PDF Oxu

Araşdırma

  • 19

Ermənistan - uçurumun bir addımlığında

Ermənistan - uçurumun bir addımlığında
Ermənistanda mövcud olan ağır və böhranlı ictimai-siyasi durum artıq özünün ən ağır həddinə çatıb. Ölkədə baş verən qanunsuzluq və özbaşınalıq halları Ermənistan əhalisini də artıq dözülməz bir hala salıb. Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsi də buna sübut ola bilər. Artıq bütün sahələri əhatə edən böhran ermənilərin kütləvi işsizlik probleminin yaranmasına gətirib çıxarmışdır ki, bu da onların xarici ölkələrə axın etməsinə səbəb olur. Bu vəziyyət Ermənistanın özü ilə yanaşı, işğal olunmuş Dağlıq Qarabağ ərazisində də müşahidə olunmaqdadır.
İşğaldan sonra Azərbaycan əhalisinin öz torpaqlarından köçürülməsi nəticəsində bu ərazilər boş qalmış və ermənilər öz işğalçı siyasətlərinə haqq qazandırmaq üçün buraya zorla da olsa erməniləri köçürmüşlər. Bu üzdən də Dağlıq Qarabağda sosial - iqtisadi durum da çox mürəkkəb olaraq qalır. İnsanların dolanması üçün heç bir iş yeri yoxdur. Hər yerdən təcrid olunmuş bu əraziyə heç kəsin investisiya qoymağa risk etməməsi və Ermənistan dövlətinin də büdcəsinin bu ölkəyə vəsait ayırmaq imkanının olmaması Dağlıq Qarabağın durumunu çətinləşdirir. Ara-sıra bəzi dairələr tərəfindən Dağlıq Qarabağa yardım edilməsi də Dağlıq Qarabağın vəziyyətini yüngülləşdirmir. Dağlıq Qarabağda mövcud olan acınacaqlı durum artıq faktlar şəklində özünü göstərməyə başlayıb. Bunu Dağlıq Qarabağda olan xarici ölkələrin jurnalistləri də etiraf edirlər. Onlar belə bir vəziyyətdə yaşayışın mümkün olmadığını bildirirlər.
Dağlıq Qarabağda olan durum xarici jurnalistlərin dili ilə faktlar və rəqəmlərlə göstərilir. Belə ki, ötən il ərzində Dağlıq Qarabağda 2000-dən çox qanun pozuntusu hallarının müşahidə olunduğu qeyd edilir. Bunların da əksəriyyəti ordudan yayınma, fərarilik, orduda baş verən neqativ hadisələrlə bağlıdır. Bunu da onunla bağlamaq olar ki, heç bir erməni Dağlıq Qarabağda xidmət etmək istəmir. Burada onlara qarşı münasibətin pis olduğunu, ordudakı şəraitin isə dözülməz olduğunu etiraf edirlər. Təsadüfi deyil ki, ötən il Dağlıq Qarabağda orduda olan mənfi halların nisbəti 25 faiz artmışdır. 100-ə yaxın fərarilik, 200-dən çox ordunu özbaşına tərketmə, 50-yə qədər intihara cəhd, 400-dən çox rüşvətalma, 40-a qədər işgəncə və zorakılıq halları qeydə alınmışdır.
Bütün bunlar, onu deməyə əsas verir ki, işğal altında olan ərazilərimizdə tamamilə özbaşınalıq halları baş alıb gedir. Artıq nəzarətdən kənar qalan bu ərazidə erməni separatçıları istədikləri kimi hərəkət edirlər. Bundan ən çox əziyyət çəkən isə burada yaşayan əhalidir ki, onlar da yalnız yaşamaq uğrunda mübarizə apardıqlarını bildirirlər. Dövlət tərəfindən heç bir kömək almadıqlarını bildirən Dağlıq Qarabağ erməniləri kömək üçün müraciət edəcəkləri bir yerin olmadığından da şikayətlənirlər. Burada, demək olar ki, hər gün cinayət hadisəsinin baş verdiyini deyən ermənilər özlərini yalnız öz güclərindən istifadə edərək, qoruduqlarını deyirlər. Baş verən hadisələrə nəzarət etmək üçün heç bir hüquq-mühafizə orqanının fəaliyyət göstərməməsi, bütün hakimiyyətin yalnız Ermənistan rəhbərliyi tərəfindən təyin olunmuş bir qrup insanın əlində cəmləşməsi vəziyyəti daha da gərginləşdirir. Bir sözlə, qondarma Dağlıq Qarabağ respublikası və onun əhalisi artıq uçurumun kənarındadırlar.
Ermənistanda təkcə Dağlıq Qarabağ əhalisi deyil, eyni zamanda, Ermənistanın özündə yaşayan ermənilər də ağır sosial-iqtisadi durumdan əziyyət çəkirlər. İşsizlik artıq bütün ölkəni bürüyüb və daha geniş bir şəkildə yayılmaqdadır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu üzdəndir ki, ermənilər kütləvi şəkildə ölkəni tərk etməyə, xarici ölkələrdə sığınacaq almağa meyil edirlər. Təsadüfi deyil ki, BMT-nin rəsmi açıqlamasında təkcə ötən il ərzində 6 mindən çox erməninin Ermənistanı tərk etdiyi və xarici ölkələrdə qaçqın statusu almaq üçün müraciət etdiyi bildirilir. Ölkə iqtisadiyyatının iflic olması əmək qabiliyyətli əhalinin miqrant kimi Avropa və MDB ölkələrinə müraciət etməsinə səbəb olmuşdur. Ölkə əhalisi o qədər azalıb ki, artıq Dağlıq Qarabağda bir rayonun əhalisi qədər insanını yaşamadığı iddia edilir. Yəni bu fakt onu göstərir ki, erməni əhalisi heç də ölkə rəhbərliyinin yeritdiyi siyasətdən razı deyil. Onlar Dağlıq Qarabağda, nəinki məskunlaşmaq istəmirlər, eləcə də, bu ərazinin işğal altında saxlanmasından razı deyillər. Ermənistan vətəndaşları hər hansı bir inkişafdan geridə qalmış ölkədə yaşamağa daha çox üstünlük verirlər, nəinki Dağlıq Qarabağda səfalət içində yaşamaq.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanda təkcə sadə vətəndaşlar deyil, bəzi rəhbər orqanlarda işləyən vəzifəli şəxslər, yəni Ermənistanın bu mürtəce siyasətini həyata keçirənlər də bu ölkədə yaşamağın onlar üçün heç bir perspektiv vəd etmədiyini anlayaraq, öz gələcəklərini Ermənistandan kənarda qurmağa can atırlar. Bu məsələ artıq rəsmi fakt şəklində öz təsdiqini tapıb. Belə ki, Ermənistanın "Qraparak" qəzeti yaydığı məlumatda Ermənistan təhlükəsizlik nazirinin müavini Armen Darbinyanın 2004-cü ildə Rusiya prezidenti V.Putinə göndərdiyi gizli məktub öz əksini tapıb. Bu məktubda A.Darbinyan Rusiyanın o zamankı prezidentinə müraciət edərək, ona Rusiya vətəndaşlığının verilməsini xahiş edir. Bu məsələ Ermənistan ictimaiyyətində də böyük səs-küylə qarşılanıb. Ümumilikdə, belə bir faktın üzə çıxması Ermənistan cəmiyyətinin nə qədər qorxu və təlaş içində yaşadığını göstərməklə yanaşı, artıq cəmiyyətin içəridən çürüməkdə olduğunu da bir daha nümayiş etdirmiş olur. Yəni artıq ölkə rəhbərliyinin də öz vəziyyətindən narahat olması ermənilərdə bu ölkədə yaşamağa necə stimul verə bilər.
Ermənistanda olan durumu səciyyələndirərkən, burada olan böhranlı vəziyyətə nəzər yetirməmək mümkün olmazdı. Bu böhranın yaratdığı nəticələri isə yuxarıda sadaladıq. Əlbəttə, bu sadalanalar Ermənistanda olan vəziyyəti yalnız müəyyən qədər səciyyələndirə bilər. Yəni böhranın nə qədər genişmiqyaslı və dözülməz olduğunu göstərmək üçün daha çox faktları misal gətirmək olar. Bütün bu faktlar isə Ermənistanı artıq bir dövlət kimi mövcud olmaqdan məhrum edə bilər. Yəni insanların bu ölkədə yaşaması üçün heç bir şəraitin olmaması Ermənistanın dövlət kimi mövcudiyyatına son qoya bilər. Ermənistan sonsuza qədər xarici himayədarların verdiyi ianələr hesabına dolana bilməz. Bunu aradan qaldırmaq üçün isə Ermənistan rəhbərliyi öz siyasətində dəyişiklik etməlidir.

Digər xəbərlər