ABŞ Ermənistanı "bəsləyir"
Ermənilərin okeanın o tayındakı havadarları yenə də onlara yardım əli uzadıb. Birləşmiş Ştatlar Senatı və Nümayəndələr Palatası ermənipərəst qanunvericilərin təzyiqi altında Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. Ekspertlərin fikrinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyləşdirmə üzrə komitəsi 2011-ci ildə xarici maliyyələşmə üçün ayrılan büdcəyə əsasən, cari ildə Ermənistana 40 milyon dollar həcmində maliyyə yardımı göstərəcək.
Bu, Barak Obama tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çox, keçən illə müqayisədə isə 4 milyon dollar azdır. ABŞ Administrasiyası, həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq, 10 milyon dollara çatdırıb. Komitə ayrılan yardımda paritet saxlamağı qərara alaraq, Azərbaycana və Ermənistana ayrı-ayrılıqda hərbi məqsədli 3,5 milyon dollar hərbi yardım, hərbi təhsil üçün isə 450 min dollar ayırıb.
Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağın separatçı rejiminə birbaşa yardım ayırması artıq ardıcıl hal alıb. Azərbaycanın rəsmi mövqeyinə əsasən, ABŞ işğal olunmuş ərazilərdə yaşayan əhaliyə etdiyi maliyyə yardımını həmin ərazidən məcburi köçürülmüş əhaliyə də etməlidir. Yəni, ermənilərlə bərabər azərbaycanlı icması da bu yardımlardan yararlanmalıdır. İşğal olunmuş ərazilərdə yaşayan və oradan məcburi köçürülmüş əhaliyə eyni qaydada dəstək verilməlidir.
ABŞ-ın Ermənistana göstərdiyi yardımla bağlı məsələyə ekspertlər fərqli fikirlər söyləyiblər. Politoloq Qabil Hüseynli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, neçə illərdir ki, bu proses davam edir: "Bu gün separatçı rejimə yardım edilməsindən imtina edilməsi gözlənilən hal idi. Çünki Vaşinqtonda müəyyən dairələrdə başa düşüldü ki, belə addımların atılması bir yandan Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini korlayır, digər tərəfədən Dağlıq Qarabağ probleminə dair gedən danışıqlara zərbə vurur. Ümumiyyətlə, bəzi konqresmenlər qeyd edirlər ki, son 5 ildə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi ona daim dəstək verib. Azərbaycan ABŞ-ın İraqdakı və Əfqanıstandakı hərbi qüvvələrinə kömək göstərir. Azərbaycanın geniş qaz resursları ona imkan verir ki, Rusiyadan enerji asılılığına son qoymaqla Qərbi Avropanın enerji tələbatının şaxələndirilməsi ilə məşğul olsun. Bir məsələ də vacibdir ki, ABŞ Türkiyə, Ermənistan və ümumiyyətlə, bütün Cənubi Qafqaz regionu ilə bağlı diplomatik münasibətlərində Azərbaycanın maraqlarını düzgün qiymətləndirməlidir. Çünki ölkəmizin beynəlxalq sülhə və təhlükəsizliyə töhfələri daim qeyd olunur. Həmçinin, Azərbaycan birmənalı olaraq demokratiya, iqtisadi inkişaf, insan hüquq və azadlıqlarına hörmət, hər cür ayrı-seçkiliyin ləğvi, dünya dövlətləri və beynəlxalq təşkilatlarla normal münasibətlər kimi düzgün prioritetləri özündə birləşdirən bir strategiya ilə inkişaf edir".
Q.Hüseynli, həmçinin, onu da söylədi ki, ABŞ-ın Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş Ermənistana, həmin bölgədəki terrorçu rejimə ayırdığı yardımlarını artırması terrora və işğala açıq dəstəkdən başqa bir şey deyil: "ABŞ-ın Ermənistana 40, Azərbaycana isə 22,12 milyon maliyyə yardımı ayırması bir daha onun ermənipərəst siyasət yürütdüyünü təsdiqləyir. Çünki separatçı rejimə dəstək olmaq açıq şəkildə separatizmin dəstəklənməsi deməkdir. Qeyd edim ki, bu prosesdə ən çox yardım umulan ölkə də məhz ABŞ-dır. Amma təəssüflər olsun ki, ABŞ təcavüzkar ölkə ilə, təcavüzə, terrora məruz qalan ölkəyə fərq qoya bilmir. Dövlət və qeyri-hökumət təşkilatları, müxtəlif proqramlar vasitəsilə Ermənistana Azərbaycandan çox yardımlar edir. Sanksiya və yardım məhdudiyyətlərini isə haqqı pozulan tərəfə edir. "907-ci düzəliş"i də belə ədalətsiz münasibətə aid etmək olar. Ümumiyyətlə, ABŞ-ın bir ölkənin ərazisini işğal etmiş terrorçu rejimə maliyyə yardımı etməsi beynəlxalq terrora açıq şəkildə yardım etməkdən başqa bir şey deyil. Vaşinqton bunu bütün dünyanın gözü önündə həyata keçirir və sonra da terrorla mübarizədə beynəlxalq birliyin vacibliyindən danışır. Paradoksdur!"
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə yardımı ayıran yeganə dövlətdir. Həmçinin, ABŞ Cənubi Qafqaz regionunda tanınmayan 3 respublikadan yalnız Dağlıq Qarabağa yardım ayırır. ABŞ Konqresi 1998-ci ildə qəbul etdiyi qərara əsasən, 1999-cu ildən başlayaraq, humanitar yardım aksiyası adı altında Dağlıq Qarabağa birbaşa maliyyə ayırır. ABŞ tərəfindən 1998-2000-ci illərdə bu tanınmamış quruma hər il 2,5 milyon dollar məbləğində yardım edilib. 2001-2006-cı illərdə hər il ayrılan yardım 3 milyon dollar səviyyəsində olub. 2006-cı ildən etibarən yardımın məbləği artırılıb. Həmin il Dağlıq Qarabağ separatçıları ABŞ-dan 5 milyon, 2007 və 2008-ci illərdə hər il 6 milyon dollar yardım alıb. 2009 və 2010-cu illərdə hər il ayrılan yardımın məbləği 8 milyon dollara çatdırılıb. 2011-ci ildə yardımın məbləğinin 10 milyon dollar olacağı nəzərə alınarsa, ABŞ-ın Dağlıq Qarabağa indiyədək ayırdığı yardımın ümumi məbləği 60 milyon dolları ötəcək. Bu Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ rejiminə növbəti dəfə yardım ayırmasında da özünü göstərir. Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ rejiminə növbəti dəfə yardım ayırması ikili standart siyasətindən xəbər verir. Bu fikirdə olan siyasi ekspert V.Bayramov belə hesab edir ki, Amerika belə bir addımı atmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqedə olması iddialarını şübhə altına alır.
Politoloq Mübariz Əhmədoğlu da məsələyə münasibət bildirərkən, vurğuladı ki, ABŞ-ın bu addımı bir daha onun ikili standart həyata keçirdiyini təsdiqləyir. Bu gün ermənilərdən fərqli olaraq, yurd-yuvalarından didərgin düşən 1 milyondan çox soydaşımız var. Həmin insanlar evlərini, əmlaklarını, normal yaşayışlarını itiriblər. Münaqişə zamanı heç nəyini itirməyən ermənilərə yardım olunmasını, itkiylə üzləşənlərin isə bu yardımdan kənarda qalmasını necə qiymətləndirmək olar? Əgər ABŞ-ın məqsədi kömək etməkdirsə, bunu həm azərbaycanlılara, həm də ermənilərə ünvanlasın. Amerika nəyə görə bu məsələdə ayrı-seçkilik yaradır, işğalçıya, separatçıya, erməni millətçilərinə, faşistlərə yardım edir?
M.Əhmədoğlu bildirdi ki, ABŞ separatçı Dağlıq Qarabağ əhalisinə artıq 10 ildən artıqdır ki, böyük maliyyə yardımı ayırır. Burada bir haşiyə də çıxaq. Amerikanın erməni diasporu və Konqresdəki erməni lobbisi Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq, 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu.
M.Əhmədoğlu ABŞ-ın bu qərarının Azərbaycanda narazılıqla qarşılandığını da söylədi: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ABŞ gələcəkdə Cənubi və Şimali Qafqaza yiyələnməyə hazırlaşır və indidən bu bölgələrin əhalisi ilə əlaqələrini qurur. Dağlıq Qarabağda, həqiqətən də, acınacaqlı vəziyyət yaranıb. Oradakı ermənilər acından ölür. Ermənistan pis gündədir. Əhalisinin böyük əksəriyyəti qaçıb, 1 milyon yarımı qalıb. Amerika böyük dövlət kimi beynəlxalq hüquq normalarını pozaraq bu addımı atır. "DQR"-ə yardım ABŞ-ın Qafqaza yiyələnmək istəyindən irəli gəlir. Kim bilir, ABŞ Dağlıq Qarabağa necə münasibət göstərəcək. Əgər terrora qarşı mübarizə aparır və bütün dövlətlərdən bunu tələb edirsinizsə, o zaman zəhmət olmasa, Azərbaycanın bütün dünya tərəfindən rəsmən tanınmış qanuni ərazilərini, zor gücünə işğal etmiş, on minlərlə insana qarşı soyqırımı həyata keçirmiş terrorçu rejimə maliyyə yardımlarını dayandırın. Ermənistana bütün sahələrdə işğalı davam etdirmək üçün verdiyiniz aktiv dəstəyi dayandırın. Baxmayaraq ki, erməni lobbisi ABŞ-da müəyyən nüfuza malikdir, ABŞ dövləti, Amerika xalqı üçün Azərbaycan daha önəmli, daha dostyanadır. Bunu unutmaq olmaz".