PDF Oxu

Araşdırma

  • 15

Rusiya Cənubi Qafqazda imperiya siyasəti aparır

Rusiya Cənubi Qafqazda imperiya siyasəti aparır
Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya edilməsi və hərbi-texniki əməkdaşlığın müddətinin uzadılması ilə bağlı tərəflər arasında imzalanan saziş Azərbaycanda birmənalı qarşılanmadı. Qeyd edək ki, Rusiya tərəfindən belə bir addımın atılacağı ilə bağlı gözləntilər əvvəlcədən mövcud olsa da, rəsmi Moskva Ermənistandakı hərbi mövcudluğunu daha da möhkəmləndirərək, bu ölkənin Cənubi Qafqazda onun "forpostu" olduğunu bir daha açıq və nümayişkaranə şəkildə ortaya qoydu. İmzalanan müqaviləyə əsasən daha 35 il Ermənistan Rusiyanın "forpostu" olaraq qalacaq. Rəsmi Moskva Ermənistandakı hərbi mövcudluğunun müddətinin artırılmasını regionda yarana biləcək təhlükəsizlik risqlərinin ortadan qaldırılması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMŞ) fəaliyyətinin daha da genişləndirilməsi ilə izah etsə də, reallıq budur ki, Rusiya bölgədə hərbi baxımdan qalmaqla digər Cənubi Qafqaz ölkələri üçün təhlükəsizlik risqlərini daha da artırmış oldu. Cənubi Qafqaz regionu ilə bağlı hələ də imperiya siyasəti yeridən Rusiyanın bu addımı bölgə ölkələrini də öz təhlükəsizliklərinin təminatı baxımdan bir sıra vacib addımlar atmaq məcburiyyətində qoyur. Çünki Rusiyanın Ermənistandakı hərbi bazasının qalması rəsmi Moskvanın bu bazanın adı altında Ermənistanı sürətlə silahlandırması ilə müşayiət oluna bilər ki, bu da, öz növbəsində, digər region ölkələrinə öz hərbi potensialını artırmaq zərurəti yaradır. Regionda gedən sürətli silahlandırma isə qarşıdakı perspektivdə regiondakı münaqişə ocaqlarının yenidən alovlanmasına gətirib çıxara bilər. Artıq bununla bağlı praktiki təcrübə də var. İki il əvvəl Gürcüstanın Abxaziya və Cənubi Osetiyadakı separatçı qüvvələrə qarşı apardığı antiterror əməliyyatlarına müdaxilə edən rəsmi Moskva yaranmış qarışıqlıqdan istifadə edərək öz hərbi bazalarını həmin ərazilərdə yerləşdirməklə, faktiki olaraq, Gürcüstan ərazisini işğal etdi. Qərbin baş verənlərə lazımi tərzdə müdaxilə etməməsi və Rusiyanın kobud davranışları üzərindən mülayimliklə ötüşməsi Moskvada region ölkələrinə qarşı olan iddiaları daha da artırıb. Bu baxımdan Rusiyanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı yenidən silahlandırması Azərbaycan üçün təhlükəsizlik risqlərini artırır. Baxmayaraq ki, Rusiya Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkədir. Rəsmi Moskvanın regionda münaqişənin başlanacağı təqdirdə, Ermənistanın sərhədlərinin Rusiya hərbiçiləri tərəfindən qorunacağını bəyan etməsi Azərbaycana açıq şəkildə verilən mesaj və ya təhdid kimi qiymətləndirilə bilər. Onu da qeyd edək ki, Rusiyanın apardığı siyasət nəticəsində regionda yaranmış hazırkı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyəti daha da mürəkkəbləşdirib. Çünki Rusiya açıq şəkildə münaqişənin nə sülh, nə də hərb yolu ilə həllinə imkan vermək niyyətində olmadığını ortaya qoyub. Çox maraqlıdır ki, Ermənistanı açıq şəkildə silahlandırmağa başlayan Rusiyanın siyasəti dəyişməyib. Moskvanın bugünkü davranışları bir növ keçmiş Rusiya imperiyasının 1905-ci ildə Cənubi Qafqazda apardığı siyasətin təkrarıdır. Bu ölkənin ATƏT-in Minsk Qrupunda həmsədrlik fəaliyyəti də aydın deyil. Digər həmsədr dövlətlər kimi Rusiyanın da əsas missiyası münaqişənin nizamlanmasına kömək etmək və tərəflər arasında vasitəçilik etmək olsa da, Rusiya faktiki olaraq, bu qrupdakı dağıdıcılıq missiyasından çıxış edir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən hazırlanmış yenilənmiş Madrid təklifləri ilə bağlı aparılan danışıqlarda ortaya "Sankt-Peterburq təklifləri" adlı məsələ atmaqla fasilə yaratmağa nail olan rəsmi Moskva Ermənistanla hərbi- siyasi müqavilənin müddətini uzatmaqla DQ münaqişəsinin nizamlanması ilə bağlı hərb variantının seçiləcəyi təqdirdə, münaqişəyə qatıla biləcəyinə də açıq şəkildə mesaj verdi. Baxmayaraq ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri Ermənistan sərhədlərindən çox-çox uzaqdadır və Rusiyanın bu məsələyə müdaxiləsi beynəlxalq hüququn norma və prinsiplərini pozmaq deməkdir, amma ortalıqda Gürcüstan nümunəsi var. Hazırkı vəziyyəti təhlil edən siyasi analitiklər isə Rusiyanın Ermənistanı yenidən silahlandırmaq istiqamətində qərarlar qəbul etməsini və bölgə ölkələrinə qarşı imperialist siyasət yeritməsini həm də Moskvanın Qərbə mesajı kimi dəyərləndirirlər. Ermənistandan fərqli olaraq, regionun digər iki ölkəsi - Azərbaycan və Gürcüstanın Avropaya inteqrasiya etdiklərini bildirən ekspertlərə görə, həm Azərbaycan, həm də Gürcüstan Qərb üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən ölkələrdir. Eyni zamanda, Rusiyanın bölgə ölkələri üçün təhlükəsizlik risqlərini artırması Qərb şirkətlərinin buradakı enerji layihələri ilə bağlı da müəyyən risqlər yaradır. 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələr zamanı BTC-nin Türkiyə ərazisində partladılması və neft qatarlarının hərəkəti ilə bağlı yaranmış problemlər buna nümunə sayıla bilər. Bu baxımdan da ekspertlər Rusiyanın Cənubi Qafqaz ölkələrinə yaratdığı təhlükəni azaltmaq üçün Qərb tərəfindən müəyyən adekvat addımların atılmasını zəruri sayırlar. Həmçinin, hesab olunur ki, region ölkələrinin Avratlantik məkana inteqrasiyasını sürətləndirmək üçün də bir sıra zəruri qərarların qəbul edilməsinə ehtiyac var. Məlumat üçün deyək ki, Azərbaycan və Gürcüstanın NATO ilə tərəfdaşlıq etməsinə baxmayaraq, bu ölkələr heç bir hərbi blokda təmsil olunmurlar. Bu baxımdan da yaranmış situasiyada hər iki ölkə öz hərbi müttəfiqini axtarmaq məcburiyyətindədir. Hazırkı şəraitdə Azərbaycan üçün ən yaxşı hərbi müttəfiq Türkiyə görünsə də, hələ ki, tərəflər bununla bağlı qəti addım atmağa meyilli görünmürlər. Odur ki, regionda gedən sürətli silahlanmanın qarşıdakı perspektivdə hərbi toqquşmalara aparıb çıxara biləcəyini istisna etmək olmaz.

Digər xəbərlər