PDF Oxu

Araşdırma

  • 12

Ermənistan konstruktiv mövqe göstərməyə məcbur edilə bilər

Ermənistan konstruktiv mövqe göstərməyə məcbur edilə bilər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar bu günlərdə də aktiv olaraq qalmaqdadır. Baş verən proseslər və yeni cərəyan etməkdə olan hadisələr münaqişənin nizamlanması prosesinə təsirsiz ötüşə bilməz.
Belə ki, ötən ay qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən "parlament seçkiləri" barədə dünya ictimaiyyətinin gəldiyi qənaət, buna qarşı göstərdiyi sərt münasibət də belə amillərdəndir. Məhz bu seçkilərin keçirilməsindən sonra Ermənistana qarşı baş qaldırmaqda olan meyillər də Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəlidir. Ermənilərin yaratmaq isətədikləri "DQR"-in və orada baş tutan hər hansı bir siyasi prosesin tanınmaması ermənilərin işğalçılıq və separatçılıq meyillərinə qarşı artıq bütün dünyanın mübarizəsi kimi qiymətləndirilir. Dünya dövlətlərinin və bir çox beynəlxalq təşkilatların Ermənistana qarşı apardığı bu siyasət artıq münaqişənin həllində qüvvələr nisbətinin Azərbaycanın xeyirinə dəyişməsinin təzahürü kimi göstərilə bilər.
Sadalanan amillər, eyni zamanda, bir növ Ermənistana qarşı təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Yəni dünya ictimaiyyəti artıq işğalçı rejimə qarşı öz sərt üzünü göstərməyə başlayıb. Belə olan təqdirdə isə, Ermənistan münaqişənin həllində Minsk Qrupu tərəfindən ona təklif olunan prisiplərlə, daha doğrusu, yenilənmiş Madrid prinsipləri ilə razılaşmalıdır. Bu məsələ isə iyun ayının 5-də xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə keçiriləcək görüşündə müzakirə olunacaq. Belə ki, baş verən son hadisələrdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdən gözləntilər də böyükdür. Artıq bu görüşə Azərbaycan tərəfi Ermənistanın işğalçılıq siyasətinə qarşı daha ciddi əsaslarla, bütün dünyanın, eləcə də, Minsk Qrupunun Azərbaycanın haqq işinə dəstəyini qazanaraq gedir desək, yanılmarıq. Ermənistan isə, bu görüşə daha çox təzyiq olunmuş tərəf kimi qatılacaq. Belə olan təqdirdə isə, Ermənistanın geri çəkilməsi və ona təklif olunan variantlarla razılaşması daha çox ehtimal olunan və gözləniləndir. Onun indiyə kimi göstərdiyi qeyri-konstruktiv sərt mövqeyin yumşalması daha məqsədəuyğun olardı.
Lakin digər bir tərəfdən Ermənistan hakimiyyətinin bu variantlarla razılaşması məsələsinə baxdıqda, onun düşdüyü vəziyyəti nəzərə almaq lazımdır. Ermənistan hakimiyyətinin bu prinsipləri qəbul edəcəyi təqdirdə düşəcəyi vəziyyətə nəzər salsaq, onun üçün bu halın heç də müsbət olmayacağı məlum olur. Belə ki, artıq böhran vəziyyətində olan Ermənistan rəsmi dairələrinin hakimiyyəti əllərində saxlamaları üçün yeganə vasitə olan "DQR"-in itirilməsi onun üçün artıq son nöqtə-iflas olar. Ölkədaxili qüvvələrdən başqa, erməni diasporu da bu məsələdə Ermənistan hakimiyyətini qınaya bilər. Ermənistanın yaşaması üçün mühüm rol oynayan erməni diasporunun bundan qəzəblənərək Ermənistan hakimiyyətindən üz döndərməsi isə daha acınacaqlı olar. Bütün bunları nəzərə alaraq, Ermənistan tərəfi danışıqlarda güzəştə gedə və öz qeyri-konstruktiv mövqeyini davam etdirə bilər. Lakin bu yolun da Ermənistan üçün əlverişli olmasını demək olmaz. Azərbaycandan başqa, beynəlxalq ictimaiyyət qarşısında daha da güclənəcək təzyiqlərə Ermənistanın davam gətirməsi mümkün olmayacaq. Ermənistan heç bir cəhətdən buna davam gətirə bilməz. Çıxılmaz bir vəziyyətdə qalan Ermənistanın işğalçılıq siyasətindən əl çəkməkdən başqa heç bir yolu qalmamışdır. Ermənistanın hansı yolu seçəcəyi həm də ona qarşı ediləcək təzyiqlərdən asılı olacaq.
Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması gözlənilən görüşlərdən biri də Davudoğlu-Klinton görüşüdür ki, bu görüşün keçirilməsi üçün də artıq Türkiyə xarici işlər naziri artıq ABŞ-a yollanıb. Türkiyənin münaqişənin həlli üçün göstərdiyi xüsusi səyin ABŞ tərəfindən dəstəklənməsi də bu münaqişənin iki ölkə rəsmisinin görüşündə müzakirə olunması ehtimalını artırır. Türkiyə və ABŞ-ın Cənubi Qafqazda kəsişən meyilləri onların regionun təhlükəsizliyi üçün birgə çalışmalarına gətirib çıxarır. Bu görüşdə də məsələnin müzakirəsinin danışıqların gələcək perspektivlərinə öz təsirini də göstərəcəyi gözlənilir. Həmsədr ölkə olan ABŞ və regionda söz sahibi olan dövlət sayılan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səy göstərməsi bu təsirin müsbət olacağından xəbər verir. Hər halda, Türkiyənin regionda apardığı siyasətdə, xüsusən, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi mövqeyində möhkəm iradə nümayiş etdirməsi bunu deməyə əsas verir.

Digər xəbərlər