"Azərbaycan sülh sazişi üstündə işə başlamağa hazırdır"
Azərbaycan xarici işlər nazirli Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək. SİA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri jurnalistlərə açıqlamasında bildirib ki, həmsədrlərlə iyunun 5-də görüşəcək.
Nazirin sözlərinə görə, görüş Avropa Şurası Venesiya Komissiyasının 60 illiyinə həsr olunmuş iclas çərçivəsində keçiriləcək. Ermənistanın yenilənmiş Madrid Prinsiplərinə hələ də münasibət bildriməməsinə gəlincə Elmar Məmmədyarov rəsmi İravanın mövqeyini neqativ qiymətləndirib. Onun sözlərinə görə 2007-ci ildən müzakirə mövzusu olan Madrid Prinsipləri o müddətdən bu günə kimi Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən 9 görüş və XİN səviyyəsində və ATƏT-in Minsk qrupu həmsədrləri səviyyəsində də çoxsaylı görüşlərdə müzakirə olunub və ortaya çıxan məsələlər detallarla həmsədrlər tərəfindən araşdırılıb: "Mən ermənilərin mövqeyini neqativ qiymətləndirirəm. Çünki onlar danışıqlar prosesini ləngidirlər. Son iki il ərzində çox geniş və dərin danışıqlar gedir. Həmsədrlər hər ay regiona gəlirlər, prezidentlər arasında 9 görüşü olub. Bu sənəd göydən düşməyib. Azərbaycan prinsipcə bu sənədi qəbul edir. Sənədin əsasında geniş sülh sazişi üstündə işə başlamağa hazırıq. Amma indiyə kimi Ermənistan dəqiq cavab verməyib. Ona görə də, təəssüf ki, iş ləngiyir. Bu isə çox mənfi haldır".