PDF Oxu

Araşdırma

  • 19

Gecikmiş etiraf

Gecikmiş etiraf
Ermənistanın öz havadarlarının yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi faktı və bunun beynəlxalq hüquqa, sülhə böyük təhlükə olduğunu artıq işğalçı ölkənin ictimaiyyəti də səsləndirməyə başlayıblar.
Bu prosesin yaratdığı acınacaqlı durum, bölgədə sülhə və əminamanlığa, həmçinin, Ermənistanın bir dövlət və xalq olaraq məhvinə gətirib çıxaracağını yaxşı anlayan ermənilər də az deyil və onlar cinayətkar hakimiyyətə bunu anlatmağa çalışırlar.
"Ermənistan Dağlıq Qarabağ sülh danışıqlarından çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır". SİA-nın "news.am" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan "Sociometer" sosioloji mərkəzinin direktoru Aharon Adibekyan deyib.
"Ermənistan və beynəlxalq birlik qəbul etməlidir ki, problemin həlli Dağlıq Qarabağ və Azərbaycan arasında danışıqlar yolu ilə mümkündür",- deyən sosioloq onu da bildirib ki, Ermənistanın Dağlıq Qarabağdan çıxması onun "işğalçı" və ya "təcavüzkar" kimi ittihamlardan yaxa qurtarmasına kömək edəcək.
Sosioloq hesab edir ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət almaq üçün Azərbaycanın hərbi yolla münaqişəni həll etmək cəhdlərini minimuma endirməlidir. A.Adibekyanın fikrincə, Ermənistanın konfliktin həlli ilə bağlı verəcəyi belə bir qərar Dağlıq Qarabağ əhalisinin 90 faizi üçün də məqbuldur. "Onlar Azərbaycandan və ya hansısa kənar qüvvədən deyil, Ermənistandan qorxurlar. Düşünürlər ki, Yerevan onları problemləri ilə baş-başa qoya bilər".
Erməni də olsa, Adibekyan həqiqəti söyləyib. Bunu artıq Yerevandakı yüksək dövlət rəsmiləri də anlayırlar. Lakin durumdan daha çox yararlanmağa çalışmaqla prosesi uzatmağa cəhd edirlər. Yerevan sülh danışıqlarından yayınmaq üçün bəhanələr axtarsa da, bu, yaranmış situasiyada heç bir müsbət effekt vermir.
Beynəlxalq arenada siyasi və təbliğatı savaşı uduzan Yerevan danışıqları uzatmağa çalışmaqla vaxtı udmağa çalışır. Görünən odur ki, problemin sülh yolu ilə həlli də, hərb yolu ilə həlli də Ermənistanı qane etmir. Bu səbəbdən də, danışıqlarda və cəbhə bölgəsində əlavə problemlər çıxarmaqla prosesi uzadırlar. Ekspertlərin qənaətincə, Ermənistanın belə addımları hərbi variantın gündəliyə çıxmasına təkan verə bilər.
Qeyd edək ki, son 5-6 ildir ki, münaqişənin həlli ilə bağlı sülh danışıqları Praqa prosesi üzrə aparılır. Bu çərçivədə Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır.
Bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Burada isə, əsas prinsip ərazi bütövlüyüdür.
Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan torpaqları qanunsuz olaraq uzun illərdir ki, işğal altındadır. "Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bizim bütün mədəni, dini, tarixi abidələrimiz dağıdılmışdır. İşğal edilmiş bütün rayonlarda mövcud olan maddi sərvətlər talan edilmişdir. Biz bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik.
Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək. Sadəcə olaraq, onu qeyd etmək istəyirəm ki, bütün başqa sahələrlə bərabər, ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır".
Beləliklə, bölgədə gedən son proseslərin Ermənistanın xeyirinə olmadığını həm Yerevanda, həm də Moskvada yaxşı anlayırlar. Bu səbəbdən də Azərbaycan artıq bütün cəbhələrdə Ermənistanı dalana dirəyib. Görünən odur ki, Yerevan son seçimini etməyə məcburdur və bunun üçün onun çox az vaxtı qalıb.

Digər xəbərlər