PDF Oxu

Araşdırma

  • 10

Ermənistanın problemləri günü-gündən artmaqdadır

Ermənistanın problemləri günü-gündən artmaqdadır
Ermənistanda mövcud olan ictimai-siyasi vəziyyət ölkənin dərin böhran vəziyyətinə düşməsinə səbəb olmuşdur. Ölkəni əhatə edən hərtərəfli böhran mövcud hökumətin sosial-siyasi və iqtisadi dayaqlarının da zəifləməsinə, hətta birdəfəlik öz mövcudluğunu itirməsinə səbəb olub. Baş verən bütün qanunsuzluqlarda hökumətin və ümumilikdə, ölkə rəhbərliyinin ittiham olunması, bunu deməyə əsas verir. Ermənistanın daha çox əziyyət çəkdiyi məsələlər isə vətəndaşların təbii hüquq və azadlıqlarının pozulması, iqtisadi sahədə geriləmələr, sosial təminatın zəifləməsi, hərbi sahədə mövcud olan problemlərdir.
Təsadüfi deyil ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi öz çıxışında Ermənistan ordusunun çətin vəziyyətə düşdüyünü və indiki vəziyyətdə ordunun komplektləşdirilməsinin qeyri-mümkün olduğunu nəzərə çatdırıb. Bunun qarşısını almaq üçün Ermənistan Müdafiə Nazirliyi təhsil aldığı üçün ordudan möhlət alan gənclərin sayını azaltmaq istəyinin olduğunu hökumətə bildirib. Belə olmayacağı təqdirdə, Ermənistan ordusunun 2010-2016-cı illər üçün komplektləşdirilməsinin mümkün olmayacağını bildirib. Ermənistanın bu duruma və ordusunun isə acınacaqlı hala düşməsinin əsas səbəbi kimi yenə də Ermənistan hökuməti günahlandırılır. Orduda olan qeyri-demokratik vəziyyət və əsgərlərin öz mövqelərindən daim narazı olması onlara qarşı orduda olan münasibətdən irəli gəlir. Məhz bu münasibətin nəticəsidir ki, erməni əsgərlər orduda xidmət etməkdən çəkinir və yaxud xidmət etdikləri zaman fərarilik hallarına yol verirlər. Ordunun komplektləşdirilməsi üçün təhsil alan şəxslərin öz təhsillərini yarımçıq qoyaraq, orduya çağırılması barədə qərarın verilməsi ölkə rəhbərliyinin nə qədər aciz bir vəziyyətdə olduğunu göstərir. Ermənistanda yaşayan və hərbi xidmət yaşına çatmış şəxslərin ölkəni tərk etməsi də ordunun komplektləşdirilməsinə mane olan amillərdən biri kimi qiymətləndirilməlidir ki, buna da əsas səbəb ölkədə olan ağır sosial vəziyyətdir. Görünür, yuxarıda adları çəkilən bütün amillərin nəticəsi olaraq, müdafiə nazirliyi təşvişə düşüb və qabaqlayıcı tədbirlərə əl atılmasını zəruri hesab edir.
Ermənistanda mövcud olan və günü-gündən inkişaf etməkdə olan problemlərdən biri də iqtisadi sferanın tənəzzülə uğramasıdır. Artıq rəsmi dövlət orqanları da bunu etiraf etməyə başlayıblar. Ölkədə rəsmi olaraq 84400 nəfər işsiz adamın olduğu qeydə alınıb. Qeyri-rəsmi rəqəmlər isə daha böyükdür. Ölkədə orta aylıq əmək haqqı günü-gündən azalmaqdadır. Son məlumata görə, bu məbləğ 203 manatı təşkil edir. Əlbəttə, bu göstəricilər Ermənistanda yüksək göstəricilər kimi qiymətləndirilir. Ermənistanın iqtisadi cəhətdən bu cür geriləməsi bir tərəfdən onun təbii ehtiyatlara malik olmaması ilə əlaqələndirilirsə, digər tərəfdən Ermənistan hökumətinin yeritdiyi siyasətin nəticəsi kimi qiymətləndirilir. Bu ölkə rəhbərliyinin yeritdiyi işğalçılıq siyasəti nəticəsində, Yerevan regionda gedən iqtisadi layihələrdən kənarda qalmışdır. Bu siyasətin nəticəsidir ki, Ermənistana bir neçə himayəçi ölkədən başqa, heç bir xarici ölkə sərmayə qoymur.
Ermənistan artıq özünün problemləri altında əzilməyə məcburdur. Ölkə rəhbərliyinin və müxtəlif dairələrin bu problemlər qarşısında aciz qalması fəaliyyətdə müşahidə olunmaqdadır. Rəsmi olaraq dövlət ölkədə böhrandan sonra, bütün sahələrin iflic olduğunu boynuna alır. Lakin bununla bərabər, artıq Rusiyanın bir əyalətinə çevrilmiş Ermənistanın öz siyasətini dəyişdirmək niyyətinin olmaması da təəccüblü deyil. Ölkə prezidentinin daimi olaraq istər daxili, istərsə də xarici siyasətdə gördüyü işlər, nəinki Ermənistanı xilas etməyə yönəlmir, eyni zamanda, ölkəni daha dərin uçuruma yönəltməyə istiqamətlənmişdir. Ölkəni bu vəziyyətdən xilas etmək üçün ən səmərəli və yeganə vasitə isə işğalçılıq siyasətinə son qoymaq və mehriban qonşuluq siyasəti yeritməkdir. Belə olmayacağı təqdirdə, Ermənistanın düşdüyü ağır vəziyyət daha da dərinləşəcək.

Digər xəbərlər