Ermənistan ordusunun durumu: kütləvi yeyintilər, korrupsiya, intihar, sabaha inamsızlıq
"Ermənistan Müdafiə Nazirliyi təhsil alması səbəbilə hərbi xidmətdən möhlət hüququna malik çağırışçıların sayını azaltmaq təklifi ilə hökumətə müraciət etməyə hazırlaşır". Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov bu addımı orduya komplektləşdirilməsində problemlər yaranması ilə əlaqələndirib: "Əgər 2004-2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa, 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq". Qeyd edək ki, Ermənistanda ciddi demoqrafik böhran mövcuddur, orduya yararlı vətəndaşların əksəriyyəti ölkəni tərk etdiyindən rəsmi Yerevan ordunu komplektləşdirilməkdə çətinlik çəkir.
Verilən bu məlumatla bağlı "Səs" qəzetinə açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirdi ki, həqiqətən də, son vaxtlar dünyada və regionda baş verən hadisələr, bir sıra ölkələr kimi, Ermənistanın da durumunu ağırlaşdırıb. Belə ki, işğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Böhran işğalçı ölkənin ən çox önəm verdiyi sahədə hərbidə öz dağıdıcı təsirini göstərir. Ümumiyyətlə, ən pis vəziyyət Ermənistan ordusundadır. Terrorçu dövlətin cinayətkar rəhbərləri bunu ört-basdır etmək üçün hərdənbir "hərbi" təlimlər keçirsələr də, artıq orduda baş verənləri gizlətmək mümkün olmur. Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır.
Bu yerdə Ermənistan ordusunun durumunu analiz etməyə dəyər. Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində təxminən 30 faiz artıb. Hər bir dövlətin silahlı qüvvələri üçün ən önəmli şərtlərdən biri də şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyət və nizam-intizam məsələsidir. Bu, vacib məqamlar Ermənistan ordusunun ən zəif yeridir. Eyni zamanda, bu sahədəki problemlər günbəgün artır. Belə ki, 2007-ci il ərzində işğalçı dövlətin ordusunda 1643 hadisə (onlardan 41-i fərarilik, 171-i hərbi hissəni özbaşına tərk etmə, 34-ü intihara cəhd, 570-i rüşvətalma, 376-sı döyülmə və işgəncə, 27-si zorlama, 53-ü ölüm faktıdır) baş vermişdisə, 2008-ci il ərzində bu rəqəm 1984-ə qədər artmışdır. Ermənistanın silahlı qüvvələrində kütləvi şəkildə yayılan neqativ hallardan biri də rüşvətxorluq və korrupsiyaya meyillilikdir. Bu gün Ermənistan ordusunda intizamsızlıq və özbaşınalıq hər addımbaşı özünü göstərir. Bunlarla yanaşı, əxlaqsızlıq halları da erməni ordusunun səciyyəvi simasıdır. Bu cür faktları konkretləşdirməyin mümkünsüzlüyünü erməni rəsmiləri özləri etiraf edirlər. Ermənistan ordusunda kütləvi hal alan intizamsızlıq, səhlənkarlıq, cinayətkarlıq halları Qarabağda yerləşdirilən hərbi hissələrdə daha geniş miqyas alır. 2008-ci ilin ötən müddəti ərzində Qarabağdakı təcavüzkar ordu birləşmələrində 2150 hadisə baş veribdir. Göründüyü kimi, Ermənistan ordusunun mövcud acınacaqlı durumu onun sabahının daha da böhranlı olacağını göstərir. İşğalçı ordunun daha bərbad "perspektivini" şərtləndirən amillərdən biri də gənclər arasında hərbi ixtisaslara və peşələrə neqativ münasibətin formalaşmasıdır. Ümumiyyətlə isə, hərbi məktəblərə gələn azsaylı gənclər digər ali məktəblərə qəbul oluna bilməyən savadsızlardır ki, bu da ordudakı komandir heyətinin savadsızlaşmasını təmin edir.
Beləliklə, bütün bu faktlar onu sübut ki, Azərbaycan ordusunun öz sözünü demək qüdrətində olması Ermənistanda təşvişlə qarşılanır. Çünki hər bir erməni Azərbaycan əsgərinin nəyə qadir olduğunu gözəl bilir. Eyni zamanda, hər bir erməni əsgəri onu da yaxşı bilir ki, tör-töküntülü erməni ordusu dağılmaq üzrədir.