PDF Oxu

Araşdırma

  • 22

Cəhənnəmdən cənnətə könüllü təslim

Cəhənnəmdən cənnətə könüllü təslim

Ermənistan ordusunda yaranmış ağır durum əsgərlərin mənəvi-psixoloji durumuna sarsıdıcı təsir göstərir. O dərəcədə ki, erməni əsgərləri düşmən tərəfdə nicat axtarmağa başlayıblar. Son illərdə Ermənistanın işğal etdiyi və cəhənnəmə çevirdiyi Azərbaycan ərazilərində xidmət edən erməni əsgərlərin son çarə olaraq Azərbaycan tərəfə keçmələri yaranmış durumu açıq-aydın ortaya qoyur. Yoxsulluq və xəstəliklər şəraitində "yaşayan" erməni əsgərləri aclığa və işgəncələrə dözməyərək "cənnətə" üz tutmaqdan başqa yol görmürlər.
Cəhənnəmdən uğurlu qaçış

"Ermənistana qayıtsam, yüz faiz bilirəm ki, məni ölüm gözləyir. Çünki Serj Sarkisyan məni öldürtdürəcək. Azərbaycanda qalmaq, ya da üçüncü ölkəyə getmək mənim üçün daha yaxşı olar". Bu sözləri Azərbaycan tərəfə keçmiş Ermənistan silahlı qüvvələrinin 3 hərbi qulluqçusundan biri- Qrant Markosyan deyib.
Q.Markosyan ordudan qaçmalarının səbəblərini belə izah edib: "Biz könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan tərəfə keçdik. Dağlıq Qarabağda- Martunidə xidmət edirdik. Dörd aylıq xidmət zamanı hər gün zabitlər tərəfindən döyülürdük. Yemək çatışmırdı, ac qalırdıq. Xəstələnmişdik. Mənim böyrəklərimdə ağrı var idi. Yalnız 4 ay sonra Rafik və Vartevanla birlikdə hospitala göndərildik. Onların da böyrəklərində problem vardı. Lakin hospitalda bizi yalan danışmaqda və xidmətdən yayınmağa çalışmaqda ittiham etdilər.
Bizi həbsxana ilə hədələdilər, biz də hərbi hissəyə qayıtmaq əvəzinə, Azərbaycan tərəfə keçməyə qərar verdik. Axı niyə başqasının torpağında ölməliydik? Niyə orada xidmət etməliydik? Ora Ermənistanın yox, Azərbaycanın ərazisidir. Mənim Qarabağda xidmət etmiş çoxlu dostum vardı. Onların hamısı Qarabağda xidmət etməkdənsə, qaçıb canını qurtarmağın daha yaxşı olduğunu deyirdilər. Heç kim Qarabağda xidmət etmək istəmir. Hamı qaçır. Hətta əzablara dözməyərək intihar edənlər də var".
Q.Markosyan Azərbaycanda xoş rəftarla qarşılandıqlarını söyləyib: "Xəstələndikdə həkim bizi müayinə edir, iynə-dərman yazır". V.Sarkisyan da fiziki təzyiqlərə məruz qaldığını və səhhətindəki problemlərlə əlaqədar ordudan qaçmağa qərar verdiyini açıqlayıb: "Məni çox pis döyürdülər, dözə bilmirdim. Ona görə də qaçmaq qərarına gəldim. Ümid edirdim ki, burada kömək edəcəklər. İndi hər şey normaldır. Məni burada müalicə etdilər".
Qrant, Vartevan və Rafik Ermənistana qayıtmaq istəmirlər və üçüncü ölkəyə getmək arzusundadırlar. Q.Markosyan son olaraq erməni tərəfinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitini qaytarmaq istəməməsi faktını da şərh edib: "Serj Sarkisyan bir anlıq təsəvvürünə gətirsin ki, Mübariz İbrahimovun yerində onun oğlu da ola bilərdi. Bu, qeyri-insani hərəkətdir".

Erməni ordusunun əsgər böhranı

Yerevanda da etiraf olunur ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə yerləşdirməyə əsgər tapmır və buna görə də muzdlu şəxslər pulla səngərə gətirilir. Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu dağılacaq.
İşğalçı ölkədə xarici dövlətlərə köç dalğasının davam etməsi nəticəsində gənclərin sayca azalmasını nəzərə alaraq, ordunun mövcudluğunu qorumaq üçün "könüllü əsgəri xidmət" qanununa istinad olunmaqdadır. Könüllü əsgəri xidmətdə olanların əksəriyyəti savadsız və imkansız vətəndaşlardan ibarətdir. Onlara ayda 250-300 dollar civarında maaş verməklə guya ordunun formalaşması kimi təbliğatlar aparılır.
Hərbi təhsil sahəsində də durum pisləşib. Ali hərbi məktəblərdə oxumaq istəyənlərin sayı kəskin azalıb. Bir qədər öncə Vazgen Sarkisyan və Armenak Xanferyants adına hərbi məktəblərin müdavimləri ilə görüşündə müdafiə naziri Seyran Ohanyan ordudakı problemlərin yetərincə olduğunu etiraf etməklə yanaşı bildirib: "Dövlətin mövcudluğu indiki iqtisadi və maliyyə böhranlarına görə təhlükə altındadır. Bu problemləri dəf etməyin bircə yolu qalıb ki, bizlər erməni milliyyətçiliyini gənclər arasında üstün səviyyədə inkişaf etdirək.
Hazırda orduda artilleriya, tank, aviasiya, hava hücumundan müdafiə, tibbi xidmət və digər sahələr üzrə 4 min nəfər zabit heyəti çalışır. Onların hamısı olduqca ağır maddi və sosial həyat tərzi şəraitində yaşamağa məcburdur. Bizlər bütün bunlara dözməliyik. Çünki 1918-ci ildə tarixdə ilk dəfə olaraq Ermənistan adlı dövlətin yaranmasına nail olmuşuq. Bunu diqqətə alıb, hər cür çətinliklərə və ağırlıqlara dözməliyik".
Yerevandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalarında qeyd edir: "Orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb: "Azərbaycan ordusunda döyüş ruhunun yüksəldilməsi prosesi gücləndirilibdir". Halbuki ali məktəb müəllimlərinin və valideynlərin fikrincə, tələbələrin "əsgəri möhlət" hüququndan məhrum olması onların elmi biliklərə yiyələnmələrinə ciddi şəkildə mənfi təsir göstərəcək".

Ordudan yayınma və fərarilik

Sosioloq Anait Simonyanın tədqiqatlarına görə, Ermənistan ordusunda hərbi xidmətdən yayınanların 65 faizindən çoxu hərbi komissarlıqlara rüşvət verməklə guya ali təhsil aldıqları barədə "əsgəri möhlət" arayışını təqdim edir. Universitetlərdə tələbələr arasında aparılan araşdırmalardan məlum olub ki, onların 30 faizindən çoxu məhz əsgəri xidmətə getməmək üçün ali təhsil almaq məcburiyyətindədir. A.Simonyanın fikrincə, "əsgəri möhlət" qanununun ləğvini gündəmə gətirən mafiyanın məqsədi rüşvətin miqdarını artırmaq və eyni zamanda, bu prosesə daha çox vətəndaşı cəlb etməkdir.
2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksutyun partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Ağabekyan hərbi səfərbərliklə bağlı bildirib ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərinin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır. O, sözlərinə əlavə edir: "Ölkədə demoqrafik vəziyyətin ildən-ilə ağırlaşması ordu üçün fəlakətə çevrilib. Buna görə də peşəkar ordunun formalaşdırılmasına üstünlük verilməlidir. Ancaq təəssüflər olsun ki, dövlət büdcəsi peşəkar ordunun formalaşması üçün yetərli deyil".
Onun bu fikrinə dəstək verən general-mayor Kamo Koçunts açıqlamasında onu da vurğulayıb ki, 2005-ci ildən etibarən professional ordunun yaradılması üçün 8 min nəfərlik heyətin əsgəri xidməti istiqamətində layihə hazırladıq. Nəticədə məlum oldu ki, bu qədər könüllü əsgərin maaşla təmin olunması üçün dövlətin imkanları, demək olar ki, yoxdur.
İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə "orduya xidmət Serj Sarqsyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır.
Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb".
Ümumiyyətlə, erməni xalqı, nəhayət, öz separatçı və azğın liderlərinin onlara bəxş etdiyi səfalət və işgəncələrə son qoymaq haqqında düşünməlidir. Bunun üçün bütün ermənilərin özləri qarşısında bir sual qoymaları kifayətdir- bütün bunlara dəyərdimi?!
* * *
Azərbaycan Ordusunun gündən-günə güclənməsi fonunda işğalçı ölkənin siyasi, iqtisadi, sosial və hərbi böhran keçirməsi Ermənistan üçün yaxşı perspektiv vəd etmir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu regionda ən güclü ordudur və bu ordu sülh danışıqları nəticə vermədiyi zaman öz sözünü deyəcək.

Digər xəbərlər