsələnin NATO tərəfindən ortaya atılması birmənalı qarşılanmır. Çünki NATO siyasi yox, hərbi təşkilatdır. Digər tərəfdən isə Türkiyədən fərqli olaraq, Ermənistan NATO-nun üzvü deyil. Ermənistanın NATO ilə tərəfdaşlıq edən ölkələr sırasında adı olsa da, bu ölkə Rusiya ilə hərbi müttəfiqlik sazişi bağlamaqla və NATO-ya qarşı Moskvanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olmaqla Avratlantik Alyansa inteqrasiyada maraqlı olmadığını ortaya qoyub. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, bu, NATO-nun Ermənistanda keçirdiyi birinci tədbir deyil. Belə olan halda, məlum olur ki, Avratlantik Alyans rəhbərliyinin Türkiyədən simvolik olaraq "sərhədləri açmaq ricası"nın arxasında tamamilə başqa məqamlar dayanır.
Qərb dairələri türk - müsəlman ölkələri arasında ixtilaf salmağa çalışır
Son illər türk ölkələrinin bir araya gəlməsi, bir sıra beynəlxalq məsələlərdə birgə mövqe nümayiş etdirməsinin Qərb aləmində birmənalı qarşılanmadığını deyən ekspertlərin qənaətincə, sərhəd məsələsinin ortaya atılması bir məqsədə bağlıdır. Türk-müsəlman ölkələri arasında ixtilaf yaratmaq və bundan istifadə edərək həmin ölkələrdə öz maraqlarını təmin etmək. Burada əsas hədəf olaraq Azərbaycan-Türkiyə münasibətlərinin seçilməsi də təsadüfi deyil. Türkiyə regionun güclü və inkişaf etmiş dövləti olmaqla yanaşı, dünyada öz sözünü deyə bilən nüfuzlu ölkədir. Türkiyənin təkcə türkdilli ölkələr deyil, müsəlman dövlətlərində də kifayət qədər güclü nüfuzu var. Eyni zamanda, müstəqilliyini əldə etdiyi gündən daima Türkiyənin dəstəyini öz üzərində hiss edən Azərbaycan da artıq regionun inkişaf etmiş dövlətinə çevrilib. Bu, bir həqiqətdir ki, bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın mövqeyi əsas və həlledicidir. Bu baxımdan da, Qərb dairələrinin Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsini ortaya atması heç də Ermənistanın inkişafı və Avropaya inteqrasiyası ilə bağlı olan məsələ deyil. Görünən odur ki, Qərb dairələrini narahat edən əsas məsələ regionda güclü türk birliyinin yaranması ilə bağlıdır. Türkiyənin son illər öz siyasətində Qərbin maraqları ilə hesablaşmaması, Azərbaycanın isə müstəqil siyasət aparması gələcəkdə türk birliyinin dünyada söz sahibi olması ilə nəticələnə bilər ki, bu da istər-istəməz bəribaşdan həmin dairələri narahat edir. Ona görə də istər beynəlxalq təşkilatlarda, istərsə də ayrı-ayrı ölkələrin Türkiyə ilə münasibətlərində bu məsələ yeri gəldi-gəlmədi ortaya atılır. Bu baxımdan da, indi sərhədlərin açılması ilə bağlı Türkiyənin qəti və sərt mövqe ortaya qoyması zəruridir.