Xəbər verdiyimiz kimi, iyulun 28-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qanlı olay baş verib. SİA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, odlu silahın tətbiq edildiyi insident nəticəsində 6 nəfər ölüb. Erməni mətbuatı iyulun 28-də Ermənistan ordusunda 6 nəfərin ölümü ilə nəticələnmiş insidentlə bağlı müxtəlif məlumatlar yayır.
Erməni əsgərləri bir-birini qırır
"Armenia Today"ın verdiyi məlumata görə, Azərbaycanın işğal altındakı Xocavənd rayonunda baş vermiş insidentin səbəbi kimi 2 versiya mövcuddur. İlk versiyada zabitlərin əsgərlərdən birini aşağılaması göstərilib. Həmin versiyaya görə, postda əsgəri yuxulamış halda tutmuş hərbçilərin onu alçaltması əsgərin silaha əl atmasına səbəb olub. 5 hərbçini güllələyən əsgər sonda intihar edib.
"Aykakan Jamanak" qəzeti isə hadisə zamanı həlak olmuş hərbçilərdən 20 yaşlı Yerevan sakini Andranik Sarkisyanın atasını danışdırıb. Sakis Sarkisyan bildirib ki, hadisə hərbi hissənin blindajında baş verib. Onun dediyinə görə, hərbçilər arasında mübahisə olub. Mübahisə böyüyüb və sonda davaya çevrilib. Nəhayət, hərbçilərdən biri avtomatı götürərək, 5 nəfəri güllələyib və sonda intihar edib.
Sarkisyan oğlunun öldürülməzdən öncə, möhkəm döyüldüyünü də bildirib: "Onun sir-sifəti şişmişdi, açıq və qapalı yaraları var idi. Sinəsindən isə 3 güllə yarası almışdı". Ata Sarkisyanın sözlərinə görə, onun oğlunun hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.
"Qraparak" qəzetinin də öz mənbələrindən aldığı fərqli məlumatı var. Qəzet bildirir ki, həmkarlarını güllələyən əsgər qabaqlar ABŞ-da yaşayıb. Birləşmiş Ştatlarda oğurluq üstündə tutulmuş həmin şəxs sonradan Ermənistana deportasiya olunubmuş.
Erməni ordusunda cinayətkarlıq artır
Ermənistan silahlı qüvvələri acınacaqlı duruma düşdüyü haqda son vaxtlar faktlara əsaslanan analizlər aparmışıq. Son hadisə də göstərdi ki, işğalçı ölkənin ordusu dağılmaq üzrədir.
Faktlar göstərir ki, düşmən ölkənin ordusunda fərarilik, ölüm, zorlama, təcavüz, homoseksuallıq, "dedovşina", rüşvət, korrupsiya, intihar və digər nizamnamədən kənar hallar artır. Orduda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib. Ermənistan silahlı qüvvələrində baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı 2007-ci ildə 1643, 2008-ci ildə 1984 olubsa, 2009-cu ildə bu rəqəm artaraq 2240-a çatıb.
Ümumilikdə baş vermiş 2240 hadisədən 370-i qəza, 652-si hərbi qulluqçular arasında nizamnamə qaydalarının pozulması, 1218 hadisə isə cinayət tərkibli olub. Törədilən 1218 cinayət hadisəsindən 580-ni yüngül, 432-si ağır, 206 hadisə isə xüsusi ağır cinayət tərkiblidir.
Ermənistan silahlı qüvvələrində baş vermiş qəza hallarının sayı 2008-ci illə müqayisədə azalsa da, cinayət hadisələrinin sayı 83-ə çatıb. 2009-cu il ərzində Ermənistan silahlı qüvvələrində törədilən 206 ağır cinayətdən 91-i (ölüb və ya yaralanma) 2008-ci illə müqayisədə 18 cinayət hadisəsi çox olub.
Əxlaqsızlıq sindromuna düçar olan ordu
Ermənistan ordusunda intizamsızlıq və özbaşınalıqla yanaşı, əxlaqsızlıq problemi də sürətlə yayılmaqdadır. Belə ki, silahlı qüvvələrdə şəxsi heyət arasında homoseksuallığa meyilli hərbi qulluqçuların sayı 2008-ci ilin göstəriciləri ilə müqayisədə artıb. Hazırda orduda belə şəxslərin sayı 200-250 nəfər civarındadır ki, bunlardan da 12-si zabit-gizirdir. Ermənistan ordusu rəhbərliyinin göstərişi ilə həmin zabit-gizir və əsgərlərin ordu sıralarından tərxis edilməsinə baxmayaraq, durumu qənaətbəxş olan hərbi qulluqçular həkim komissiyasının müvafiq rəyi əsasında xidmətini davam etdirmək üçün digər hərbi hissələrə göndərilir.
Hərbi hissələrdə məişət şəraiti çox ağır olduğundan, homoseksuallığa meyilli hərbi qulluqçular hərbi xidmətdən qurtulmaq üçün qəsdən bu yola əl atırlar. Əvvəllər bu cür hərbi qulluqçular ordu sıralarından dərhal tərxis edilirdisə, keçən ildən həmin şəxslər barəsində həkim komissiyası rəy verdikdən sonra müvafiq qərar qəbul edilir.
Qeyd etmək lazımdır ki, Ermənistan ordusunda kriminogen durum və əxlaqsızlıq halları ilə yanaşı, şəxsi heyət arasında narkotik maddə qəbuletmə halları da sürətlə yayılmaqdadır. 2009-cu ildə bu rəqəm artaraq 77-yə çatıb. Narkotik maddələrin hərbi hissələrə gətirilməsi və şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Narkotik maddələr, əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindən gətirilir. Narkotik bitkilər işğal edilmiş rayonlarda, əsasən də, hərbi hissələrin nəzarətində olan ərazilərdə yüksək vəzifəli zabit heyəti tərəfindən yetişdirilir.
Orduda qeyri-döyüş itkilərinin döyüş itkilərindən 3 dəfə çox olması erməni ictimaiyyətini xeyli narahat edir. Orduda baş verən neqativ halların hər il artması, hakimiyyətdə olduğu kimi, orduda da "klanlaşma" siyasətinin mövcudluğu, korrupsiya, büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsi, eləcə də, zabit-gizirlərin maddi və sosial vəziyyətinin aşağı olması səbəbindən baş verir.
Ermənistan silahlı qüvvələrində komandir və rəislər hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşır. Xüsusən, müddətli həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçulara aşağı kalorili qida məhsullarının verilməsi, əsgərlərin antisanitariya şəraitdə xidmət aparması, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri ilə regional və mərkəzi hərbi hospitallara yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi birləşmələrdə, əsasən, donvurma, vərəm, pnevmoniya, dəri-zöhrəvi, müxtəlif infeksion xəstəliklər, sətəlcəm, mədə-bağırsaq və digər diaqnozlar çoxluq təşkil edir.
Düşünürük ki, Ermənistan ordusunda yaranmış durumun acınanaqlı olduğunu sübut etmək üçün bu qədər fakt kifayətdir. Belə durumda olan "ordu" ilə qarşıda erməniləri heç də yaxşı günlər gözləmir.