Ermənistan ordusu böhrana təslim
Qlobal maliyyə və yarıtmaz idarəçilik Ermənistanı getdikcə daha ağır duruma salır. Ordu quruculuğu prosesində də Ermənistan ciddi çətinliklərlə üzləşir. Ölkənin sosial-iqtisadi və maliyyə sektorunda yaranmış dərin çatlar, eləcə də, siyasi müstəvidə hakimiyyətdəki oliqarxların bütün opponentlərinə qarşı qəddarcasına münasibətləri bu problemlərin daha da dərinləşməsinə səbəb olub.
Milli Statistika Xidmətinin (MSX) rəsmi açıqlamasında bildirilir ki, son 10 ildə ölkəni orta hesabla 1 milyon 500 min nəfər tərk edib. Xaricdə işləməklə ailəsini dolandırmaq istəyənlərin əksəriyyəti imkan düşən kimi ailələrini də mühacirətə aparırlar. Erməni əmək miqrantları daimi yaşamaq üçün İspaniya, Argentina, Kanada, Rusiya, Polşa, Avstraliya və Braziliya kimi dövlətlərə üstünlük verir.
Xarici dövlətlərə köç dalğasının davam etməsi nəticəsində ölkədə gənclərin sayca azalmasını nəzərə alaraq, ordunun mövcudluğunu qorumaq üçün "könüllü əsgəri xidmət" qanununa istinad olunmaqdadır. Könüllü əsgəri xidmətdə olanların əksəriyyəti savadsız və imkansız vətəndaşlardan ibarətdir. Onlara ayda 250-300 dollar civarında maaş verməklə guya ordunun formalaşması kimi təbliğatlar aparılır.
Vazgen Sarkisyan və Armenak Xanferyants adına hərbi məktəblərin müdavimləri ilə görüşündə müdafiə naziri Seyran Ohanyan ordudakı problemlərin yetərincə olduğunu etiraf etməklə yanaşı bildirib: "Dövlətin mövcudluğu indiki iqtisadi və maliyyə böhranlarına görə təhlükə altındadır. Bu problemləri dəf etməyin bircə yolu qalıb ki, bizlər erməni milliyyətçiliyini gənclər arasında üstün səviyyədə inkişaf etdirək.
Hazırda orduda artilleriya, tank, aviasiya, hava hücumundan müdafiə, tibbi xidmət və digər sahələr üzrə 4 min nəfər zabit heyəti çalışır. Onların hamısı olduqca ağır maddi və sosial həyat tərzi şəraitində yaşamağa məcburdur. Bizlər bütün bunlara dözməliyik. Çünki 1918-ci ildə, tarixdə ilk dəfə olaraq, Ermənistan adlı dövlətin yaranmasına nail olmuşuq. Bunu diqqətə alıb, hər cür çətinliklərə və ağırlıqlara dözməliyik".
Yerevandakı "ArmeniaNow.com" internet qəzetinin redaktoru Qayane Abramyan ordu ilə bağlı araşdırmalarında qeyd edir: "Orduya hərbi səfərbərliklə bağlı yaranmış problemləri həll etmək üçün rəhbərlik tələbələrin "əsgəri möhlət" hüququnu ləğv etmək istəyir. Çünki tələb olunan hərbi səfərbərlik üçün planı doldurmaq mümkün deyil. Ordu komandanlığı buna görə əsas da tapıb: "Azərbaycan ordusunda döyüş ruhunun gücləndirilməsi prosesi gücləndirilibdir". Halbuki ali məktəb müəllimlərinin və valideynlərin fikrincə, tələbələrin "əsgəri möhlət" hüququndan məhrum olması onların elmi biliklərə yiyələnmələrinə ciddi şəkildə mənfi təsir göstərəcək".
MSX-nin əhalinin məskunlaşma və demoqrafik vəziyyəti üzrə idarə rəisi Karina Kümcyan mətbuat konfransında: "Son 10 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfəbərliklə bağlı tələb olunan normativlərə görə mənfi dərəcəyə enib. Vəziyyətin belə davam edəcəyi təqdirdə, yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq. Baxmayaraq ki, silahlı qüvvələrlə bağlı bütün məlumatlar hərbi sirr olaraq saxlanılmalıdır, bu yöndə həyəcan təbilini çalmaq mənim vətəndaşlıq borcumdur".
Sosioloq Anait Simonyanın tədqiqatlarına görə, Ermənistan ordusunda hərbi xidmətdən yayınanların 65 faizindən çoxu hərbi komissarlıqlara rüşvət verməklə guya ali təhsil aldıqları barədə "əsgəri möhlət" arayışını təqdim edir. Universitetlərdə tələbələr arasında aparılan araşdırmalardan məlum olub ki, onların 30 faizindən çoxu məhz əsgəri xidmətə getməmək üçün ali təhsil almaq məcburiyyətindədir. A.Simonyanın fikrincə, "əsgəri möhlət" qanununun ləğvini gündəmə gətirən mafiyanın məqsədi rüşvətin miqdarını artırmaq və eyni zamanda, bu prosesə daha çox vətəndaşı cəlb etməkdir.
2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışmış, indi isə Daşnaksütyun partiyasının idarə heyətinin üzvü olan general-mayor Artur Ağabekyan hərbi səfərbərliklə bağlı bildirib ki, orduya cəlb olunan 18 yaşlı erməni gənclərin böyük əksəriyyəti fiziki cəhətdən yararsızdır. O, sözlərinə əlavə edir: "Ölkədə demoqrafik vəziyyətin ildən-ilə ağırlaşması ordu üçün fəlakətə çevrilib. Buna görə də, peşəkar ordunun formalaşdırılmasına üstünlük verilməlidir. Ancaq təəssüflər olsun ki, dövlət büdcəsi peşəkar ordunun formalaşması üçün yetərli deyil".
Onun bu fikrinə dəstək verən general-mayor Kamo Koçunts açıqlamasında onu da vurğulayıb ki, 2005-ci ildən etibarən professional ordunun yaradılması üçün 8 min nəfərlik heyətin əsgəri xidməti istiqamətində layihə hazırladıq. Nəticədə məlum oldu ki, bu qədər könüllü əsgərin maaşla təmin olunması üçün dövlətin imkanları, demək olar ki, yoxdur.
İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə, "orduya xidmət Serj Sarkisyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır.
Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda savaşda bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb".
Göründüyü kimi, Ermənistanda iqtisadi, siyasi və sosial böhranla yanaşı, hərbi böhran da dərinləşib. Terrorçu dövlətin ordu adlandırdığı quldur dəstələri dağılmaq üzrədir. Erməni xalqı isə cinayətkar rejimin və onun yürütdüyü separatçı siyasətin qurbanına çevrildiyini anlayıb.