PDF Oxu

Araşdırma

  • 9

Azərbaycanın nümayəndə heyəti beynəlxalq praktik konfransda iştirak edib

Azərbaycanın nümayəndə heyəti beynəlxalq praktik konfransda iştirak edib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndə heyəti Moskvanın "Prezident" otelində SSBK və Beynəlxalq Elmi-Texniki Mərkəzin birgə keçirdiyi "Yeni texnologiyaların qlobal bazarlara çıxarılması üçün beynəlxalq təşkilatların və biznes partnyorların birgə fəaliyyət modeli" mövzusunda beynəlxalq praktik konfransda iştirak edib.
ASK-nin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, nümayəndə heyətinə konfederasiyanın prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin üzvü Məmməd Musayev başçılıq edib.
Konfransı giriş sözü ilə SSBK-nın prezidenti, Rusiya Federasiyası Federal Şurasının üzvü B.Qluxin, konqresin İX Assambleyasında qəbul edilmiş SSBK-nın nizamnaməsindən irəli gələn elmi-texniki işlərin praktik tətbiqi barədə məlumat verib. Tədbirdə Beynəlxalq Elmi-Texniki Mərkəzin icraçı direktoru Adrian van der Meer, SSBK-nın innovasiya-analitik mərkəzinin rəhbəri A.Skibnitski, Rusiya neft-qaz sənayeçiləri ittifaqının prezidenti Q. Şmal, SSBK-nın sədr müavini, Qazaxıstan Sahibkarlar Birliyinin prezidenti K.Baykenov və digərləri sahibkarların səmərəli fəaliyyəti üçün elmi-texniki innovasiyaların tətbiqi barədə təkliflərlə çıxış ediblər.
Ümumi müzakirələrdə iştirakçılar praktik işlərdən və səmərəli əməkdaşlıq təkliflərindən söhbət açıblar. Beynəlxalq konfransın iştirakçıları sahibkarlıq fəaliyyətində elmi-texniki innovasiyalardan səmərəli istifadə olunmasını vurğulayaraq, bu barədə yekun sənəd qəbul ediblər.
Konfransdan sonra, SSBK-nın Rəyasət Heyətinin iclasında SSBK-nın növbəti görüşünün keçirilməsi, SSBK üzvlərinin coğrafi nöqtəyi-nəzərdən artırılması, SSBK-nın yaradılmasının 20 illik yubileyinə hazırlıq və SSBK-nın "Kommersiya layihələri və proqramlar barədə məlumatı əks etdirən portalın yaradılması barədə qərarlar qəbul olunub.
ASK-nın prezidenti M.Musayev Moskvanın "Rits-Karlton" otelində Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında və Sahibkarlar Birliklərinin Beynəlxalq Koordinasiya Şurasının yaradılmasına həsr olunmuş beynəlxalq tədbirdə də iştirak edib. Qurultay nümayəndələri və qonaqlar tərəfindən maraqla dinlənilən hesabat məruzəsi və çıxışlarda ötən dövr ərzində Rusiya sahibkarlarının əldə etdikləri nailiyyətlər qeyd olunmaqla yanaşı, mövcud problemlər də geniş təhlil olunaraq, onların aradan qaldırılması yolları müəyyən edilib. Qurultay A.N.Şoxini yenidən Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti seçib. Koordinasiya Şurasının yaradılması tədbirində M.Musayev çıxış edərək, sahibkarlar birlikləri arasında əməkdaşlığın səmərəliliyini və məhsuldarlığını artırmaq üçün birgə layihələrin həyata keçirilməsində praktik əlaqələrin daha da gücləndirilməsini irəli sürüb. Yekun sənəd olaraq, Sahibkarlar Birliklərinin Beynəlxalq Koordinasiya Şurasının yaradılması barədə sənəd imzalanıb.

Digər xəbərlər