PDF Oxu

Araşdırma

  • 20

Ermənistan ağır böhranlı vəziyyətdən əziyyət çəkir

Ermənistan ağır böhranlı vəziyyətdən əziyyət çəkir
Ermənistanda müşahidə olunan ağır sosial-iqtisadi durum günü-gündən daha da dərinləşməkdədir. Böhranlı vəziyyət artıq ölkənin hər tərəfinə yayılmaqla bütün sahələri əhatə etməkdədir. Bu gün demək olar ki, Ermənistanda hər bir insan bu böhrandan əziyyət çəkir. Ölkəni öz cənginə almış sosial-iqtisadi böhran bilavasitə digər sahələrə və insanların yaşayış tərzinə təsir etməklə Ermənistanı iflic vəziyyətə salıb. Bu acınacaqlı vəziyyətdən əziyyət çəkənlər isə tək xilas yolunu ölkədən qaçmaqda görürlər. İşsizlik, evsizlik, sosial rifahın təmin olunmaması, iqtisadi və maliyyə çətinliyi insanları öz ölkələrindən köçməyə və qaçqın statusu alaraq digər ölkələrdə yaşamağa sövq edir. Ermənistanı tərk edən vətəndaşların sayı durmadan artır. Bu statistika Ermənistanın müvafiq orqanları tərəfindən də açıqlanmışdır. Hətta BMT də son miqrasiya ilə bağlı hesabatında dünyada ən çox öz ölkəsini tərk edən və qaçqın statusu alan millətlər içərisində ermənilərin sayının çox olduğunu göstərir. Bu statistikanı nəzərə alaraq, demək olar ki, onsuz da əhalisinin sayı az olan Ermənistanda bir neçə ildən sonra adam tapmaq çətin olacaq. Bu isə, birmənalı olaraq, Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyan məsələdir. Yəni vətəndaşlarının ölkəni tərk etdikdən sonra dövlətin hansı işlə məşğul olacağı maraqlıdır. Əslində, Ermənistan dövləti heç bir zaman ölkəni idarə etmək bacarığında iqtidarında olmayıb. Ölkənin düşdüyü ağır sosial-iqtisadi və siyasi vəziyyət təbii olaraq ölkənin gəlirlərinin də azalmasına səbəb olmuşdur. Bundan irəli gələrək ölkənin daxili tələbatlarını ödəyə bilməyən Ermənistan hökuməti ölkədə baş qaldıran iqtisadi anarxiyanın və özbaşınalığın da qarşısını almaqda çətinlik çəkir. Belə bir vəziyyətin yaranmasına səbəb bir tərəfdən Ermənistanın daxili iqtisadi resurslarının çatışmazlığıdırsa, digər tərəfdən isə Ermənistan dövlətinin yeritdiyi qeyri-konstruktiv xarici siyasətdir. Ermənistanda hökm sürən acınacaqlı vəziyyət ölkənin uçuruma doğru yuvarlanmasını artıq qaçılmaz edir. Artıq özünün heç bir iqtisadi potensialı qalmayan Ermənistanın öz xarici himayədarları hesabına, beynəlxalq təşkilatlardan aldığı ianələr hesabına ayaq üstündə durması açıq şəkildə görünən bir faktdır. Bunu onlar özləri də yaxşı bilir və hesabatlarında təsdiq edirlər. ABŞ, Fransa, İran, Rusiya və s. kimi dövlətlərin hökumət və qeyri-hökumət orqanları tərəfindən ayrılan vəsaitlər hesabına dolanan Ermənistan bu gün öz yaşayışını məhz onların hesabına qurmuşdur. Burada xüsusilə Rusiyanın adını çəkmək lazımdır. Ermənistanı heç təsadüfi deyil ki, bəzən Rusiyanın bir vilayəti kimi də adlandırırlar. Bütün ictimai-siyasi və iqtisadi həyatını Rusiya rəhbərliyinin göstərişlərinə əsasən quran Ermənistanın tələbatlarının da ödənilməsi məhz bu ölkənin yardımı ilə baş tutur. Bu səbəbdən də istər daxili, istərsə də xarici siyasətində heç bir müstəqil addım ata bilməyən Ermənistan bütövlükdə Rusiyadan asılı vəziyyətdə qalmışdır. Ermənistan rəhbərliyinin bu siyasəti ölkə daxilində də böyük bir etirazla qarşılanmaqdadır. Göründüyü kimi, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi vəziyyət ölkəni bütövlükdə təşvişə salmışdır. Böhranlı vəziyyətin yaratdığı problemlər ölkədə ictimai-siyasi vəziyyətin və sabitliyin pozulmasına gətirib çıxarmışdır. Ölkə rəhbərliyi isə bu vəziyyəti aradan qaldırmaq üçün heç bir iş görmək niyyətində və ya görə bilmək iqtidarında deyil. Xarici dövlətlərdən asılı vəziyyətə düşmüş hakimiyyət müstəqil qərarlar qəbul etmək bacarığına malik deyil. Bu üzdən də ölkənin düşdüyü ağır vəziyyətdən çıxarılması hələ ki, mümkün görünmür. Bunun üçün ən azı Ermənistanın müstəqil olması gərəkdir. Bu müstəqilliyin isə həm siyasi, həm də iqtisadi sahələrdə olması vacibdir.

Digər xəbərlər