ABŞ Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə təzyiqlər göstərir
Artıq son vaxtlar ABŞ tərəfindən rəsmi Ankaraya Ermənistanla sərhədlərin açılması istiqamətdə ədalətsiz şəkildə ardıcıl təzyiqlər göstərilir. Bu proses rəsmi Vaşinqtonun ən yüksək səviyyəli dövlət məmurlarına qədər açıq şəkildə həyata keçirilməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu cür addımlarla Ağ Ev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi üzərinə götürdüyü öhdəliklərin məsuliyyətsizcəsinə ayaqlar altına atmaqdadır. Xüsusilə, prezident Barak Obama adminstrasiyası tərəfindən bu proses birtərəfli şəkildə, yəni rəsmi Bakının mövqelərinin əksinə davam etdirilir. Bu isə Azərbaycan cəmiyyətində kəskin adekvat reaksiyaya səbəb olur. YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədovun məsələyə münasibəti kifayət qədər konkret oldu:
- Son dövrlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Eyni zamanda, bununla yanaşı, digər bir prosesdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və bu istiqamətdə bir sıra Qərb dövlətlərinin, Amerika Birləşmiş Ştatlarının verdiyi dəstəkdir. Prinsip etibarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, iki dövlət arasında sərhədlərin açılması həmin dövlətlər arasında olan münasibətlərlə birbaşa əlaqədardır. Bu baxımdan da, Azərbaycan və yaxud da digər dövlətlərin bu məsələyə müdaxilə etməsi düzgün deyil. Amma bütün bunlara baxmayaraq, bir sıra Qərb dövlətləri, xüsusilə də, Amerika Birləşmiş Ştatları Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məqsədilə Türkiyəyə müəyyən təzyiqlər göstərib. Baxmayaraq ki, Türkiyə-Ermənistan arasındakı sərhədlərin açılmasının başlıca səbəbi həmin ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsidir. Türkiyə, həmçinin, bu problem aradan qaldırıldıqdan sonra sərhədlərin açılması ilə bağlı hər hansı problemin olmayacağını da dilə gətiribdir.
Ə.Əhmədov, onu da bildirdi ki, ABŞ Minsk Qrupu həmsədrlərindən biri olmasına baxmayaraq, Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemi ilə əlaqələndirilməsinə qəti şəkildə əks-mövqe nümayiş etdirir: "ABŞ belə bir mövqe nümayiş etdirməklə, çox ciddi səhvə, daha dəqiq desək, ədalətsizliyə yol verir. Bu isə, onu bir daha sübut edir ki, ABŞ ikili standart nümayiş etdirir. Yəni iki dövlət arasında sərhədlərin açılması məsələsi həmin dövlətlərin daxili problemləri olduğu halda, ABŞ həmin dövlətlərdən birinə təzyiqlər göstərir. Hesab edirəm ki, bu, həm beynəlxalq hüquq, həm də ədalət normaları baxımından qəbul ediləcək təklif deyil. Bütün bunlar bir daha ABŞ-ın Minsk Qrupu həmsədrlərindən biri olmaqla, münaqişənin nizama salınması istəyində olmadığını göstərir. Əgər belə bir mövqedə olmasaydı, o zaman gərək ABŞ bu münaqişənin nizama salınması üçün Türkiyənin təklif etdiyi dəstəyi qəbul edərdi. Bu dəstəyin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqlarının işğaldan azad edildiyi zəmində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması qarşısında hər hansı bir problemi görmür. Bütün bunları nəzərə alaraq, belə hesab edirəm ki, ABŞ-ın tutduğu mövqeni, ədalətsizlik, beynəlxalq münasibətlər normasına sığmayan qanunsuzluq kimi qiymətləndirmək olar.