PDF Oxu

Araşdırma

  • 12

Vaşinqton sammitinin nəticələri və yaxud nəticəsizliyi

Vaşinqton sammitinin nəticələri və yaxud nəticəsizliyi
Bütövlükdə, dünya və xüsusilə də, Cənubi Qafqaz regionunun gələcək taleyi ilə bağlı suallara aydınlıq gətirməsi gözlənilən ABŞ-da keçirilən nüvə sammiti nəhayət ki, baş tutdu. Gözlənilənlərin əksinə olaraq, sammit suallara aydınlıq gətirmədi və yuxarıda adlarını çəkdiyimiz problemlər barədə daha çox sualların yaranması üçün şərait yaratmış oldu. Əsas məqsədi nüvə problemlərinə aydınlıq gətirilməsi olduğu sammit digər problemli məsələlərin müzakirəsi ilə də yadda qaldı. Elə nüvə probleminə heç bir dəxli olmayan Ermənistan dövlətinin prezidentinin də toplantıya qatılması məhz bundan irəli gələn addım idi. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və bununla bilavasitə bağlı olan Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yolları da müzakirə predmeti olub. Vaşinqtondakı toplantıya qatılan Türkiyənin baş naziri R.T.Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli görüşdə və eyni zamanda da, ABŞ Prezidenti Barak Obama ilə görüşdə məhz yuxarıda adları çəkilən məsələlər müzakirə olunub. Müzakirələrin nəticələri barədə məlumatlar çoxluq təşkil etməsə də, onların bəzi təfərrüatları ictimaiyyətə açıqlanıb. İlk olaraq, ABŞ prezidenti ilə Serj Sarkisyan arasında aprelin 12-də görüş keçirilmişdir ki, bunun da əsas müzakirə mövzusunun sammitdən öncə Türkiyə baş naziri R.T.Ərdoğanın Sarkisyana göndərdiyi məktubun olduğu bildirilir. Nə Ərdoğan, nə də Sarkisyan görüşdən sonra ictimaiyyət üçün geniş açıqlama verməsələr də, müəyyən məlumatlara əsaslanaraq, görüşün nəticələri barədə mülahizə yeritmək olar. Burada, xüsusilə də, ABŞ-da yaşayan erməni icması ilə görüşündə Sarkisyanın səsləndirdiyi fikirlərə əsaslanmaq olar. Belə ki, Sarkisyan bu görüş zamanı Türkiyənin ermənilərlə şərtlə danışmasının mümkün olmadığını bildirib. "Soyqırımı"yla bağlı məsələyə də aydınlıq gətirən erməni prezidenti bu "soyqırımı"nın sual altına alınmasına da yol vermək fikrində olmadıqlarını bildirib. Sarkisyanın bu ənənəvi fikirlərindən, başqa daha çox diqqətçəkən və erməni xislətini nümayiş etdirən digər bir fikir isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi mövqeyə yanaşması olub. Sarkisyan bildirib ki, Ermənistan Türkiyənin özünü guya Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynayırmış kimi göstərməsinə də yol verməyəcəklər. Sarkisyanın məsələyə belə yanaşması, əlbəttə ki, tamamilə səhv mövqedir və yalnız və yalnız Ermənistanın işğalçı mövqeyini gizlətmək məqsədilə həyata keçirilən mürtəce siyasətin tərkib hissəsidir. Türkiyə rəsmilərinin, demək olar ki, hər bir beynəlxalq görüşdə bu məsələ ilə bağlı mövqeyində münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bildirməsi və işğalın aradan qaldırılmasının zəruriliyi barədə verdiyi bəyanatlar, görünür, Sarkisyanın nəzərindən yayınıb. Hətta Türkiyə dövlətinin hər cür vəchlə münaqişənin həllində hər bir köməyi göstərəcəyini təklif etməsinə baxmayaraq, Ermənistan prezidenti belə bir açıqlama verməkdən çəkinmir. Onun bu bəyanatı beynəlxalq aləmdə Türkiyənin nüfuzunu aşağı salmaq, Ermənistanınkını isə yüksəltmək məqsədi güdür. Əlbəttə, bu tipli boş bəyanatlarla çıxış edərək, beynəlxalq ictimaiyyəti çaşdırmaq olmaz. Daha doğrusu, Sarkisyanın bəyanatı öz məqsədinin əksinə effekt yarada bilər. Ərdoğan isə iki ölkə arasında protokolların ratifikasiya olunması üçün əlverişli mühitin olmadığını bəyan edib. Onun fikrincə, əgər indi protokollar ratifikasiya olunmaq üçün parlamentlərə təqdim olunsa, o, rədd edilə bilər. Bunun üçün əlverişli şəraitin yetişməsini gözləmək lazımdır. Ərdoğan Obama görüşü zamanı da baş nazir Minsk Qrupunun həmsədri olan ABŞ-a Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlər barədə məlumat da verib. Sarkisyan-Obama görüşünə gəldikdə isə, bu görüşün də istənilən səviyyədə keçmədiyini demək olar. Yəni ABŞ prezidenti gözləntilərə uyğun olaraq, Ermənistan prezidentinə yeritdiyi işğalçı və qeyri-konstruktiv siyasətlə bağlı təsir, yaxud heç bir təzyiq göstərmədi. Hərçənd ki, Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın belə bir mövqe göstərməsi gözlənilən və məntiqə uyğun idi. İstər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, istərsə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi tərəf kimi mövqe tutan ABŞ-ın ardıcıl olaraq qeyri-konstruktiv mövqe sərgiləyən göstərən Ermənistana təzyiq vasitələrindən istifadə etməsi daha düzgün olardı. Lakin ABŞ prezidenti, əksinə, Sarkisyanla görüşündə onun Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində cəhdlərini alqışladığını bildirib. Görəsən, Obama hansı cəhdləri nəzərdə tutaraq, bu qənaətə gəlib? Bəlkə, Sarkisyanın hər vəchlə xarici siyasətində tutmaq istədiyi qeyri-konstruktiv mövqeyi nəzərdə tutur? Axı Ermənistanın heç bir konstruktiv mövqeyi görünmür. Ümumilikdə götürdükdə, ABŞ-da keçirilən nüvə sammiti böyük hazırlıqlarla yadda qalsa da, heç bir nəticənin əldə olunmaması sammitin nəticəsiz yekunlaşmasına səbəb olub. Yəni nə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında, nə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Yeganə sevindirici hal ondan ibarətdir ki, Türkiyənin baş naziri və xarici işlər naziri keçirdikləri görüşlərdə Azərbaycanın mövqeyini ön planda saxlayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə mövzusu olaraq ortaya qoymuş və Ermənistanla münasibətlərin normallaşdırılmasının yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasından sonra mümkün olduğunu bildirmişdir.

Digər xəbərlər