PDF Oxu

Araşdırma

  • 12

Ermənistan danışıqlar prosesindən yayınır

Ermənistan danışıqlar prosesindən yayınır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas sənəd sayılan Madrid prinsipləri ətrafında müzakirələr son zamanlar getdikcə aktivləşməkdədir. Buna da əsas səbəb kimi Minsk Qrupu həmsədrlərinin Madrid prinsiplərinin yenilənmiş variantını tərəflərə təqdim etməsi və bunun ətrafında danışıqların aparılması göstərilə bilər. Prinsiplərin Azərbaycan tərəfindən qəbul olunmasına baxmayaraq, işğalçı Ermənistan tərəfi hələ də öz qeyri-konstruktiv mövqeyini dəyişmək fikrində deyil. Ermənistan rəhbərliyi müxtəlif vasitələrdən istifadə etməklə Madrid prinsiplərini qəbul etməkdən boyun qaçırır və bununla da, bilavasitə, münaqişənin sülh yolu ilə həllindən yayınır.
Bu günlərdə Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan verdiyi bəyanatda yenə də danışıqlar prosesini əngəlləmək məqsədi daşımışdır. Belə ki, o, bəyanatında 2007-ci ildə qəbul edilmiş Madrid prinsiplərinin danışıqların əsası kimi qəbul edildiyini və Ermənistanın da bununla razılaşdığını bildirib. Sənədin məxfilikdən çıxarılmış hissəsində üç əsas beynəlxalq normanın yerinə yetirilməli olduğunu qeyd etmişdir ki, bu üç norma da xalqların öz müqəddəratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiq edilməməsidir. S.Koçaryan, həmçinin, onu da qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişə zonasındakı təmas xəttində snayperlərin geri çəkilməsi barədə Yerevanın təkliflərindən imtina edib.
S.Koçaryanın verdiyi bu bəyanat, konkret olaraq, Ermənistanın danışıqlar prosesində nümayiş etdirdiyi mövqeyi ört-basdır etmək və özünü haqlı çıxartmaq məqsədi güdən növbəti bəyanatdır. Artıq adət halını almış bu bəyanatlar eyni bir şeyin təkrar olunmasından başqa, eyni zamanda, məntiqsiz bir xarakter almağa başlayıb. Əgər S.Koçaryanın verdiyi bəyanatı diqqətlə nəzərdən keçirsək, bunu aydın şəkildə görmək olar. Onun Ermənistanın 2007-ci ildə qəbul edilmiş sənədi qəbul etməsini bildirməsi bir növ Ermənistanın sanki 2007-ci ildən bəri heç bir danışıqlarda iştirak etməməsini göstərmiş olur. Halbuki Madrid prinsipləri imzalandığı gündən indiyə kimi tərəflər arasında Minsk Qrupunun da iştirakı ilə çoxsaylı görüşlər keçirilmiş və sənəd ətrafında müzakirələr aparılaraq, onun üzərində düzəlişlər edilmişdir. Və bütün bunlar da birbaşa olaraq Ermənistanın iştirakı ilə baş tutmuşdur. Onun da razılığı və mövqeyi nəzərə alınaraq, ortaya yekun bir sənəd qoyulmuşdur ki, bu da yenilənmiş Madrid prinsipləri adlanır. Ermənistan isə bununla razılaşmayaraq, köhnə Madrid prinsiplərini qəbul etdiyini bəyan etməkdə davam edir.
Digər bir tərəfdən isə, S.Koçaryan burada üç beynəlxalq normanın əsas götürülməsini bəyan etməklə bir növ Ermənistanı ifşa edib desək, yanılmarıq. Azərbaycan bu prinsipləri bütün danışıqlar boyunca rəhbər tutmuşdur. Lakin Ermənistan isə tamamilə bu prinsipləri pozmaqdadır. İlk növbədə, ərazi bütövlüyü prinsipi önə çəkilir ki, bunun da əsasını Azərbaycan torpaqlarının işğaldan azad edilərək, beynəlxalq səviyyədə tanınan sərhədlərimizin, ərazi bütövlüyümüzün təmin olunması təşkil edir. Bu prinsip BMT-nin qəbul etdiyi qətnamədə də öz əksini tapmışdır. Digər prinsip kimi isə güc təyin edilməməsi prisipi göstərilirsə, burada da öz səhvini düzəltməli olan tərəf Ermənistandır. Çünki məhz Ermənistan ordusunun təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal olunmuş, əhalisi qırılmış, öz yurd-yuvalarından didərgin düşmüşdür. Məgər bu güc tətbiq edilməsinin praktik göstəricisi kimi göstərilə bilməz? Yaxşı olardı ki, Ermənistan bunları nəzərə alaraq, Azərbaycana qarşı bu prinsipin yerinə yetirilməsi məsələsini qaldırmasın.
O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, Azərbaycan dövləti bu prinsipi beynəlxalq siyasətin bir elementi kimi qəbul edir və ona hörmətlə yanaşır. Lakin bu, o demək deyil ki, ermənilərin də istədiyi kimi, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda daha bir erməni dövləti qurulmalıdır. Azərbaycan tərəfi bunu dəfələrlə ən ali səviyyələrdə bəyan edib ki, Dağlıq Qarabağa ən yuksək muxtariyyət verilə bilər. Yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bu mövqe birmənalıdır və dəyişməzdir. Ermənistanın buna yönəlik addımlarına isə heç bir vəchlə yol verilməyəcək.
Beləliklə, Ermənistan xarici işlər naziri müavininin belə bir bəyanat verməsini Ermənistanın münaqişənin həllinə ciddi yanaşmaması və danışıqlar prosesindən yayınmasına cəhd kimi qiymətləndirmək olar. Belə cəhdlər də birinci dəfə deyil və mütəmadi olaraq, təkrarlanmaqdadır. Lakin Ermənistan tərəfi bunu dərk etməlidir ki, o, belə bir mövqe tutmaqla, çox irəliyə gedə bilməz. Azərbaycan tərəfinin səbrinin tükəndiyi və danışıqlar prosesinin artıq mənasız bir hal aldığı vaxt Ermənistan güclü təzyiqlərə məruz qalacaq və Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün digər vasitələrə əl atacaqdır. Bu isə təkcə Ermənistan üçün deyil, eyni zamanda, bütövlükdə region üçün potensial təhlükədir.

Digər xəbərlər