PDF Oxu

Araşdırma

  • 10

Türkiyə-Ermənistan sərhədi açılacaqmı?

Türkiyə-Ermənistan sərhədi açılacaqmı?
"Türkiyə-Ermənistan sərhədlərinin sentyabr ayına qədər açılacağı gözlənilir". Bu başlıqlı xəbərlər yenidən Azərbaycan, Türkiyə və Ermənistan mediasının gündəmindədir. Məsələnin gündəliyə gəlməsinin səbəbi Türkiyə Xarici İşlər Nazirliyinin Qars və İqdır icra hakimiyyətlərinə göndərdiyi sorğu oldu. Türkiyə XİN-in Qars və İqdır icra hakimiyyətlərinə göndərdiyi "Ermənistanla sərhədlər açılarsa, hazırlıqlar neçə günə tamamlanar" sorğusu Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağı müzakirələrini gündəmə gətirdi".
Məsələyə aydınlıq gətirmək üçün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça verilən suallara səfir qənaətbəxş cavab vermədi. Kılıçın Ermənistanda keçiriləcək NATO təlimləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılacağı ilə bağlı açıqlaması ətrafında yaranan narahatlıq davam edir. Səfirin sözlərinə görə, bu təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir.
"Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə, hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir. Türkiyənin Ermənistanla bağlı olan sərhədinin açılması məsələsindəki mövqeyində heç bir dəyişiklik yoxdur".
Maraqlıdır ki, son günlər Ermənistan və Türkiyə münasibətlərinin bərpası üçün nəzərdə tutulmuş Sürix protokolları ilə bağlı məsələ yenidən gündəmə gəlməyə başlayıb. Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi açıqlama isə sözügedən məsələni yenidən aktuallaşdırıb.
Qeyd edək ki, sentyabr ayında da Türkiyə və Ermənistanda 2 mühüm hadisə var. Bunlardan biri- sentyabrın 17-də Vanda 2007-ci ildə təmirdən çıxan Akdamar erməni kilsəsində dini mərasim olacaq və dünyanın bir çox ölkəsindən buraya ermənilər gələcək. Ermənistandan da yüksək rütbəli dövlət adamlarının mərasimə gəlmək ehtimalı "sərhəd qapıları açılacaq" iddiasını gündəliyə gətirdi. Çünki 2007-ci ildə bu kilsənin açılışına Ermənistan mədəniyyət naziri, "qapılar açılsın, gəlim" şərtini qoymuşdu.
İkinci olaraq isə NATO-nun Ermənistanda keçiriləcək zəlzələyə qarşı insani yardım təlimində NATO texnikasının Ermənistana getməsi üçün Türkiyə- Ermənistan quru sərhədlərinin açılmasıdır. Lakin Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ATƏT xarici işlər nazirlərinin Almatıdakı qeyri-rəsmi yığıncağında bu iddiaları yalanladı və sərhədin açılmayacağını açıqladı.
Buna baxmayaraq, Türkiyənin son dövr davranışları, Ermənistanla sınırlarının gizli şəkildə açılacağı ilə bağlı şübhələri artırmağa başlayıb. Abdullah Gülün Bakıda Prezident İlham Əliyevlə keçirilən görüş sonrası mətbuat konfransında bu sualı cavabsız qoyması müəyyən şübhələr yaratdı.
Bu haqda söhbətlər ABŞ dövlət katibinin bölgəyə etdiyi səfərindən sonra genişlənməyə başlayıb. Hillari Klintonun son Qafqaz səfəri zamanı işlətdiyi ifadələrdən daha çox mətləblər üzə çıxdığı ABŞ dövlət katibinin "Ermənistan üzərinə düşəni etdi, top artıq Türkiyədədir" sözlərini işlətməklə durum daha da aydın şəkil aldı.
Xatırladaq ki, Türkiyə ötən il imzalanan sənədlərdən sonra bəyan etdi ki, protokollar parlamentlərdə ratifikasiya edildikdən sonra sərhədlər açılacaq. Lakin Ermənistan parlamenti bu sənədləri ratifikasiya etmədi və bu məsələ alınmadı.
Türkiyəli ekspert Oktay Ekşi bununla bağlı yazır: "O zaman Türkiyə Azərbaycan torpaqları işğaldan azad edilməyincə, protokolları qəbul etməyəcəyini açıqlamışdı. Hətta baş nazir Rəcəb Tayyib Ərdoğan bu vədi Bakıda parlament kürsüsündən bəyan etmişdi. Amma buna rəğmən, həmin məsələ də diqqətə alınmamaqdadır. Görülən isə odur ki, AKP hökuməti, həqiqətən də, bir oyun çıxarır və yaxın vaxtlarda sərhədlər açılacaq. Yəqin ki, bunun üçün də bir bəhanə taparlar".
Oktay Ekşi deyir ki, AKP hökumətinin "qırmızı çizgilər"indən biri buxarlaşmağa başlayıb. "Türkiyə hökuməti Qars valiliyinə bir məktub göndərir və sərhədə qədər uzanan yolun neçə müddətə hazır ola biləcəyini soruşur. Bununla bağlı XİN nümayəndələrinə verilən suallara da tutarlı cavab yoxdur. Hər halda, "sözün hamısını qanmaza deyərlər". Biz də qanmaz deyilik və başa düşürük ki, söhbət nədən gedir və bu adamlar niyə söhbətdən qaçırlar".
Ekşi daha sonra proseslərin hansı istiqamətdə gedə biləcəyi ilə bağlı fikirlərini də açıqlayıb. O deyib ki, NATO təlimləri ilə bağlı sərhədlərin açılması prosesin başlanğıcıdır və bu bəhanələrin önündə gəlir. "AKP hökuməti NATO təlimləri adı altında qapıları açdıqdan sonra, sentyabrın 19-da Akdamar kilsəsinin açılış mərasimi üçün üçgünlük prosesi daha yubadacaq. Bundan sonra isə deyəcəklər ki, "Onsuz da bir dəfə açıq qoyduq qapını, indi də davam etsin". Baş verənlərə bizim hökumətin yanaşması və qərarları ilə izah vermək mümkün deyil. Çünki təpədən-dırnağa yanlışlıqla doludur".
Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin Qafqaz üzrə mütəxəssisi Göknur Akçadağın fikrincə, Türkiyə sentyabr ayında sərhədləri açacaq. Ardından isə Akdamar kilsəsinin açılışı üçün sərhədləri bir müddət daha açıq saxlayacaqlar. "Hərçənd Ankara hökuməti bu barədə bir o qədər dərin bilgi vermir. Amma işin görünən tərəfi odur ki, Türkiyə Ermənistanla "səssiz diplomatiya"dan gurultulu münasibətlərə yaxınlaşır".
Ekspert deyir ki, Qafqazda durum dəyişmək üçün münaqişələrin həlli zəruridir. Həmin münaqişələr sırasında Türkiyə-Ermənistan əlaqələrini də göstərən Akçadağ vurğulayır ki, hazırkı məqamda davam edən proseslərdən böyük ümid bəsləməyə dəyməz. "Qafqazda hər şeyi dəyişmək üçün, ilk növbədə, Qarabağ məsələsini həll etmək lazımdır. Ermənistanın protokol məsələsini yenidən gündəmə gətirməsi, xüsusən də, Qarabağ danışıqları ilə bağlı Almatıda keçirilən görüşdə nəticə əldə edilmədikdən sonra üzə çıxarılması, onu deməyə əsas verir ki, Yerevan yeni bir oyun oynayır. Amma Qarabağ münaqişəsi həll olmadan digər problemlər də aradan qalxmayacaq".
Bütün bunlara baxmayaraq, düşünmək olar ki, Türkiyə prezidenti, baş naziri və digər yüksək rütbəliləri Türkiyə dövləti adından Azərbaycana verilmiş sözü tutacaqlar. Çünki Türkiyə yetkililərinin dedikləri dövlətin rəsmi mövqeyidir və dəfələrlə açıq ifadə olunan bu mövqeni dəyişdirməyə əsas yoxdur. NATO təlimlərində yüklərin daşınması üçün digər variantı- Gürcüstan sərhədini də seçmək olar. Burada daşınmalarda nəqliyyat xərclərinin bir qədər artıq olacağı haqda bəhanələr də yersiz olardı. Ən azı Azərbaycan bu fərqi ödəyəcək qədər yanacağı NATO-ya hədiyyə edə bilər və bununla da məsələyə son qoyular.

Digər xəbərlər