PDF Oxu

Araşdırma

  • 12

"Knessetdə "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edilməyəcək"

"Knessetdə "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edilməyəcək"
"Erməni soyqırımı" məsələsinin Knessetdə müzakirəsi bir neçə dəfə qaldırılıb, hər dəfə də parlamentin Xarici işlər və təhlükəsizlik komitəsinə ünvanlanıb".
Bunu APA-ya eksklüziv açıqlamasında İsrail parlamentinin (Knesset) Xarici işlər və təhlükəsizlik komitəsinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Robert İlatov uydurma "erməni soyqırımı" məsələsinin Knessetin gündəliyinə salınmasına münasibət bildirərkən deyib.
O, dünən də bu məsələni gündəlikdən çıxarmağı xahiş etdiklərini, lakin xahişlərinin qəbul edilmədiyini söyləyib: "Bir neçə ay əvvəl də bu məsələ Knessetdə qaldırılmış və komitəyə ünvanlanmışdı, amma bu günə qədər müzakirə olunmayıb. Bu, İsraildə nadir haldır - adətən biz iki münaqişə aparan tərəfə aid məsələləri müzakirə etmirik. Bizim fraksiya Türkiyə ilə Ermənistan arasında olan problemlərə qarışmamaqla bağlı öz mövqeyində qalacaq". Deputat bildirib ki, adətən komitə belə məsələləri baxılmamış saxlayır.
Məsələnin komitədə qalacağı, yoxsa plenar iclasa çıxarılacağı sualını cavablandıran R. İlatov qeyd edib ki, belə məsələləri araşdırmaq üçün komitənin əlində kifayət qədər vasitə yoxdur: "Ona görə hesab edirəm ki, plenar iclasda məsələ ilə bağlı qərar qəbul edilməyəcək". Deputat əlavə edib ki, məsələnin açıq, yoxsa qapalı iclasda müzakirə olunması ilə bağlı fikir ayrılığı var, Knessetin reqlament komitəsi bununla bağlı qərar çıxarmalıdır. "İsraildə hökumətin parlamentə hansısa məsələni müzakirə etməmək tövsiyəsi ilə çıxış etmək praktikası varmı, ola bilərmi ki, "erməni soyqırımı" hökumətin tövsiyəsi ilə müzakirə edilməsin" sualını cavablandıran R. İlatov belə bir praktikanın olduğunu deyib: "Xarici işlər, müdafiə və istənilən digər nazirlik bu münaqişəyə qarışmamaq tövsiyəsi ilə çıxış edə bilər".
Xarici işlər naziri Aviqdor Libermanın belə tövsiyə ilə çıxış edə biləcəyi barədə ehtimala gəlincə, R. İlatiov buna heç bir şübhəsi olmadığını vurğulayıb: "Bizim mövqeyimiz çox aydındır. Dünənki səsvermədə də qərarın əleyhinə çıxış edən 8 deputatdan 6-sı Libermanın rəhbərlik etdiyi "İsrail - Bizim Evimizdir" partiyasının üzvüdür. Mən dünən də demişəm ki, biz nə İnsan Haqları üzrə Komitəyik, nə BMT-yik, bizdə bu və ya digər faktların doğruluğunu yoxlamaq üçün heç bir alət yoxdur, bu, iki tərəfin problemidir, özləri də həll etməlidir. Biz bir dövlət kimi bu münaqişəyə qarışmamalıyıq. Xarici işlər və təhlükəsizlik komitəsində də biz bu mövqedən çıxış edəcəyik".
Qərarın lehinə səs verənlər arasında ərəblərin olması faktına münasibət bildirən R. İlatov Knessetdəki 120 deputatdan 10-nun ərəb mənşəli olduğunu deyib. Deputat onu da əlavə edib ki, ərəb deputatlar Türkiyənin əleyhinə olan bütün qərarların lehinə səs verirlər.

Digər xəbərlər