PDF Oxu

Araşdırma

  • 6

ABŞ-ın Şərq siyasəti iflasa uğrayır

ABŞ-ın Şərq siyasəti iflasa uğrayır
İngilislərin Yeni Dünyaya işğalçı yürüşləri və qanlı qırğınlardan sonra Şimali Amerikada üstünlüyü ələ almaları yerli xalqların məhv edilməsinə və onların torpaqları üzərində Amerika Birləşmiş Ştatları adlı dövlətin yaranmasına gətirib çıxardı. ABŞ müstəqilliyini elan etdikdən sonra öz tarixi ərzində maraqları naminə bir çox dövlətləri qurban verib, beynəlxalq münasibətlərin yazılmamış qanunlarını, diplomatik etik qaydalarını dəfələrlə pozub. Biz bunu I və II Dünya müharibələri zamanı da, Yaponiyaya iki dəfə atom bombası atarkən də, keçmiş Yuqoslaviya ərazisinə, İraqa, Əfqanıstana hücumlar edərkən də görmüşük.
Sovetlər dağıldıqdan sonra dünyada tək güc olmağa çalışan ABŞ buna qismən nail oldu. Rusiyanın zəifləməsindən, Çinin isə dünya siyasətinə o qədər də qarışmamasından ruhlanan Vaşinqton Avrasiyada hegemonluq siyasətini gücləndirdi. Vaşinqton, eyni zamanda, böhranlar zamanı strateji tərəfdaşı adlandırdığı ölkələri də çıxılmaz vəziyyətdə buraxıb. Yəni, 50 il ərzində "soyuq müharibə"nin ən çətin anlarında Türkiyədən-Şərqdən gələn ideoloji və siyasi-hərbi təhlükələrin qarşısını alan sipər kimi istifadə edən ABŞ hazırda erməni lobbisinin təsiri altında Yaxın və Orta Şərqin ən güclü dövlətini şantaj edir. Bununla yanaşı, beynəlxalq sülhyaratma əməliyyatlarında, transmilli layihələrin həyata keçirilməsində, regionda sabitliyin təmin olunmasında Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanla birgə addımlayan ABŞ bu gün Türkiyəyə nümayiş etdirdiyi etinasızlığı Bakıya da göstərir.
ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi qismində çıxış edən ATƏT-in Minsk Qrupunun üzvü kimi neytrallığını daha saxlamır. Əlbəttə ki, biz Vaşinqtonun məsələlərə ikili standartlardan yanaşmasını dəfələrlə sezmişik. Amma Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların həlledici dönəmə girdiyi vaxtda Vaşinqtonun supergücə layiq olmayan hərəkətlər etməsi Azərbaycan ictimaiyyətində ABŞ-ın neytrallığı və obyektivliyilə bağlı şübhələr yaradır.
Azərbaycanın istər regional layihələrin reallaşmasındakı rolu, istərsə də bölgədəki geosiyasi əhəmiyyətini qeyd edən Vaşinqton, bununla belə, heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış etməyib. Təkcə məşhur "907-ci düzəliş"i xatırlamaq kifayətdir. Azərbaycana qarşı "907-ci düzəliş"i hələ də qüvvədə saxlamağı neytrallıq adlandırmaq çətindir.
Ümumiyyətlə, bu məsələyə neytral yanaşmanın özünü də ədalətli saymaq olmaz- torpaqlarının 20 faizinin işğal olunduğu Azərbaycanla, bu torpaqları işğal etmiş Ermənistana bərabər tərzdə yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan yolveriləndir... Nəinki bərabər yanaşmamaq, ABŞ qondarma "erməni lobbisi" adı ilə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış erməni terrorçu rejiminə maddi və mənəvi yardımlarla daha çox məşğul olub. Əgər bu ölkə insan hüquqlarına hörmət edirsə, hüququ kobud pozulan milyondan artıq azərbaycanlını niyə müdafiə etmir?
Bu dəfə də Vaşinqton maskasını çıxararaq əsil simasını bütün dünyaya nümayiş etdirdi. ABŞ Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan və 1 milyondan artıq günahsız azərbaycanlının hüquqlarını pozan Ermənistanın prezidentini görüşə dəvət edərək, ermənilərə işğalı davam etdirmək üçün mənəvi dəstək verdi. Əlbəttə ki, Azərbaycan tərəfini məsələyə reaksiya verməyə məcbur edən amil də məhz budur: nə üçün Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini birgə danışıqlar masasına dəvət etmir, əvəzində, işğalçı dövlətə dəstək verir.
Özünü dünyada demokratik dəyərlərin jandarmı kimi təqdim edən ABŞ son vaxtlar açıq-aşkar şəkildə qərəzli və obyektiv siyasət yeridir. İndiyədək, bu yanaşmada, heç olmasa, formal neytrallıq və bitərəflik nümayiş etdirilirdi. Lakin ABŞ bu neytrallığı özünün ATƏT-in Minsk Qrupunun həmsədri olması ilə, vasitəçilik edə tərəfin istənilən halda, bitərəf mövqedə dayanmasının zəruriliyi ilə izah edirdi.
Bu gün isə bu neytrallıq və bitərəflik birmənalı olaraq ermənilərin lehinə pozulub. İndiyədək ATƏT-in Minsk Qrupuna həmsədrlik edən heç bir dövlət başçısı münaqişə tərəflərinin yalnız biri ilə müzakirələr və məsləhətləşmələr aparmayıb. İstər Rusiya, istərsə də Fransa bu danışıqlar prosesini paralel aparıb. Bəzən üçtərəfli qaydada, buna texniki imkan olmadıqda isə, ayrı-ayrılıqda həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə görüşlər keçirilib. Üstəlik, bu görüşlər barədə digər həmsədr dövlətlərdə də tam təfərrüatı ilə məlumatın olması üçün, danışıqlar prosesində Minsk Qrupunun digər həmsədr ölkələrinin təmsilçiləri də iştirak ediblər.
Barak Obama administrasiyası isə bütün dünyada qəbul olunmuş vasitəçilik prinsipini kobudcasına pozmaqdadır. ABŞ prezidentinin münaqişə tərəflərindən yalnız biri, özü də işğalçı tərəf olan Ermənistan rəhbərliyi ilə görüşməsi, münaqişənin digər tərəfini bu danışıqlar prosesindən kənar saxlaması, üstəlik, danışıqların mahiyyəti haqda nə rəsmi Bakıya, nə də digər həmsədrlərə məlumat verməməsi, tam haqlı olaraq, Azərbaycana Birləşmiş Ştatların neytral və obyektiv vasitəçiliyinə böyük şübhə ilə yanaşmağa əsas verir.
Ən əsası isə, baş verənlər ABŞ-da hakimiyyətdə olan demokrat administrasiyasının Ermənistanın regiondakı maraqlarının müdafiəçisi qismində çıxış etdiyini, prinsipial məsələlərdə, hətta Amerikanın milli maraqlarını belə deyil, erməni lobbisinin və rəsmi Yerevanın maraqlarını əsas tutduğunu söyləməyə əsas verir. Çünki bu gün B.Obama administrasiyası erməni lobbisi qarşısında öhdəliklərini yerinə yetirmək naminə, regiondakı ən güclü hərbi-siyasi müttəfiqi olan Türkiyə və strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri korlamağa belə razıdır. Belə bir durumda Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində neytral və obyektiv vasitəçi olduğuna şübhə ilə yanaşmağa tam haqqı çatır.
Çünki əgər təcavüzkar Ermənistanın dövlət başçısı Vaşinqtondan xeyir-dua alırsa, demək olar ki, ABŞ-ın özü də işğalı və terroru dəstəkləyən dövlətdir. Qlobal antiterror kampaniyası adı ilə dünya ölkələrini işğal edib talayan bir dövlətin terroru və işğalı dəstəkləməsi təəccüblü deyil.
Əgər ABŞ İraqda, Əfqanistanda, Bosniyada, Serbiyada və digər ərazilərdə terrora qarşı əməliyyatlar keçirirsə, niyə imkan vermir ki, Azərbaycan da öz ərazilərini terrorçulardan təmizləsin? Nə üçün özü yerli aborigenləri məhv edərək, onların ABŞ-da yaşamaq hüququnu əlindən alan Vaşinqton başqa ölkələrdə azsaylı etniklərin müstəqil dövlət yaratmasına çalışır. Özü də o etniklərin ki, onların hazırda müstəqil dövləti var və öz müqəddəratını təyin etmək hüququndan Azərbaycan torpaqları hesabına yararlanıblar.
Belə siyasətlə ABŞ Rusiyadan heç nə ilə fərqlənmir. O zaman hansı haqla özünün daha demokratik dövlət olduğunu və dünyada sülhün təmin edilməsində əsas rolu oynadığına inandırmaq istəyir. Buna inanmaq üçün isə ortaya real nümunə qoyulmalıdır.Təəssüf ki belə nümunə hələ ki, və ya hələ də yoxdur.

Digər xəbərlər