PDF Oxu

Araşdırma

  • 14

ABŞ-ın regional siyasətindəki neqativ dəyişikliklər

ABŞ-ın regional siyasətindəki neqativ dəyişikliklər
Amerika Birləşmiş Ştatlarında demokrat administrasiyasının hakimiyyətə gəlişindən sonra Vaşinqtonun xarici siyasətində baş vermiş dəyişikliklər Azərbaycanda narazılıq doğurmaya bilməz. Əslində, Amerikanın Azərbaycana yanaşmasında daim ikili standartlara rast gəlinib. Lakin son vaxtlar bu siyasətin, nəinki yumşalması, əksinə, daha da aqressivləşməsi müşahidə olunur.
İndiyədək Azərbaycanın, istərsə regional layihələrin reallaşmasındakı rolu, istərsə də bölgədəki geosiyasi əhəmiyyətini qeyd edən Vaşinqton, bununla belə, heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış etməyib. Təkcə məşhur "907-ci düzəliş"i xatırlamaq kifayətdir. Azərbaycana qarşı "907-ci düzəliş"i hələ də qüvvədə saxlamağı neytrallıq adlandırmaq çətindir.
Ümumiyyətlə, bu məsələyə neytral yanaşmanın özünü də ədalətli saymaq olmaz- torpaqlarının 20 faizinin işğal olunduğu Azərbaycanla, bu torpaqları işğal etmiş Ermənistana bərabər yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan yolveriləndir.
Özünü dünyada demokratik dəyərlərin jandarmı kimi təqdim edən ABŞ son vaxtlar açıq-aşkar şəkildə qərəzli və qeyri-obyektiv siyasət yeridir. İndiyədək, bu yanaşmada, heç olmasa, formal neytrallıq və bitərəflik nümayiş etdirilirdi. Lakin ABŞ bu neytrallığı özünün ATƏT-in Minsk Qrupunun həmsədri olması ilə, vasitəçilik edən tərəfin istənilən halda, bitərəf mövqedə dayanmasının zəruriliyi ilə izah edirdi.
Bu gün isə bu neytrallıq və bitərəflik birmənalı olaraq ermənilərin lehinə pozulub. İndiyədək ATƏT-in Minsk Qrupuna həmsədrlik edən heç bir dövlət başçısı münaqişə tərəflərinin yalnız biri ilə müzakirələr və məsləhətləşmələr aparmayıb. İstər Rusiya, istərsə də Fransa bu danışıqlar prosesini paralel aparıb. Bəzən üçtərəfli qaydada, buna texniki imkan olmadıqda isə, ayrı-ayrılıqda həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə görüşlər keçirilib.
Üstəlik, bu görüşlər barədə digər həmsədr dövlətlərdə də tam təfərrüatı ilə məlumatın olması üçün, danışıqlar prosesində Minsk Qrupunun digər həmsədr ölkələrinin təmsilçiləri də iştirak ediblər. Barak Obama administrasiyası isə bütün dünyada qəbul olunmuş vasitəçilik prinsipini kobudcasına pozmaqdadır.
ABŞ prezidentinin münaqişə tərəflərindən yalnız biri, özü də işğalçı tərəf olan Ermənistan rəhbərliyi ilə görüşməsi, münaqişənin digər tərəfini bu danışıqlar prosesindən kənar saxlaması, üstəlik, danışıqların mahiyyəti haqda nə rəsmi Bakıya, nə də digər həmsədrlərə məlumat verməməsi, tam haqlı olaraq, Azərbaycana Birləşmiş Ştatların neytral və obyektiv vasitəçiliyinə böyük şübhə ilə yanaşmağa əsas verir.
Hadisələrin inkişafı göstərir ki, bu gün ABŞ administrasiyasının bütün səyləri və imkanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, regionda sülh və sabitliyin bərpasına deyil, yalnız bir istiqamətə- ağır iqtisadi böhran içində olan işğalçı Ermənistanın xilasına yönəlib.
2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş verən münaqişədən sonra Ermənistanın Rusiya ilə əlaqəsinin kəsilməsi, Yerevanda ağır sosial nəticələrə gətirib çıxarıb. Qlobal iqtisadi böhran şəraitində qonşuları ilə (Azərbaycan, Türkiyə, Gürcüstan) sərhədi bağlı qalan Ermənistanı xilas etmək üçün hərəkətə keçən rəsmi Vaşinqtonun bu siyasəti həm də Türkiyəni təzyiq altında saxlamaq məqsədi güdür.
Artıq neçə vaxtdır ABŞ Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə, bu prosesin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməməsi üçün isə Azərbaycana təzyiqlər edir. Halbuki sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa zərbə olduğunu hamı, o cümlədən, Obama administrasiyası da anlayır.
Bu günlərdə Bakıda səfərdə olan NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri ilə qeyri-rəsmi söhbətlər zamanı üzə çıxan bəzi faktlar da bunu bir daha təsdiqləyir. Belə ki, nümayəndə heyətinin üzvlərindən biri bildirib ki, ABŞ Türkiyəyə Ermənistan sərhədlərinin açılması ilə bağlı ona görə təzyiqlər edir ki, nümayəndələr palatasının sədri, ermənipərəstliyi ilə seçilən Nensi Pelosi ilə Barak Obama arasında razılaşma olub: Nensi Pelosi Obamanın səhiyyə islahatları ilə bağlı proqramına dəstək verib, əvəzində də, Obama Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına nail olmağa çalışır.
Nümayəndələr Palatasının uzun sürən mübahisələrdən sonra Obamanın səhiyyə islahatlarına səs verməsinin ardından, Ağ Evin Türkiyə və Azərbaycana ən müxtəlif şəkillərdə təzyiqləri artırması çox mətləblərdən xəbər verir.
Ən əsası isə, baş verənlər ABŞ-da hakimiyyətdə olan demokrat administrasiyasının Ermənistanın regiondakı maraqlarının müdafiəçisi qismində çıxış etdiyini, prinsipial məsələlərdə, hətta Amerikanın milli maraqlarını belə deyil, erməni lobbisinin və rəsmi Yerevanın maraqlarını əsas tutduğunu söyləməyə əsas verir.
Çünki bu gün B.Obama administrasiyası erməni lobbisi qarşısında öhdəliklərini yerinə yetirmək naminə, regiondakı ən güclü hərbi-siyasi müttəfiqi olan Türkiyə və strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri korlamağa belə razıdır. Belə bir durumda Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində neytral və obyektiv vasitəçi olduğuna şübhə ilə yanaşmağa tam haqqı çatır. Obyektiv olmayan ölkənin isə dünya jandarmı rolunu oynamağa cəhd etməsi absurddur.

Digər xəbərlər