Ermənistanda terror dövlət siyasətinə çevrilir
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğal dövrü olan son 20 ildə narkotranzit marşrutları, insan və orqan alveri tranziti, terrorçu təşkilatların təlim düşərgələri məqsədilə istifadə edən Yerevan burada beynəlxalq cinayətkar şəbəkənin yaranmasına nail olub. Üstəlik, ermənilər işğal olunmuş ərazilərdə irimiqyaslı ekoloji terror həyata keçirirlər. Bu isə, nəinki region ölkələri, həm də bütün dünya üçün təhlükə yaradır. Lakin dünya birliyi bu təhlükəni görməzlikdən gəlir və vandal dövlətə qarşı heç bir ciddi sanksiya tətbiq etmir.
Terror təşkilatları ilə Ermənistanın işbirliyinin tarixi yeni deyil. Sadəcə olaraq, hərdən bir sıra "operasyonlar" məxfilikdən çıxır və məlumatlar "lazım olmayan" ünvanlara sızır. Öncədən qeyd edim ki, hər hansı bir ölkə Ermənistan qədər terror təşkilatları ilə sıx əməkdaşlıq etsə, bütün dünya yığılıb onu çoxdan "xosunvay" etmişdi.
Qərb mediasında yayımlanan məlumatlara görə, 2009-ci il ərzində Ermənistandakı hərbi hissələrdən PKK terror təşkilatına milyonlarla dollarlıq silah-sursat göndərilib. PKK sıralarında Türkiyəyə qarşı döyüşən terrorçular arasında Ermənistandan və Yaxın Şərq ölkələrindən olan erməni mənşəli muzdluların olduğu da məlumdur. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində və İraqın şimalında PKK-ya qarşı apardığı antiterror əməliyyatları zamanı öldürülən terrorçular arasında erməni mənşəli muzdluların olduğu üzə çıxıb.
Ermənistandan göndərilən silah-sursatın bir hissəsi müxtəlif yollarla İraqdakı koalisiya qüvvələrinə qarşı döyüşən silahlı qrupların da əlinə keçir. Yaxın və Orta Şərqdə fəaliyyət göstərən terrorçu təşkilatlara Ermənistan vasitəsilə silah göndərilməsi faktları məlumdur. 2008 və 2009-cu illərdə Ermənistanın PKK və digər terror təşkilatları ilə işbirliyi daha da güclənib. Bütün bunlar, belə deməyə əsas verir ki, Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına, eyni zamanda, qeyri-qanuni silah satışının mərkəzinə çevrilib.
Dünya isə, deyəsən, hələ də terrorun nə dərəcədə dəhşətli olduğunu tam aydınlığı ilə duya bilməyib. Hətta "11 sentyabr" belə dünya birliyini tam ayılda bimədi. Ayıltsaydı, Ermənistan kimi terrorçu dövlətlər və təşkilatlar çoxdan cəzalandırılmışdı. Terrora qarşı sözdə yox, işdə mübarizə aparmaq lazımdır. Lakin Azərbaycandan başqa bunu istəyən ölkə hələ ki, üfüqdə belə görünmür.
İqtisadi böhran keçirən Ermənistan işğal olunmuş bölgələrdəki təbii ehtiyatların qeyri-qanuni istismarı ilə gəlir əldə etməyə çalışır. Çünki əhalisinin BMT-nin son statistikasına görə yarıdan çoxu yoxsulluq durumunda yaşayan Ermənistanda sosial böhran yaşanır.
Mövzuya bağlılığı olduğuna görə, bir məqama da toxunacağıq. Dünyada qlobal ekoloji problemlərin yaşandığı və təbii fəlakətlərin meydan suladığı bir zamanda bəzi dövlətlərin bu odun üstünə su tökməsi də bəşəriyyət üçün təhlükə yaradır.
İşğal altında olan ərazilərdə, mədəni və təbii sərvətlərin vəhşicəsinə talan edilməsi, ekoloji fəlakətin yaranmasına gətirib çıxaran fəaliyyətin həyata keçirilməsi, ərazinin ekosistemin məhv olmasını şərtləndirən meşə fondunun qırılması, su mənbələrinin səmərəsiz istifadəsi, faydalı qazıntı yataqlarının heç bir tələb və standarta cavab verməyən şəkildə istismarı kimi əməllər bəşəriyyət üçün real təhlükə yaradır. Çünki dünyanın hər bir regionunda baş verən ekoloji problemlər digər ərazilərə də təsirsiz ötüşmür.
Üstəlik, ermənilər bu fəaliyyətlərindən Azərbaycana qarşı təxribat amacı ilə yararlanırlar. Məsələn, çaylarda və su anbarlarında suyun planlı şəkildə toplanıb qəfildən buraxılması mayın əvvəllərindən başlayaraq, Azərbaycanın aran bölgələrində baş verən sel və daşqınların əsas səbəblərindən biridir. Bundan başqa, qəsdən törədildiyi məlum olan meşə yanğınları ərazidə təkcə floranın deyil, həm də faunanın məhv olmasına gətirib çıxarır. Buraya atmosferin çirkləndirilməsini də əlavə etsək, antropogen təsirlərin bölgə və dünya üçün təhlükəsini dərk etmək olar.
Sonda qeyd etmək istəyirik ki, XXI əsrdə dünyanın siyasi, iqtisadi, mədəni mənzərəsi tamam başqa kriteriyalar üzərində qurulur. Sülh təşəbbüsləri, ekoloji sağlamlıq, mədəni əlaqələr, qarşılıqlı iqtisadi əməkdaşlıq səyləri hansısa bir terrorçu dövlətin "şıltaqlığı" üzündən iflasa uğramamalıdır.