Separatçı rejim ermənilərin Dağlıq Qarabağı tərk etməsinin qarşısını ala bilmir
Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etdikdən sonra burada süni şəkildə erməniləri yerləşdirməyə başladılar. Əlbəttə, burada yerləşdirilən ermənilər üçün heç bir şərait yaradılmamış, onlar buraya zorla köçürülmüşdülər. Bu addımın atılmasının heç şübhəsiz, siyasi məqsədlər güddüyü də məlumdur. Dağlıq Qarabağ torpaqlarını öz adlarına çıxmaq, qədim erməni torpaqları kimi təqdim etmək məqsədi güdən bu proses ermənilərin acınacaqlı bir vəziyyətdə Dağlıq Qarabağda yaşamalarına səbəb olmuşdur. Heç bir infrastrukturun olmadığı bir ərazidə yaşamağın da çətinliyini nəzərə alanda sadə erməni vətəndaşlarının düşdüyü vəziyyəti anlamaq olar.
Dağlıq Qarabağda yaşayan ermənilər daim öz vəziyyətlərindən şikayətlənmiş, onların dolanışıqlarının artıq sıfır səviyyəsinə endiyini bildirmişlər. Sosial problemlərlə yanaşı, ictimai-siyasi vəziyyətin də sabit olmaması, Dağlıq Qarabağ ərazisində özbaşınalığın hökm sürməsi də erməniləri narazı salan amillərdəndir. Onlar, hətta dəfələrlə burada yaşamaq istəmədiklərini, lakin bəzi qüvvələr tərəfindən bunun üçün məcbur olunduqlarını bildirmişlər. Dağlıq Qarabağ ermənilərinin sözlərinə inansaq, demək olar ki, hətta burada elə bir rejim hökm sürür ki, könüllü şəkildə vilayəti tərk etmək istəyənlərə icazə verilmir, onlara buranı tərk edəcəkləri təqdirdə, zor tətbiq edecəkləri bildirilirdi. Son günlərdə yayılan məlumatlardan aydın olub ki, separatçı rejimin rəhbərliyi artıq ermənilərin Dağlıq Qarabağı tərk etməsinin qarşısını ala bilmir. Həmçinin, o da bildirilir ki, son aylarda Dağlıq Qarabağı tərk edən ermənilərin sayı iki dəfədən çox artıb. Bu proses Qarabağda mənzillərin qiymətlərinə və iqtisadi göstəricilərə də öz mənfi təsirini göstərməkdədir. Yerli hakimiyyətin bu prosesin qarşısını almaq cəhdləri isə uğursuzluğa düçar olub.
Bu cür hallar bundan əvvəlki illərdə də qeydə alınıb. Qeyd etdiyim kimi, qondarma qurumun rəhbərliyi bunun qarşısını almağa cəhd göstərsə də, bu, son nəticədə uğursuzluqla nəticələnib. Hətta proses o qədər ciddi bir məzmun kəsb etməyə başlayıb ki, bu məsələ separatçıların liderini də narahat etməyə başlayıb. Onun Qarabağdan köçən erməniləri öz yerlərinə qayıtmalarına təşviq etmək üçün Rusiyanın bəzi vilayətlərinə səfər etməsi də məlumdur. Qondarma respublikanın lideri B.Saakyan onlara bir sıra vədlər verib, geri qaytarmağa çağırsa da, bu, heç bir nəticə verməyib. Lakin son dövrlərdə bu tip halların qeydə alınmasını ermənilər bir sıra səbəblərlə əlaqələndirirlər. Belə ki, Dağlıq Qarabağ ətrafında gedən danışıqlar və Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlar ermənilərin Dağlıq Qarabağdan köçməsi üçün daha böyük zəmin yaratmışdır. Belə iddia olunur ki, Dağlıq Qarabağda yaşayan ermənilər danışıqlar prosesində Azərbaycan tərəfinin münaqişənin hərbi yolla həlli ilə bağlı verdiyi bəyanatlardan qorxaraq, buradakı ev-eşiklərini tərk etməyə başlayıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz bəyanatlarında problemin danışıqlar yolu ilə həlli mümkün olmadığı təqdirdə, müharibənin başlanmasının qaçılmaz olacağını və Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etmək iqtidarında olduğunu bildirmişdir. Ümumiyyətlə, ölkədə olan müharibə əhval-ruhiyyəsi də erməniləri qorxudan amillər sırasındadır. Xüsusilə, Dağlıq Qarabağ erməniləri müharibənin başlayacağı təqdirdə, ilk zərbənin onlara dəyəcəyindən ehtiyat edərək buranı tərk edirlər.
Dağlıq Qarabağda yaradılmış yerli hakimiyyət isə bundan böyük narahatlıq keçirərək sakinləri öz yerlərinə qaytarmağa cəhd edirlər. Onlar bunu həm təhdid, həm də müxtəlif vədlər verməklə həyata keçirirlər. Qondarma respublikanın rəhbərliyi yerli əhalini narahat olmamağa, müharibə olmayacağına əmin etsə də, onlar buna inanmırlar. Görünür, son zamanlar bu hal o qədər yüksək həddə qalxıb ki, onun qarşısını almaq mümkün olmayıb. Yəni ermənilərin Dağlıq Qarabağı tərk etməsi artıq Ermənistan üçün qlobal bir problemə çevrilib. Bununla mübarizə aparmaq isə mümkünsüz görünür. Belə olan təqdirdə, qondarma qurumun mövcud olması üçün heç bir əsas qalmır. Bir tərəfdən Dağlıq Qarabağın erməni əhalisinin buranı tərk etməsi, digər tərəfdən isə Dağlıq Qarabağda yerləşdirilən erməni silahlı qüvvələrinin dağılmasının günü-gündən daha da labüdləşməsi qondarma respublikanın dağılmasını şərtləndirmiş olur. Beləliklə, ermənilərin köçməsindən sonra burada yalnız ermənilər tərəfindən yaradılmış yerli rəhbərliyin qalmasının da bir mənası qalmır. Odur ki, indi ermənilərin qarşısında duran əsas yol Dağlıq Qarabağı tərk etmək və Azərbaycanın ərazi bütövlüyü prinsipinə uyğun olaraq torpaqlarımızı qaytarmaqdır. Yalnız bundan sonra Dağlıq Qarabağ insanların yaşaması üçün əlverişli bir əraziyə çevrilə bilər.