PDF Oxu

Araşdırma

  • 12

Ermənistanda dövlət siyasəti: faktlar və reallıqlar

Ermənistanda dövlət siyasəti: faktlar və reallıqlar

Ermənistanda iqtisadi böhrana münasibətdə rejimin seyirçi qalması, ölkə əhalisinin vəziyyətini daha da ağırlaşdırıb. Daxili miqrasiya meyillərinin ciddi tüğyan etdiyi cəmiyyətdə Ermənistan kəndləri boşalmaq təhlükəsi ilə üzləşib. Ermənistanda istər dövlət, istərsə də özəl müəssisələrin bir-birinin ardınca müflisləşməsi və fəaliyyətlərini dayandırması işsizliyin də miqyasını xeyli artırır.
Qlobal maliyyə böhranının öz təsir dairəsini genişləndirməsi postsovet ölkələri arasında ən çox Ermənistanda sosial-iqtisadi vəziyyətin ağırlaşması ölkədə kəskin daxili miqrasiyanı şərtləndirib. Ermənistan kəndlərindən insanların bir parça çörək ardınca şəhərə axının güclənməsi daxili miqrasiya proseslərinin tənzimlənməsi və idarə edilməsini dövlətin nəzarətindən çıxarıb. Bağlanmaqda olan müəssisələrin əksəriyyəti dövlətə olan borclarını da vermək iqtidarında deyil. Daxili miqrasiya proseslərini vəziyyəti barədə Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, 1 iyul 2010-ci il vəziyyətinə görə, ölkədə 3 milyon 254 min vətəndaşın 64 faizi şəhərlərdə, 36 faizi isə bölgələrdə yaşayır. Paytaxt Yerevanda yaşayanların sayı 1 milyon 119 min nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 34,4 faizini təşkil edir.
Bu gün Ermənistanda insanların sosial vəziyyətini ağırlaşdıran rejimin idarəetmə mexanizmi nəticəsində regionlar üzrə ən çox əhalinin məskunlaşma səviyyəsi Armavir üzrə 284.900, ən az məskunlaşma isə Vayots Dzor təşkil edir ki, buranın 55.900 nəfər sakini var. Böyük şəhərlərdən Gümrüdə 146 min adam, Vanadzorda 105 min adam, fiziki böyüklüyüylə üçüncü şəhər olan Qafanda isə 62 min adam yaşayır. Hazırda Ermənistanın xarici dövlətlərdən və beynəlxalq maliyyə qurumlarından alınan yeni borclar, kreditlər hesabına yaşayır. Ermənistan iqtisadiyyatında genişlənən tənəzzül bu ölkənin xaricdən asılılığını daha da gücləndirməklə yanaşı, bu ölkənin formal xarakter daşıyan müstəqilliyini də sual altına qoyur. Ermənistanda əhaliyə satılan təbii qazın qiymətinin bahalaşdırılması, bunun ardınca elektrik enerjisi və digər kommunal xidmətlərinin qiymətinin qaldırılması daxili miqrasiya proseslərinə təsir edən amillər sırasındadır. Ermənistan mediasının yazdığına görə, ölkədə sosial vəziyyətin ağırlaşması və daxili miqrasiyasının sürətlə artması fonunda müşahidə olunan proseslərdən biri də cinayətkarlıqdır. İşğalçı ölkədə əsasən oğurluq və quldurluq zəminində baş verən cinayətlərin sayının çoxaldığı vurğulanır.

Ermənistan vətəndaşlarının 40 faizi ölkədən qaçmaq üçün fürsət gözləyir

Dünya ölkələri arasında Ermənistan əhalisinin 44 faizi məşğulluq məqsədi ilə xaricə getmək istəyir. Ölkədə aparılan sosial araşdırmalarda iştirak edən vətəndaşların 33 faizi immiqrant statusu ilə xaricə getmək arzusunda olduqlarını etiraf ediblər. Gallupun verdiyi son statistik göstəricilərinə görə, ermənistanlı ailələrin 13 faizi xaricdə yaşayan qohum və dostlarının maddi dəstəyi ilə yaşayır. Ermənistanın müxtəlif dairələrində həyəcan təbili çalanların sayı artmaqdadır. Erməni iqtisadçısı, sabiq deputat Tatul Manaseryan bildirir ki, ölkədə yaşanan böhran hələ özünün zirvə nöqtəsinə çatmayıb. Onun sözlərinə görə, Ermənistanda vəziyyət daha da pisləşəcək. "Ölkə hakimiyyəti bütün problemi qlobal maliyyə böhranı ilə bağlamaq istəyir. Ancaq öz qüsurlarını görmək istəmir. Bu isə Ermənistanın üzləşdiyi problemləri daha da dərinləşdirir", - deyə bildirən iqtisadçı belə hesab edir ki, ölkənin iqtisadi həyatında baş verən tənəzüllün bundan sonra qarşısını almaq mümkün olmayacaq, çünki Ermənistanın iqtisadi gücü tam tükənmiş vəziyyətdədir.
Rəsmi işsizlərin sayının iki dəfə artaraq 100 minə çatan ölkədə 1990-cı illərdən bu yana 2 milyon əhali qaçıb. Bu şəxslər Avropanın müxtəlif ölkələrindən tutmuş Hindistana qədər yayılıblar və bunların öz ölkələrini tərk etmələrinin başlıca səbəbi ölkədə olan acınacaqlı vəziyyət, korrupsiya, özbaşınalıq və dövlətin apardığı işğalçılıq siyasətdir. Buna paralel olaraq, sosial-iqtisadi inkişaf göstəricilərinə görə son bir neçə ildə dünya dövlətləri arasında lider mövqedən çıxış edən Azərbaycan qlobal maliyyə böhranın özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ili də uğurlu göstəricilərlə başa vuraraq, ümumi daxili məhsulun artım tempində yenə də yüksək nəticələrin əldə olunmasını təmin etdi. Dünyanın əksər dövlətlərində iqtisadi tənəzzülün yaşanması fonunda Azərbaycanda ümumi daxili məhsulun 9,3 faizlik artımı bir daha ölkə rəhbərliyi tərəfindən iqtisadi sahədə həyata keçirilən siyasətin nə dərəcədə praqmatik xarakter daşıdığını, ən xırda detallarına qədər məharətlə düşünüldüyünü təsdiqlədi.

Ermənistanın xarici borcu dövlət büdcəsindən artıqdır

İşğalçı ölkədə sosial-iqtisadi situasiya vətəndaşların sosial-psixoloji durumunu daha da çətinləşdirib. Nəticədə ölkə vətəndaşlarının hakimiyyətə qarşı radikal münasibəti günü-gündən dərinləşir. Ermənistan hökuməti 2011-2013 il Dövrü Dövlət Borcları İdarəsi Statejik Proqramını qəbul edib. Dövlətin xarici borclarının 2013-cü ildə hal-hazırdakı 3 milyard dolları aşaraq, 4 milyard dollara çatdırılması nəzərdə tutulur. Əvvəlki illərlə müqayisədə Ermənistanın dövlətin xarici borcları 2008-ci ildə 13,6 faiz artaraq, 2009-cu ildə 36,1 faizə qalxmışdır. Bu gün Ermənistanın xarici borcu dövlət büdcəsindən iki dəfə artıqdır. Hazırda Ermənistan yüksək faizli borcları ödədiyi halda, dövlət iqtisadi siyasətinin görünməyən tərəflərini xalqdan gizli saxlayır. Yəni Ermənistanın dövlət büdcəsi 1 milyard 799 milyon dollardısa, dövlət borcu bundan iki dəfə artıb 3 milyard 960 milyon dollar həddindədir. Maliyyə naziri Tiqran Davtyan, borc yükünün xatırlanan ölçüdə yüksəlməsinin ölkədə maliyyə sabitliyinə zərər verməyəcəyini qeyd edərək, hökumətin bu siyasətini "uzaqgörənlik" adlandırıb. Ölkənin xaricdən asılılığını gücləndirən daha bir amil Serj Sarkisyan hakimiyyətinin durmadan müxtəlif dövlətlərdən, beynəlxalq təşkilatlardan borc almasıdır. Qlobal maliyyə böhranı başlayandan sonra postsovet dövlətləri arasında iqtisadi böhrana məruz qalan Ermənistan bu problemin fəsadlarını qismən də olsa aradan qaldırmaq üçün buna məcbur olub.
Əhalinin sosial durumunun necə acınacaqlı vəziyyətdə olduğu ən adi statistik rəqəmlərdə öz əksini tapır. Açıqlanan rəqəmlərə əsasən, bu dövlətin büdcəsi çox aşağı səviyyədədir. 2007-ci ildə bu dövlətin büdcəsi cəmi 1 milyard 300 milyon dollar təşkil edirdisə, 2010-cu ildə isə 1 milyard 799 milyon dollara çatdı. 2007-ci ildən bu yana Ermənistanın büdcəsi cəmi 400 milyon dollar artıb. Xarici borcun 2013-cü ildə 39,7 faiz artması, eyni zamanda, hökumətin ölkənin xarici borc siyasətini dəyişdirməyə məcbur edir. Məhz buna görə daxili borc xarici borcla müqayisədə daha sürətlə artacaq. Bununla yanaşı, Ermənistan dramının devalvasiyası nəticəsində ölkə büdcəsi 50 faizə yaxın azalıb. Əgər ötən il büdcə kəsiri 140 milyard dram idisə, bu il artaraq 183 milyard drama çatıb. Ermənistan Milli Konqresi isə bəyan edir ki, ölkənin yeni tarixində misilsiz iqtisadi tənəzzülün yaşanmasına, yoxsulluq səviyyəsinin artmasına səbəb təkcə qlobal maliyyə böhranı yox, həm də ölkə hakimiyyətinin acgözlüyü və ağır şəraitdə yaşamasına baxmayaraq, xalqı daha böyük tamahkarlıqla soymaq siyasətinin miqyasının genişləndirilməsi olub.

Erməni ordusunda insidentlər cəmiyyətdə böyük əks-səda doğurub

Ermənistanda mövcud vəziyyətin təhlili göstərir ki, iqtisadi böhranın inkişaf dinamikası heç də iqtidarın mənafelərinə cavab vermir. Hakim komandanın mövqeyinin sürətlə zəifləməsinə baxmayaraq, rejim "Dağlıq Qarabağ kartı"ndan faydalanmağa çalışır, ictimai fikrin diqqətini Ermənistana qarşı artan beynəlxalq təzyiqlərə yönəldir. Təkcə ölkə daxilində yox, həm də beynəlxalq sferada olduqca mənfi imic formalaşdıran Ermənistanın siyasi rejiminə qarşı daxili narazlıq orduda da mənəvi-psixoloji ruh düşkünlüyü yaradıb. Artıq Ermənistanda belə bir fikir hakimdir ki, silahlı qüvvələr ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil və bu sahədə təcili tədbirlər görülməsə, ordu məhv olacaq.
Bir müddət bundan öncə, Ermənistanın "Aykakan Jamanak" qəzeti ordunun vəziyyətinə toxunaraq qeyd edirdi ki, silahlı qüvvələr arasında ən acınacaqlı durum müdafiə cəbhəsindədir: "Bütün şəxsi heyətin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Bunun əsas səbəblərindən biri iqtisadi böhran üzündən, nəinki əsgərlərin, heç zabit və gizirlərin də məvaciblərinin vaxtlı-vaxtında verilməməsidir".
Bildirilir ki, baş verənlər nəticəsində artıq zabitlər arasında da orduda xidmətdən yayınma, həmçinin, xidməti öhdəliklərə səhlənkarlıqla yanaşma halları çoxalmaqdadır. Zabit və gizirlərin şəxsi heyətin sağlamlığına biganə yanaşması, xüsusən də, müddətli həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçulara aşağı kalorili və zərərli qida məhsullarının verilməsi, həmçinin, əsgərlərin antisanitariya şəraitində xidmət etmələri səbəbindən sağlamlıq problemi Ermənistan ordusunda əvvəlki qaydada ən böyük problemlərdən biri kimi qalmaqda davam edir. Məhz bunun nəticəsdir ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əmri ilə 8 zabitin orduda baş verən şiddətli atışma ilə əlaqədar hərbi xidmətdən kənarlaşdırılması deyilənləri təsdiqləyir. 8 zabitin vəzifəsindən azad olunması, bəzi zabitlərin rütbələrinin endirilməsi, bəzi hərbçilər haqqında müxtəlif intizam tədbirləri görülməsi ölkə daxilində baş verən hadisələrin mahiyyətindən irəli gəlir.
S.Ohanyan ordudakı insidentlərin cəmiyyətdə böyük əks-səda doğurduğunu, zabit heyətinə baş verənləri diqqətlə təhlil etməyi və bu cür halların təkrarlanmaması, eləcə də, orduda intizamın möhkəmləndirilməsi üçün lazımi addımları atmağı tapşırıb. Qarabağda dislokasiya olunan hərbi hissələrdə xidmət keçən Ermənistandan olan hərbi qulluqçularla Qarabağdan olan erməni hərbçiləri arasında davam edən ayrı-seçkilik və qruplaşma problemləri ölkə ictimaiyyətinin ciddi müzakirə mövzusu olaraq qalır. Qeyd edilənlər artıq ciddi iqtisadi və sosial problemlər yaşayan Ermənistanın, həm də siyasi böhran ərəfəsində olduğunu göstərir. Ermənistan ictimaiyyətinə artıq yaxşı məlumdur ki, əgər Azərbaycan işğal edilmiş ərazilərini güc yolu ilə azad etmək hüququndan istifadə etsə, erməni hərbçiləri bu gücün qarşısında aciz qalacaq, müqavimət göstərmədən Dağlıq Qarabağı tərk edəcəkdir.

Cənub Qafqazda ən az internet istifadəçisi Ermənistandır

Müasir dünyada informasiya texnologiyaları sahəsinin hazırda ən sürətli inkişaf edən istiqamətlərindən biri İnternetdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində hələ də infrastruktur və telekommunikasiyanın tənzimləməsi ilə bağlı problemlərin yaşandığı Ermənistanda internet istifadəçilərinin sayı 208 min 200 nəfər təşkil edir. İnformasiya cəmiyyəti (İC) və yüksək texnologiyalar əsri olan mövcud dünyada İC insanlara öz potensiallarından geniş istifadə etməyə və öz cəhdlərini reallaşdırmağa imkan verir. Ermənistanda isə dövlətin anti-demokratik siyasəti informasiya resurslarının yaradılmasına məhdudiyyətlər tətbiq edir. İnsanların informativ mədəni səviyyələrinin atmasına maneələr yaradır. Ermənistanda hakimiyyətdə olan klanların ölkə iqtisadiyyatının inkişafını şəxsi maraqları üzərində qurması və informasiya texnologiyaları sahəsinin inkişafını da nəzarətdə saxlayır.
Dünyadakı internet istifadəsi ilə bağlı mütamadi statistik göstəriciləri müəyyənləşdirən "İnternet World Stats" məlumatlarına görə, Ermənistanda İnternet istifadəçilərinin sayı ölkə əhalisinin az faizini təşkil edir. Azərbaycanda isə internet xidmətilərinin yayılma səviyyəsi əhalinin ümumi sayının 44,4%-ni təşkil edir. Beynəlxalq təşkilatın hesabatına görə, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı 3,7 milyon, Gürcüstanda isə 1,3 milyon nəfər təşkil edir.

Digər xəbərlər