Ermənistanda kriminogen durum gərginləşib
Ermənistanda yaranmış gərgin daxili situasiya ölkənin paytaxtında silahlı qarşıdurmalara rəvac verib. Hakimiyyəti zəbt etmiş kriminal qruplaşmalar arasında haqq-hesablar kəskin münaqişələrin yaranmasına gətirib çıxarıb. Ötən şənbə Yerevanda Serj Sarkisyan və Robert Köçəryanın adamları arasında baş vermiş atışma ilə bağlı yeni təfərrüatlar ortaya çıxmaqdadır. Ermənistan KİV-inin məlumatına görə, "razborka"da kriminal aləmdə nüfuza malik adamlar da işirak ediblər.
"Aykakan Jamanak" qəzetinin məlumatına görə, münaqişə keçmiş Ermənistan prezidenti Robert Köçəryanın siyasi layihəsi olan "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyan və Yerevanın meri Qaqik Beqlaryan arasında baş verib. Toqquşmaya "xaç atası" Dmbuz Xendoya məxsus ərazi səbəb olub.
Sonuncu ilə yanaşı, davada tanınmış mafioz "Eror masi Qonç" da iştirak edib. O, Ermənistan polisi rəisinin qətlə yetirilmiş müavini Gevork Mqeryanın qohumudur. Bundan başqa, atışmada kriminal avtoritet Masivi Jironu da görənlər olub. "Aravot" qəzetinin məlumatına görə, "razborka"ya Rusiyadan erməni kriminal avtoritetlər də gəliblərmiş.
Olay yerindən çəkilmiş fotolardan görünür ki, dava iştirakçılarından bəzilərinin pencəklərinin yaxasında "Çiçəklənən Ermənistan" partiyasının nişanları var. Qaqik Çarukyanın mətbuat katibi Xaçik Qalustyan insidentdə partiya üzvlərinin iştirakını təkzib edir. Amma o, "Partiyanın nişanını gəzdirən şəxslər kimlər olub" sualına cavab verə bilməyib.
Öz növbəsində, "Çorrod İnknişxanutyun" qəzeti yazır ki, hadisə yerində Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Vardan Karapetyan da olub. Nazir müavini isə həmin yerdə olmasını bacısının evindən çıxması və insidentin baş verdiyi ərazidən təsadüfən keçməsi ilə izah etməyə çalışıb: "Hamı dayanıb baxırdı. Mən də baxmaq üçün dayandım. İşdən sonra bacımgilə getmişdim. Bu, cinayətdir? Mən "razborka"da iştirak etməmişəm. Belə hadisələrə qarışmaq ayıbdır".
Xatırladaq ki, aprelin 17-də Yerevandakı "Crazy Horse" striptiz klubunda iri kriminal "razborka" baş verib. Münasibətlərin ayırd edilməsində, əsasən, Abovyan və Yerevan şəhərlərinin sakinləri iştirak ediblər. Onların bəzilərində keçmiş Ermənistan prezidenti Robert Köçəryanın siyasi layihəsi olan "Çiçəklənən Ermənistan" partiyasının nişanları olub.
Olay yerindəki jurnalistlərin verdiyi məlumata görə, striptiz klubuna dərhal polis əməkdaşları gəlib və toplaşanları tərksilah edib. Atəş səsləri eşidilsə də, xəsarət alanın olmadığı bildirilir. Striptiz klubunun qarşısında çoxlu sayda xarici maşın və 40-a yaxın adam olub. Şahidlərin sözlərinə görə, "razborka" iştirakçıları silahlı olublar.
Hadisənin təfərrüatları ilə bağlı dərhal rəsmi məlumat yayılmasa da, məlum olub ki, striptiz klubuna toplaşanlar, əsasən, kriminal aləmin nümayəndələri olublar. Onların arasında polis rəisinin qətlə yetirilmiş müavini Gevork Maqeryanın qohumu, kriminal aləmdə "Erordmasci Qonç" kimi tanınan şəxsin də olduğu bildirilir. İlkin məlumatlara görə, münasibətlərin ayırd edilməsinə hansısa ərazi ilə bağlı mübahisə səbəb olub. Mübahisə tərəfləri isə "Çiçəklənən Ermənistan" partiyası və hakim Respublika Partiyasının üzvləri olublar.
Ümumiyyətlə, bu tip olaylar işğalçı ölkədə son vaxtlar daha tez-tez baş verir. Ermənistanın sosial-iqtisadi sferada üzləşdiyi problemlərin əsas səbəblərindən biri- ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olmasıdır. Xatırladaq ki, vətəndaşların hüquq və azadlıqlarını kobudcasına pozan, xalqı öz maraqları naminə dəfələrlə zərbə altına qoyan Sarkisyan rejiminin bu və ya digər cinayətkar əməlləri haqqında, nəinki Ermənistan əhalisi, hətta dünya ictimaiyyəti artıq xəbər tutub.
ABŞ Dövlət Departamentinin yaydığı ötən ilin yekunlarına aid hesabata görə, 2008-ci ilin fevralında keçirilən prezident seçkiləri və ardınca mart ayında rəsmən 10 nəfərin həlak olduğu toqquşmalardan sonra Ermənistanda siyasi böhran və qarşıdurma hələ də həll edilməyib. Ötən il ərzində 2008-ci il hadisələrinin davamı və araşdırılması nəticəsində yeni-yeni hüquq pozuntuları da qeydə alınıb.
Ölkədə təhlükəsizlik qüvvələri - ordu, polis, demək olar ki, tamamilə mülki məmurların nəzarəti altındadır. Ancaq ayrı-ayrı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vəzifədən sui- istifadə halları da olur. Qeyd olunur ki, vətəndaşların hakimiyyəti dinc yolla, seçkilər vasitəsilə dəyişə bilmək hüququ Yerevandakı mer seçkilərində məhdudlaşdırılıb. 2009-cu ildə iqtidar, xüsusən də, fərqli fikirli vətəndaşlarına, siyasi rəqiblərinə qanunsuz həbslər, məsuliyyətə cəlb etmək və siyasi fəaliyyətinə görə sıxışdırmaqla daim təzyiqlər edib.
Ermənistanda korrupsiya çox geniş yayılıb və hökumət bununla mübarizə aparmağa da çalışmır. Ermənistan hakimiyyətinin dini etiqad azadlığını məhdudlaşdırmaqda, qadınlara qarşı zorakılığın, xüsusən də, ailədaxili zorakılığın, əlillərə qarşı ayrıseçkilik və müxtəlif məqsədlər, o cümlədən, fahişəlik məqsədiylə insan alverinin qarşısının alınması üçün yetərincə iş görməməkdə də ittiham edir".
Maraqlısı budur ki, müxtəlif dövlət eşalonlarında bürokratiya dövlət maraqlarını şəxsi ambisiyalarla əvəz edən yüksək rütbəli məmurlar yer alıb. Bununla bərabər, öz hakimiyyətini leqallaşdıran təşkilatlanmış cinayətkarlıq piramidası hüquq-mühafizə orqanlarını, məhkəmə və parlamenti öz təsir dairəsinə alıb.
Bununla paralel rəsmi olaraq, qeyri-şəffaf maliyyə-büdcə sistemi kölgə iqtisadiyyatını gücləndirib. Bu kölgə iqtisadiyyatının dövriyyəsi isə rəsmi dövlət büdcəsindən çoxdur. Belə hesab olunur ki, Serj Sarkisyanın hakimiyyətə gəlişindən sonra ali dövlət idarəetmə strukturlarında kəskin surətdə küçə kriminal elementləri baş verir. Nəticədə cinayətkarlıq günü-gündən sürətlə artır.
Erməni Milli Klubunun ("Miabanutyun") rəhbəri Smbat Karahanyanın Rusiya mediasında yayımlanan bəyanatında deyilir ki, Ermənistanda bu dövlət sistemi dədə-babadan belə davam edir. "Bu sistemin rəhbər simaları milli dövlətçiliyi, ərazi bütövlüyünü və sadə insanların maraqlarını müdafiə edə bilməz. Hakimiyyətin özünə kriminal oliqarxlar və daxili kreaturların əli ilə təzyiq olunur. Halbuki həmin qruplar öz sahibinin maraqlarına xidmət edirlər və onları əhalinin problemləri maraqlandırmır".