PDF Oxu

Araşdırma

  • 9

Ermənistanın tutduğu siyasi xətt dəstəksiz qalıb

Ermənistanın tutduğu siyasi xətt dəstəksiz qalıb
Bu günlərdə Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı Avropa ölkələrində, xüsusilə, Avropa təşkilatlarında müxtəlif rəylər formalaşmaqdadır. Bu mövqeyin nümayiş etdirilməsi özünü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə daha çox göstərməkdədir desək, yanılmarıq. Ermənistanın işğalçı dövlət kimi tanınması, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi yönümündə verilən bəyanatlar, bütövlükdə, Ermənistanın tutduğu mövqeyin ittiham olunması kimi qəbul olunmalıdır. Qeyd edək ki, Ermənistanı ittiham edən dövlətlər və qurumlar arasında Ermənistanın illərdən bəri arxasını dayadığı və onların hesabına yaşadığı dairələr də yer almaqdadır.
Belə ki, Avropa Birliyinin bu günlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı işğalçı dövlət kimi tanıyan bəyanatı da təsirli sənədlərdən hesab oluna bilər ki, bu da politoloqlar tərəfindən yüksək qiymətləndirilir. Bundan başqa, Avropa parlamenti də son iclasında yuxarıdakı bəyanata oxşar bəyanat yaymaqla Ermənistanın işğalçılıq siyasətini ifşa etmiş olub. Bu iki sənəddən başqa, bir neçə gün bundan öncə, Ermənistanda keçirilən qondarma parlament seçkiləri ilə bağlı olaraq da müxtəlif təşkilatlar seçkiləri tənqid edən və tanımayan bəyanatlar yaymaqdadırlar. ATƏT-in bununla bağlı olan bəyanatını xüsusi diqqətə çatdırmaq lazımdır ki, məhz qurumun sədrinin məsələyə münasibəti özlüyündə ATƏT-in qondarma seçkilərə münasibətini özündə əks etdirmiş oldu. K.Saudabayev qondarma Dağlıq Qarabağ Respublikasını tanımadağını və bununla da, bilavasitə qondarma seçkilərin də nəticələrini tanınmayacağını bildirib. Bununla yanaşı, o, həmçinin, belə addımların atılmasının münaqişənin nizamlanması prosesinə göstərəcəyi mənfi təsirdən də danışıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan bir qurumun belə bir mövqe bildirməsi, əlbəttə, Ermənistanın ifşa olunması baxımından çox əhəmiyyətlidir.
Ermənistandakı seçkiləri tənqid edən siyasi dairələr sırasında isə bir sıra dövlətlərin adlarını çəkmək olar ki, onlar da hər zaman öz siyasi kurslarında Ermənistanı müdafiə etdiklərini bildirmişlər. Bu sıradan, ilk növbədə, ABŞ-ın adını çəkmək olar ki, hələ seçkilər keçirilməmişdən öncə, ABŞ Dövlət Departamenti bu seçkiləri tanımayacağını bildirmişdi. Bundan bir müddət sonra isə, ABŞ rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir bəyanat yaymışdı ki, burada da, ABŞ-da fəaliyyət göstərən bəzi dairələrin qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkilərdə iştirak etməməyə və ümumiyyətlə, ABŞ vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.
Bundan başqa, Fransa da eyni mövqe nümayiş etdirərək, Dağlıq Qarabağdakı seçkiləri tanımadığını bildirib. Ölkənin xarici işlər nazirliyi və Avropa Birliyi bu barədə bəyanat yayaraq, qondarma Dağlıq Qarabağ Respublikasındakı "parlament seçkiləri"ni tanımayacağını qeyd edib.
Dağlıq Qarabağdakı seçkiləri tanımayan digər bir dövlət isə qonşu İran İslam Respublikasıdır ki, bu dövlətin də Ermənistana ayrı-ayrı dövrlərdə müxtəlif yardımlarının şahidi olmuşuq. İran rəhbərliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və qondarma seçkiləri qanunsuz saydığını nəzərə çatdırıb.
Ermənistandan üz döndərən dövlətlər içərisində Rusiyanın adını xüsusi qeyd etmək lazımdır ki, bu dövlətin də Ermənistana göstərdiyi yardımlar haqqında artıq kifayət qədər məlumatımız var. İlk olaraq, onu qeyd etmək istərdik ki, Rusiya da qondarma seçkilərə öz münasibətini bildirərkən, onu tanımadığını qeyd edib. Rəsmi Moskva isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Bu, Rusiyanın adət etdiyimiz mövqeyindən fərqlənən bir mövqedir. Minsk Qrupunun həmsədri kimi Rusiyanın adəti üzrə Ermənistanı müdafiə etməməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıması onun vasitəçilik missiyasına və danışıqlar prosesinə də müsbət təsir göstərə bilər.
Bu günlərdə isə Ermənistanın Rusiyadan istədiyi növbəti yardımına rədd cavabı alması, onun ən böyük müttəfiqindən də məhrum olacağı kimi şərh edilir. Belə ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan Rusiyaya sonuncu səfəri zamanı İran-Ermənistan dəmiryolunun çəkilməsi üçün Rusiyanın kredit ayırmasını istəsə də, Yerevaa rədd cavabı verilib.
Yuxarıda sadaladığımız dövlətlər və təşkilatların Ermənistana qarşı belə sərt mövqe nümayiş etməsi onların məsələyə düzgün yanaşmaları və reallığı aydın dərk etmələri ilə əlaqləndirilə bilər. Belə olan təqdirdə isə, Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi artıq qaçılmaz bir hala çevrilməkdədir. Beynəlxalq qüvvələr nisbətinin Azərbaycanın xeyirinə dəyişməsi və münaqişənin həllinə düzgün yanaşma Ermənistana qarşı təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Belə ki, qəbul olunmuş qətnamələr, verilən bəyanatlar Ermənistanı öz mövqeyindən dönməyə təhrik edə bilər. Artıq həmişəki müttəfiqlərin itirilməsi fonunda tək qalan Ermənistan öz siyasətinə dəstək almayacağı təqdirdə, onun təklənməsi də nəzərə alınmalıdır. Belə olan təqdirdə isə, Ermənistanın qarşısında indiki məqamda qoyulan ən əsas şərt kimi yenilənmiş Madrid prinsipləri ilə razılaşması məsələsi həll olunmalıdır. Ermənistan rəhbərliyinin bu prinsiplərlə razılaşması qaçılmazdır. Əgər Ermənistan bütün bunlardan nəticə çıxararaq, yenidən öz mövqeyində qalıb, Madrid prinsipləri ilə razılaşmazsa, onda bu ölkəyə qarşı daha sərt vasitələrdən, dəqiq desək, hərbi vasitələrdən istifadə edilməsi labüd olacaq. Bu halda isə, Azərbaycan artıq bu hüquqdan bütün beynəlxalq sənədlərə arxalanaraq, istifadə edə bilər. Yuxarıda adlarını çəkdiyimiz və digər sənədlər buna sübut ola bilər.

Digər xəbərlər