Ermənistan şəhidimizin cəsədini qaytarmaqla beynəlxalq normalara riayət etməlidir
Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun cəsədinin şəkillərinin erməni saytlarında yayılması Azərbaycanda böyük bir əks-səda doğurub. Bir aydan çoxdur ki, Azərbaycan dövlətinin apardığı səylərə baxmayaraq, meyiti qaytarmaq istəməyən ermənilər bundan müxtəlif bəhanələrlə qaçmağa çalışırlar.
Qeyd edək ki, cari ilin iyun ayının 18-dan 19-na keçən gecə ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən döyüşdə böyük qəhrəmanlıq göstərən M.İbrahimov təkbaşına erməni əsgərini öldürərək sonda özü də şəhid olub. Bu qəhrəmanlığından dolayı və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Lakin dövlətimiz tərəfindən aparılan bütün səylərə baxmayaraq, milli qəhrəmanımızın cəsədinin qaytarılması hələ də mümkün olmayıb. Bununla bağlı, istər Ermənistan dövlətinə, istərsə də beynəlxalq təşkilatlara dövlətimiz tərəfindən müraciət olunsa da, hələ ki, bundan heç bir nəticə hasil olmayıb. Yəni hələ də ermənilər gizirimizin cəsədini özlərində saxlamağa çalışırlar. Onlar ilk olaraq meyitin onlarda olmadığını bildirsələr də, sonradan bunun yalan məlumat olduğu aydınlaşdı. Əslində, ermənilər cəsədin Dağlıq Qarabağ ərazisində olmadığını inkar etmirdilər, lakin bunun Ermənistan dövlətində deyil, onların yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası"nda olduğunu nəzərə çatdırmaq istəyirdilər. Bu qurumun isə heç bir kəs tərəfindən tanınmadığını nəzərə alsaq, onlarla bu yöndə danışıq aparmağın da məqsədəuyğun olmadığı bildirilməlidir. Dağlıq Qarabağ Ermənistan sialahlı qüvvələri tərəfindən işğal olunub. Buna görə də danışıqların yalnız onlarla aparılması mümkündür.
Digər bir tərəfdən isə M.İbrahimovun cəsədinin şəkillərinin ermənilər tərəfindən internet saytlarında yerləşdirilməsi bir daha onu sübut etdi ki, meyit Ermənistan tərəfindədir. Ermənilər isə həmişəki kimi, özlərinə məxsus erməni xisləti nümayiş etdirərək şəhidin meyitini qaytarmaq istəmirlər. Hətta ermənilər buna müxtəlif yalan bəhanələr gətirməklə yanaşı, gizirimizin şəhid olmasını da dırnaqarası qəbul edir və onun haqqında müxtəlif təhqiramiz ifadələr belə işlətməkdən çəkinmirlər. Özlərinin heç bir zaman bu zirvəyə yüksəlməsinin mümkün olmayacağı təqdirdə belə, ifadələrdən istifadə etməklə şəhidlik zirvəsinə yüksələnləri təhqir etmək, nəinki beynəlxalq normaları pozmaq kimi qeyd olunur və eyni zamanda, bu hərəkətlər insanlıq baxımından da qeyri-humanist addımlar kimi qiymətləndirilir. Erməni vəhşiliyinin daha bir nümunəsi özünü burada da göstərmiş oldu. Azərbaycan əsgərinin meyitinin təhqir olunması yayılan şəkillərdə özünü açıq-aşkar göstərir.
Azərbaycan tərəfinin məsələyə rəsmi mövqeyində də bu məqamlar əks olunmuş və şəhidin cəsədinin təhqir olunması pislənmişdir. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu şəkillərin yayılması ilə ermənilər beynəlxalq hüququn normalarına əməl etmədiklərini və riyakarlıqlarını bir daha nümayiş etdirdiklərini bildiriblər. Bəyanatda bildirilir ki, hadisədən keçən dövr ərzində ermənilər meyitin onlarda olmamasını təkrar etmələri və hətta beynəlxalq təşkilatlar tərəfindən göndərilən sorğulara yalan cavab verməklə məsələdən yayınmağa çalışıblar. Lakin cəsədin şəkillərinin ermənilər tərəfindən internet səhifələrində yayılması ermənilərin bu yalanını ifşa etdi, onların riyakarlıqlarını üzə çıxarmış oldu. Beynəlxalq təşkilatların şəkil məsələsini nəzarətə götürüb araşdıracağını güman edən nazirliyin mətbuat xidməti Azərbaycan tərəfinin də cəsədin qaytarılması istiqamətində öz səylərini davam etdirəcəyini və bu istiqamətdə bütün imkanlardan istifadə olunacağını nəzərə çatdırıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu məsələ ilə birbaşa məşğul olduğunu nəzərə alsaq, demək olar ki, şəkil məsələsi yüksək səviyyədə diqqət mərkəzində saxlanılacaq. Hətta artıq qurum tərəfindən bununla bağlı Ermənistana rəsmi sorğu da göndərilib. Rəsmi Yerevanın bununla bağlı verəcəyi qərar da maraqlıdır. Maraqlıdır ki, onlar bu dəfə hansı bəhanə uydurmaqla özlərini təmizə çıxartmağa çalışacaqlar. Lakin bu bəhanənin hansı məzmunlu olmasından asılı olmayaraq, artıq ermənilərin yalanı üzə çıxıb və bundan yayınmaq mümkün olmayacaq. Əgər ermənilər yenidən meyiti verməməkdə israr etsələr, onda bu dəfə onların işi daha çətin olacaq. Yəni artıq bu işə digər beynəlxalq təşkilatlar da cəlb oluna bilər ki, bu da Ermənistan üçün geniş miqyasda problem yarada bilər. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı radikal mövqe göstərməsi Ermənistan rəhbərliyinin tutduğu mövqeyə görə ciddi ittiham olunmasına səbəb olacaq. Yəni artıq meyitin qaytarılması qaçılmazdır. Əks-təqdirdə isə, ermənilər bununla beynəlxalq arenada özlərinə qarşı mənfi bir tendensiyanın daha geniş xarakter alması qarşısında qalacaqlar.