"İİB Müdirlər Şurası Qrupunun 35-ci illik toplantısında 19 ölkə ilə 780,7 milyon dollar dəyərində kredit sazişləri imzalanıb"
İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurası Qrupunun 35-ci illik toplantısı çərçivəsində banka üzvü olan 19 ölkə ilə 780,7 milyon dollar dəyərində kredit sazişləri imzalanıb. SİA-nın xəbərinə görə, bu sözləri İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının prezidenti Əhməd Məhəmməd Əli Direktorlar Şurasının iyunun 23-24-də Bakıda keçirilən 35-ci illik toplantısı başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmçinin sazişlər Azərbaycan, Bəhreyn, Burkina Faso, Livan, Mali, Mozambik, Niger, Pakistan, Surinam, Suriya, Tacikistan, Uqanda, İran və Malaziya ilə imzalanıb: "Banka üzv olan ölkələrdə 30 əməliyyat proqramaları, üzv olmayan ölkərdə 6 yardım proqramını reallaşdırılıb".
Azərbaycanla qurum arasında münasibətlərə gəlincə, Əhməd Məhəmməd Əli 1991-ci ildən bu günə kimi Azərbaycana 67 milyon dollar həcmində vəsait yatırldığını bildirib. O, qeyd edib ki, toplantı çərçivəsində Azərbaycanla bank arasında üç saziş imzalanıb. Bunlardan biri 150 milyon avro həcmində olan bərk məişət tullantılarının yandırılması üzrə, digəri Kənd təsərrüfatının inkişafı sahəsində olub ki, onunda maliyyə həcmi 16.6 milyon dollar təşkil edib. Sonuncu isə, İİB ilə Azərbaycan Beynəlxalq Bankı arasında imzalanıb. Sənədə əsasən İİB Beynəlxalq Banka 30 milyon dollar miqdarında kredit ayırıb.
Bundan əlavə İİB rəhbəri Qırğızıstanda baş verən hadislərlə bağlı Qırğızıstan əhalisinə 2.2 milyon dollar dəyərində yardım ayrıldığını bildirib.
Daha sonra jurnalistlərin suallarını cavablandıran iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda təşkil olunmuş İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının 35-ci İllik Toplantısı çərçivəsində keçirilən tədbirlərin Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, hazırki toplantıda imzalanan sazişlər gələcək prespektivlərin inkişafına təkan verəcək.