“Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar"
Dünən Ombudsman Aparatı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında sıx əməkdaşlıq əlaqələri ilə bağlı dinləyicilərlə növbəti görüş keçirilib. Müvəkkil təsisatında "Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar" mövzusunda keçirilən həmin görüşdə Ombudsman Aparatının elmi-analitik sektorunun baş məsləhətçisi Mahir Məmmədov çıxış edərək, bildirdi ki, akademiya ilə birgə tədbirlər müntəzəm olaraq təşkil edilir: "Belə tədbirlər bir sıra təhsil müəssisələri ilə yanaşı, bu akademiyanın tələbələri də ombudsman təsisatında istehsalat təcrübəsi keçirlər. Həmin kurslarda ölkəmizdə həyata keçirilən dövlət siyasətini dövlət qulluqçularına, o cümlədən hüquq-mühafizə orqanlarında çalışan məsul əməkdaşlara çatdırmaq, izah və şərh etmək məqsədilə təşkil olunur"
Tanışlıq məqsədi daşıyan görüşdə Ombudsman Aparatı hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı və İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini Adil Eyvazov müvəkkilin səlahiyyətləri və vəzifələri, şikayətlərin qəbulu və baxılması qaydaları, ombudsmanın regional mərkəzləri, dövlət qurumları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı, həmçinin, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verdilər. Çıxış edənlər ölkəmizdə uğurla tətbiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Ombudsman Aparatının fəaliyyəti və icrası barədə məlumat verdilər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların ixtisasının artırılması fakültəsinin dekanı Natiq Qarayev səmimi şəraitdə keçən görüşün təşkili, fikir və məlumat mübadiləsi üçün Ombudsman Aparatınını rəhbərliyinə təşəkkürünü bildirdi. Sonda dinləyicilərin çoxsaylı sualları cavablandırıldı.