ABŞ-ın erməni sevgisi, yoxsa terrora dəstək?
ABŞ Senatının pul ayrılması ilə məşğul olan komitəsi 2011-ci ildə xarici yardımlarla bağlı qanun layihəsini təsdiqləyib. Ermənistan mətbuatının verdiyi məlumata görə, gələn il Amerika Ermənistana 40, Dağlıq Qarabağ separatçılarına isə 10 milyon dollar ayırmaq fikrindədir. Qanun layihəsi bu ilin sentyabrında Senatda və Nümayəndələr Palatasında müzakirə olunacaq.
Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın işğalçı, terrorçu və separatçı rejimlərə pul ayırması anlaşılan deyil. Dünyada sülhün və təhlükəsizliyin qorunmasını özünü prioriteti elan edən fövqəldövlətin terrorçu rejimə verdiyi dəstək bu ölkənin elan etdiyi prinsiplərə uyğun gəlmir.
Konkret olaraq Ağ Evin Azərbaycana qarşı mövqeyi, Dağlıq Qarabağ probleminin həllində heç də ədalətli deyil. Son 5 ildə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi ona daim dəstək verib. Azərbaycan ABŞ-ın İraqdakı və Əfqanıstandakı hərbi qüvvələrinə kömək göstərir.
Azərbaycanın geniş qaz resursları ona imkan verir ki, Rusiyadan enerji asılılığına son qoymaqla Qərbi Avropanın enerji tələbatının şaxələndirilməsi ilə məşğul olsun. Bir məsələ də vacibdir ki, ABŞ Türkiyə, Ermənistan və ümumiyyətlə, bütün Cənubi Qafqaz regionu ilə bağlı diplomatik münasibətlərində Azərbaycanın maraqlarını düzgün qiymətləndirməlidir.
Azərbaycan hökuməti 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi durumuna mənfi təsirini xüsusilə qeyd etməyi zəruri hesab edir. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycan hökuməti bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən, erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycan onun yuridiksiyası altında olan bütün şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bir daha təsdiq edir. Eyni zamanda, insan hüquqlarının universal dəyər olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onların heç bir istisna olmadan istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş bütün dünya ölkələri tərəfindən təmin edilməsi zərurətini xatırlatmaq istəyir.
İndiyədək Azərbaycanın istər regional layihələrin reallaşmasındakı rolu, istərsə də, bölgədəki geosiyasi önəmini qeyd edən Vaşinqton, bununla belə, heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış etməyib.
Ümumiyyətlə, bu məsələyə neytral yanaşmanın özünü də ədalətli saymaq olmaz. Torpaqlarının 20 faizinin işğal olunduğu Azərbaycanla, bu torpaqları işğal etmiş Ermənistana bərabər yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan yolveriləndir.
Özünü dünyada demokratik dəyərlərin jandarmı kimi təqdim edən ABŞ son vaxtlar açıq-aşkar şəkildə qərəzli və obyektiv siyasət yeridir. İndiyədək, bu yanaşmada, heç olmasa, formal neytrallıq və bitərəflik nümayiş etdirilirdi. Lakin ABŞ bu neytrallığı özünün ATƏT-in Minsk qrupunun həmsədri olması ilə, vasitəçilik edən tərəfin istənilən halda, bitərəf mövqedə dayanmasının zəruriliyi ilə izah edirdi.
Bu gün isə bu neytrallıq və bitərəflik birmənalı olaraq ermənilərin lehinə pozulub. Hadisələrin inkişafı göstərir ki, bu gün ABŞ administrasiyasının bütün səyləri və imkanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, regionda sülh və sabitliyin bərpasına deyil, yalnız bir istiqamətə- ağır iqtisadi böhran içində olan işğalçı Ermənistanın xilasına yönəlib.
Belə bir durumda Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində neytral və obyektiv vasitəçi olduğuna şübhə ilə yanaşmağa tam haqqı çatır. Obyektiv olmayan ölkənin isə dünya jandarmı rolunu oynamağa cəhd etməsi absurddur.