"Münaqişənin həlli sülh yolu ilə çətin olsa da başqa yol yoxdur"
"Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox çətindir". SİA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Hillari Klinton İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, istənilən həll variantı Helsinki prinsiplərinə əsaslanmalıdır: "Həm Ermənistan, həm də Azərbaycan başa düşür ki, istənilən qərar Helsinki razılaşmasına əsaslanmalıdır. Qərarlar beynəlxalq hüququn prinsipləri-güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsinə uyğun qəbul edilməlidir. Biz insan tələfatından təəssüflənirik. Bu, 1994-cü ildə atəşkəslə bağlı əldə edilmiş razılaşmaya və hər iki tərəfin bəyanatlarına ziddir. Biz qarşıdurmanın dərinləşməsini istəmirik, güc tətbiqini pisləyirik".
Hillari Klinton hesab edir ki, Azərbaycanla Ermənistan sülh razılaşmasının prinsiplərini tam razılaşdıracaqlar və bu da Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmağa imkan verəcək: "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə hazırıq. Təbii ki, bu, çox çətindir. Lakin başa düşürük ki, başqa yol yoxdur. ABŞ Qarabağ münaqişəsinin həllinə dair ümumi prinsiplərin konkretləşdirilməsini və yekun sənədin imzalanmasını gözləyir".
Hillari Klinton onu da deyib ki, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın dövlət başçısının iştirakı ilə çox ciddi danışıqlar aparıblar. O, yaxın vaxtlarda irəliləyişə ümid etdiyini bildirib: "Hamı bilir ki, bunlar çox ağır addımlardır. Lakin müəyyən addımları həyata keçirmək imkanı var".
Prezident Serj Sarkisyanla görüşündə isə diplomat xanım Ermənistan-Türkiyə münasibətlərinə önəm verib. Ermənistan-Türkiyə münasibətləri haqqında danışan H.Klinton: "ABŞ Ermənistan və Türkiyəni münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə çağırır",- deyə bildirib. O, iki ölkə arasında ötən ilin oktyabrında Sürix protokollarının imzalanmasını müsbət hal kimi qiymətləndirib: "ABŞ inanır ki, münasibətlərin normallaşdırılması həm Ermənistan, həm də Türkiyəyə və bütün regiona böyük üstünlüklər gətirəcək. Biz hər iki tərəfi prosesi davam etdirməyə və qapıları açmağa çağırırıq".
Ermənistanın bu prosesə bağlılığından məmnunluğunu ifadə etdiyini söyləyən dövlət katibi imzalanan sənədlərin həyata keçirilməməsindən təəssüfləndiyini bildirib: "Maneələr, problemlər var. Mən çox şadam ki, prezident Sarkisyan Türkiyədən qaynaqlanan problemlərə baxmayaraq Ermənistanın hər zaman prosesi davam etdirməyə hazır olduğunu, lakin Türkiyə də buna hazır olana qədər sonrakı addımlarını dayandıracağını bildirib. Biz bu bəyanatı alqışlayırıq. İdmanda deyildiyi kimi, indi top rəqibin meydanındadır və onlar addım atmalıdır".