"İnterfaks" agentliyinin verdiyi məlumata görə, Rusiya və Ermənistanın imzalamağa hazırlaşdığı protokolun layihəsinə görə, Gümrüdəki hərbi baza tək Rusiyanın maraqlarını qorumayacaq, Ermənistan silahlı qüvvələri ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bu məqsədə nail olmaq üçün Rusiya Ermənistana müasir silah və xüsusi texnikalarla təchizat məsələsində kömək edəcək.
Sənəddə qeyd olunur ki, Rusiya hərbi bazasının fəaliyyəti iki ölkənin 1992-ci il 15 mayda imzaladıqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, əsasən də əldə etdiyi qarşılıqlı razılaşma əsasında və ölkələrin qanunvericiliyinə uyğun olaraq təmin ediləcək.
Razılaşmanın 49 il qüvvədə olması, tərəflərin narazılığı olmazsa, avtomatik olaraq, 5 il müddətində uzadılması nəzərdə tutulub. Sənəd hazırda Rusiya Nazirlər Kabinetinin bankındadır.
Politoloqların fikrincə, Moskvanın Cənubi Qafqazda tutduğu mövqe və münaqişənin həllində yaratdığı problemlər bu ölkənin ATƏT-in Minsk Qrupundakı həmsədrliyi ilə bir araya sığmır.
Rusiyanın Qafqaz siyasəti bölgə üçün son dərəcə ciddi təhlükə törədir. Bu ölkənin Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini dolayı yollarla işğal etməsi dünyada sülhün və təhlükəsizliyin təminatı ilə bağlı öz üzərinə götrürdüyü öhdəliklərlə bir araya sığmır.
"Sayı 30-40 min nəfər olan Qarabağ erməniləri də Qarabağ azərbaycanlıları kimi yalnız bir icmadır" deyən Bayram Səfərovun sözlərinə görə, Qarabağın erməni icması daha ağıllı olsaydı, Azərbaycanın inkişaf səviyyəsindən istifadə edə bilərdi. Separatçıların lideri Bako Saakyanın "Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibinə qayıtmasının qeyri-mümkün olması" barədə dediklərini şərh edən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri bildirib ki, Qarabağ Azərbaycan ərazisidir: "Azərbaycan öz ərazisinin bir hisəsini digər ölkəyə peşkəş edə bilməz".
Siyasi müşahidəçilər Rusiyanın bu addımının bölgədə sülhə və təhlükəsizliyə uyğun olmadığını düşünürlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli hesab edir ki, Rusiya Qəbələdəki hərbi mövcudluğunun müqabilində Azərbaycanın təhlükəsizliyinə təminat verməlidir.
E.Mirzəbəyli Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsi, bu haqda razılaşmaya Ermənistanın təhlükəsizliyinə təminat verilməsilə bağlı müddəaların əlavə edilməsindən sonra Sergey Narışkinin Azərbaycana səfərinə münasibət bildirib. "Sergey Narışkinin Azərbaycana gəlişi, çox güman ki, Rusiya prezidenti Dmitri Medvedevin səfərinə hazırlıq xarakteri daşıyır. Kremlin ənənəvi texnologiyalarına istinad etsək, Rusiyanın Ermənistandakı hərbi bazasının statusu ilə bağlı yeni məlumatların ictimailəşdirilməsini səfər öncəsi rəsmi Moskvanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edən addım kimi də dəyərləndirmək olar".
Göründüyü kimi, Dağlıq Qarabağ problemini yaradan Rusiya, Azərbaycan torpaqlarını Ermənistanın əli ilə işğal etməsini ört-basdır etməklə, diqqəti nəinki özündən, hətta Ermənistandan yayındırmağa çalışır. Yəni, problemin həllini 3-cü tərəfin öhdəsinə buraxır.
Reallıqda isə bütün dünya bilir ki, Azərbaycan ərazilərini nəinki Ermənistan deyil, birbaşa olaraq, Rusiya işğal edib. Buna görə də, əslində, Ermənistanın prosesdən kənarlaşdırılması doğru ideyadır, lakin kiçicik bir düzəlişlə, prosesdə tərəf kimi onu Dağlıq Qarabağın erməni icması yox, Rusiyanın özü əvəz etməlidir.
Onsuz da Rusiya özünü Minsk Qrupunun həmsədri kimi yox, daha çox Ermənistanın himayədarı kimi, yəni tərəf kimi aparır. Bu situasiyada yeganə variant danışıqlar prosesini BMT səviyyəsinə çıxarmaq və Rusiyadan ortaya konkret mövqe qoymasını tələb etmək lazımdır.
Yaranmış ağır geosiyasi durum Azərbaycanın münaqişənin sülh yolu ilə həllində göstərdiyi bütün səylərin adekvat qarşılanmadığını göstərir. Bu kontekstdə rəsmi Bakı sonuncu variantı dünya birliyinə təqdim etməlidir. Azərbaycan heç bir problemin həllinin 20 illik böyük bir müddət qədər vaxt tələb etmədiyini bəyan etməli, danışıqların tam başa çatması üçün 1 illik müddət qoyulmalı, həmin müddət başa çatdıqdan sonra isə öz ərazisindəki terrorçu rejimə qarşı antiterror əməliyyatı başlayacağını rəsmən elan etməlidir.
Hər kəsə məlumdur ki, Qarabağ probleminin həlli Kremldən asılıdır. Hesab edirik ki, Azərbaycan məsələni Rusiya qarşısında qəti tələb kimi qoymalıdır. Çünki Moskvanın iqtisadi, siyasi, hərbi maraqları Azərbaycanda yetərincə təmin olunub. Kreml bunun əvəzini ödəməlidir. Yəni ermənilərin əli ilə işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir.