PDF Oxu

Araşdırma

  • 12

"İsveçin Gənc Azərbaycanlıları" adlı yeni təşkilat yaradılıb

"İsveçin Gənc Azərbaycanlıları" adlı yeni təşkilat yaradılıb
İsveçdəki Azərbaycan diasporunun gənc fəalları yeni təşkilat yaradıblar. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, Stokholmda bir araya gələn gənc soydaşlarımızın keçirdiyi təsis konfransında Linköping Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Mahirə Muxtarlı və Stokholm Universiteti hüquq və beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Fərəc Quliyev təşkilatın nizamnaməsini geniş ekran vasitəsi ilə təqdim ediblər. Konfrans iştirakçılarının yekdil qərarı ilə İsveç Krallığında yaşayan azərbaycanlı gənclərin yeni təşkilatı "İsveçin Gənc Azərbaycanlıları" adlandırılıb. Konfransda təşkilatın idarə heyəti və rəmzləri təsdiqlənib. İdarə heyətinə həm Azərbaycan Respublikasından, həm də əslən Güney Azərbaycandan olan tələbələr, eləcə də, ayrı-ayrı idarələrdə, müəssisələrdə çalışan aktiv gənclər seçiliblər. Konfransa dəvət olunan qonaqlar öz çıxışlarında gənclərin bu təşəbbüsünə və onların gələcək fəaliyyətinə dəstək verəcəklərini bildiriblər. Sonda artıq isveçlilərin rəğbətini qazanmış reper Azərikim konfrans iştirakçıları qarşısında İsveç və Azərbaycan dilində çıxış edib. Qeyd edək ki, tezliklə İsveç Krallığında yaşayan soydaşlarımızın birgə fəaliyyətinin nəticəsi olaraq, "İsveç Azərbaycanlıları Konqresi" yaradılacaq. Konqresin ilk qurultayı bu il iyunun 5-də Stokholmun "Radisson" otelində keçiriləcək. Ümumiyyətlə, son dövrlərdə İsveçdə yaşayan soydaşlarımız daha mütəşəkkil fəaliyyət göstərməyə başlayıblar. Bu ilin əvvəlindən bəri artıq bir neçə dərnək və cəmiyyət rəsmi qeydiyyatdan keçib və təşkilatlanmış şəkildə fəaliyyət göstərmək məqsədilə bir yerə toplanmışlar.

Digər xəbərlər