TÜRKSOY-un III seminarı keçirildi
Dünən Muzey Mərkəzində "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda III Beynəlxalq Seminarı keçirildi.
Seminarı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev seminarın keçirilmə məqsədinə aydınlıq gətirərək, təşkilatının Mədəniyyət Nazirlərinin Daimi Şurasının XXVI toplantısında qəbul edilmiş "TÜRKSOY-un 2010-cu il üçün Fəaliyyət Proqramı"na əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə türk xalqlarının mütəxəssislərinin dəvət olunduğunu bildirdi.
Seminarın ilk günü "Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri" mövzusunda məruzənin dinləniləcəyini bildirən nazir günün ikinci yarısında iştirakçıların 2010-cu il üçün Azərbaycanın Sənətkarlıq Paytaxtı - Şəkiyə yola düşməsi və seminarın işinin aprelin 28-də Şəki şəhərində davam etdirməsi planlaşdırıldığını nəzərə çatdırdı. Şəki şəhərində davam olunacaq seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsin beynəlxalq reyestrinin formalaşdırılmasının imkanları, "Türk dünyasının xalq yaradıcılığı paytaxtları" Beynəlxalq Proqramı layihələrinin müzakirələrindən sonra seminarın işi yekunlaşdırılacaq. Ertəsi gün iştirakçıların Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanışlığı gözlənilir. Aprelin 30-da şəhərimizin qonaqları üçün İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyaları təşkil olunacaq.
Əbülfəs Qarayev türk xalqlarının qeyri-mədəni irsinin qorunmasında müəyyən məqamlara diqqəti yönəldərək, onu da bildirdi ki, "Kitabi-Dədə Qorqud"un YUNESKO-nun mədəni irsi siyahısına daxil edilməsi üçün bir konsepsiya hazırlanıb təqdim olunmalıdır. Bu, bütövlükdə, türk xalqlarına məxsus bir eposdur. Hər bir xalqın xalçası, aşıq sənəti, musiqisi və s. dəyərləri var ki, məhz bunların hər biri xalqları səciyyələndirən keyfiyyətlərdir. Azərbaycan dünyaya Qarabağ xalçasını təqdim edir və bütün bunların müqabilində qeyri-xalqların bizə məxsus olan dəyərlərin mənimsənilməsinin qarşısı alınır. Azərbaycan Milli Elmlər Akademiyasının apardığı tədqiqatların əvəzolunmazlığını vurğulayan nazir Avropa xalqlarının metodologiyasının Azərbaycanda tətbiqinə deyil, özümüzə məxsus olan bir metodologiyanın işlənib hazırlanmasının daha uğurlu olmasını söylədi.
Seminarda Türkiyə Respublikası Qazi Universitetinin professoru Öcal Oğuz çıxış edərək, seminarın böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdı. O, hər bir türk xalqının ortaq dəyərlərinin olduğunu bildirdi. Onları birləşdirən bir çox dəyərlər ümumi bir şəkildə təqdim olunmalıdır. TÜRKSOY tərəfindən belə bir təklif irəli sürülür ki, qonşu türk xalqlarının dəyərlərini cəm edərək, onları YUNESKO-da tanımaq imkanı əldə olunmalıdır. Türklərin dünyanın ən zəngin coğrafiyasında yaşadığını bildirən Öcal Oğuz bu qeyri-maddi mədəni irsin qorunmasında türk xalqlarının birgə fəaliyyətini daha möhkəm bir şəkildə qurmağa çağırdı.
Seminarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu direktoru İlham Məmmədzadə bu tədbirin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirildiyini vurğuladı. Qeyri-maddi mədəni irsin qorunmasında akademiyanın institutlarının üzərlərinə də böyük işlər düşdüyünü qeyd edərək, Azərbaycanda bu səmtdə fəaliyyəti gerçəkləşdirmək üçün metodologiyanın hələ işlənib hazırlanmadığını bildirdi. Belə ki, qeyri-maddi irsin metodologiyanın hazırlanmasında fəlsəfi cəhətlər öz əksini tapmalıdır. İlham Məmmədzadə vurğuladı ki, Novruz bayramı bütün türk xalqları və eləcə də, qeyri-xalqlar tərəfindən qeyd olunur. Sual yaranır ki, Azərbaycan və İran-Türkiyə və digər xalqların keçirdiyi Novruz bayramı müəyyən fərqləndirici xüsusiyyətlərə malik deyilmi? Azərbaycan Milli Elmlər Akademiyası və Turizm Nazirliyi, bütövlükdə, bu işin öhdəsindən gələ bilməz. Belə ki, bu işin bir tərəfinin təhsillə bağlı olduğunu deyən İlham Məmmədzadə mövcud halların reallaşdırılmasında təhsilin rolunun özünü büruzə verməsinin vacibliyini söylədi.
Seminar iştirakçıları Qeyri-maddi mədəni irsin qorunması üzrə seminarda TÜRKSOY təşkilatının Baş katibinin müavini Fırat Purtaş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı, Türkiyə Respublikası Qazi Universitetinin professoru Öcal Oğuz, Türkiyə Respublikası Hacettepe Universitetinin professoru Nebi Özdemir, Türkiyə Respublikası Ege Universitetinin professoru Metin Ekici, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin müdiri Mahmut Evkuran, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin şöbə müdiri Şengül Gitmez, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin məsləhətçisi Ahmet Gökhan Kaynakçı və başqaları çıxın edərək, öz təklif və münasibətlərini bildirdilər.