Ermənistan növbəti sərsəm bəyanat yayıb
Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni proseslərin baş verməsi müşahidə olunmaqdadır. Bu proseslər, xüsusilə, münaqişə tərəflərinin verdiyi bəyanatlarda özünü göstərməkdədir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərəflərə yenilənmiş Madrid prinsiplərini təqdim etdikdən sonra, Ermənistanın bununla bağlı razılığa gətirilməsi üzərində iş getdiyi bir vaxtda danışıqlar prosesində hansısa bir hadisənin baş verməsi çox əhəmiyyətlidir.
Baş verə biləcək hər hansı bir hadisə münaqişənin tənzimlənməsində mühüm rol oynaya bilər. Lakin çox təəssüf ki, Ermənistan tərəfinin göstərdiyi mövqe, həmişə olduğu kimi, münaqişənin tənzimlənməsinə mane olmaqla seçilir. Bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin verdikləri bəyanatda da yuxarıda adını çəkdiyimiz amil özünü bir daha göstərdi.
Bir neçə gün bundan öncə, Azərbaycan xarici işlər nazirinin müavini və Prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimovun İTV-yə verdiyi açıqlamada Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarının bəzi hissələrinin azad edilməsi üçün rəsmi Bakıdan vaxt istədiyini bildirmişdi. Mərhələli həll planına uyğun olaraq, ilk beş rayonun azad edilməsindən sonra məhz dəhliz rolunu oynayan Laçın və Kəlbəcərin işğaldan azad olunması üçün Ermənistanın vaxt istədiyi qeyd edilmişdi. A.Əzimovun bu bəyanatından sonra dərhal Ermənistanın xarici işlər nazirliyindən buna cavab gəldi. Xarici işlər nazirinin müavini Savarş Koçaryan A.Əzimovun bəyanatına cavab olaraq, bildirib ki, Azərbaycan "işğal etdiyi" Dağlıq Qarabağ torpaqlarını azad etməyə və "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımağa hazır olduğu, eyni zamanda, orta əsr təfəkkürü və iş üsulundan imtina etdiyi zaman, qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsini xahiş edə bilər. Ermənistan rəsmisinin belə bir bəyanatla çıxış etməsi heç bir vəchlə qanunauyğun hesab edilə bilməz. Əlbəttə ki, heç bir reallığa uymayan və yalnız S.Koçaryanın subyektiv fikrini əks etdirən bu bəyanatı erməni rəsmilərinin növbəti sayıqlaması kimi göstərmək olar.
Dəfələrlə Ermənistan hökumətinin nümayəndələrinin bu və ya digər məsələ ilə bağlı mövqelərini açıqlayarkən, qərəzli fikirlərə yol verdiyini görə bilərik. Lakin erməni diplomatının bu son bəyanatı digərlərindən qərəzli və məntiqsiz olması ilə yanaşı, gülüş doğurması ilə də yadda qaldı. Azərbaycan torpaqlarını işğal etdiyi fakt kimi, bir çox ən ali səviyyəli beynəlxalq qurumların sənədlərində əks olunduğu halda, bu məqamı Azərbaycanın ayağına yazmaq, onu baş verənlərdə günahkar kimi təqsirləndirmək, heç bir halda, məntiqə uyğun deyil. Bu, yalnız və yalnız Ermənistanın məsələyə təhrif olunmuş münasibətidir. Ermənistan hakimiyyətinin öz fəaliyyətini bu yöndə qurması heç də onun dediklərinin qəbul olunması demək deyil. Bununla kifayətlənməyərək, S.Koçaryan qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının da Azərbaycan tərəfindən lazımlı olduğunu bildirməsi ilə yadda qalıb. Heç bir beynəlxalq qurum və təşkilat tərəfindən tanınmayan, Azərbaycanın sərhədləri daxilində göstərilən Dağlıq Qarabağ ərazisində respublika yaratmaq və bununla yanaşı, adıçəkilən ərazidə müxtəlif qeyri-qanuni fəaliyyətlə məşğul olmalarına baxmayaraq, ermənilərin bu "respublika"nın Azərbaycan tərəfindən tanınmasını istəməsi sırf erməni xislətinin, tipik erməni xarakterinin göstəricisidir. Onların daim tarix boyu bu istiqamətdə fəaliyyətinin şahidi olmuşuq. Azərbaycanın müxtəlif ərazilərini işğal etmək, bu ərazilərdə öz dövlətlərini qurmaq, daha sonra isə, onun tanıdılması üçün əllərindən gələni etmək ermənilərin artıq vərdiş etdiyi bir haldır.
Bütövlükdə, təhrif olunmuş və heç bir reallığa sığmayan erməni diplomatının bu bəyanatında diqqəti çəkən digər bir məqam isə, ondan ibarətdir ki, onun fikrincə, Azərbaycan orta əsr təfəkkürü və iş üsulundan istifadə etməkdədir və Ermənistanla danışıqlar aparmaq üçün bundan imtina etməsinin lazım olduğunu bildirib. Azərbaycan dövlətinin bütün səviyyələrində ən ali savadlı kadrların yerləşdirildiyini və onların öz fəaliyyətlərində ən son müasir texnologiyalardan istifadə etdiyi məlumdur. Həyata keçirilən layihələr və onların verdiyi səmərəli nəticələr bunu deməyə əsas verir. Lakin görünür, "yüksək inkişaf səviyyəsinə çatmış" Ermənistana çatmaq üçün hələ də bütün bunlar kifayət etmir. Bəli, həqiqətən də, ağır böhran və tənəzzül içində olan Ermənistanın, onun dövlət və hökumət dairələrinin nümayəndələrinin təfəkkür səviyyəsi və iş üsulu haqqında ən pis sözlərin deyilməsi lazım olan bir məqamda ermənilər özləri buna əl atdılar.
Laçın və Kəlbəcərin işğaldan azad olunması üçün vaxt istənilməsi faktı isə A.Əzimovun açıqlaması isə S.Koçaryan kimi onun şəxsi mövqeyinin əksi deyil, məhz davam etməkdə olan danışıqların göstəricisidir. A.Əzimov danışıqlarda gedən prosesləri ictimaiyyətə çatdırmaq üçün belə bir açıqlama vermişdir. Əlbəttə, digər açıqlamalar kimi bu açıqlama da münaqişənin həllində vasitəçi olan Minsk Qrupunun iştirakı ilə keçirilən danışıqlar prosesini əks etdirir və həmsədrlərin də bundan xəbərdar olduğu bildirilir. Ermənistan tərəfinin belə bir arxayınlıqla bunu səsləndirməsinin isə, əsasında, məhz ona qarşı müxtəlif beynəlxalq qurumlar və dövlətlər tərəfindən göstərilən mülayim münasibətin durduğunu demək olar.