PDF Oxu

Araşdırma

  • 9

Diplomatik rüsvayçılıq, yoxsa dünyaya mesaj?

Diplomatik rüsvayçılıq, yoxsa dünyaya mesaj?
Vaşinqtonda ABŞ prezidenti Barak Obamanın Ermənistanın dövlət başçısı Serj Sarkisyanla görüşü başa çatıb. Hələlik, danışıqların təfərrüatları barədə məlumat yoxdur. Yalnız o məlumdur ki, tərəflər ABŞ-Ermənistan əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Bundan başqa, 45 dəqiqəlik görüşdə iki ölkə Prezidenti Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı mərhələsinə toxunublar.
Bu, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti zamanı ABŞ və Ermənistan dövlət başçılarının görüşü ilə bağlı qısa informasiyadır. Bunda qəribə bir şey yoxdur. Qəribə məsələ gördüyünüz bu şəkildədir. Dünya diplomatiyası tarixində və dövlət başçıları arasında keçirilən ikitərəfli görüşlər tarixində analoqu olmayan bir rüsvayçılıq faktından söhbət gedir.
Sarkisyan və Obama, onların nümayəndə heyətləri öz dövlət bayraqlarının altında yox, bir-birinin dövlət bayraqlarının altında əyləşiblər. Buradan iki nəticə çıxa bilər.
1. Burada səhv olub və görüş iştirakçıları bilmədən yerlərini səhv salıblar.
2. Dövlət başçıları öncədən razılaşdıqları kimi qəsdən yerlərini səhv seçiblər və bununla dünyaya bir mesaj veriblər.
Birinci ehtimalın həqiqətə uyğun olub-olmamasını incələyək. Əgər prezidentlərin səhvən öz bayraqlarının deyil, bir-birinin bayraqları altında oturmalarını düşünsək, ortaya belə suallar çıxır. Əcəba, görüşdə iştirak edən nümayəndə heyətlərinin üzvləri, jurnalistlər, protokolun düzgün yerinə yetirilməsinə cavabdeh şəxslər də daxil olmaqla, onlarla adam bu səhvi nədən görməyib? Axı bayraqların ölçüsü çox iri idi. Əgər bunu gec görüblərsə və prezidentləri narahat etmək istəmirdilərsə, o zaman onların yox, bayraqların yerini dəyişmək olardı.
Nəhayət, görüş başa çatdıqdan sonra, öz yerlərinə keçib fotomüxbirlər üçün poza vermək və öncəki şəkillərin yayımlanmasını əngəlləmək olmazdımı? Təbii ki, bu saydıqlarımız hamısı ola bilərdi. Sadəcə, bunu istəməyiblər. Çünki bu, öncədən planlaşdırılmış və qəsdən edilmiş bir hərəkət idi. Burada, 2-ci ehtimalı nəzərdən keçirmək lazım gələcək.
İkinci ehtimala- dünyaya (əslində, Türkiyə və Azərbaycana) mesaj məsələsinə gələk. Bu hərəkətlə ABŞ demək istəyir ki, Ermənistanın əsil sahibi bizik, bu ölkə bizim himayəmiz altındadır. Ermənistan bayrağı altında 1 saata yaxın əyləşməklə, Obama həm də onu deyir ki, nə qədər ki biz varıq Ermənistanın zərərinə olan heç bir işə imkan verməyəcəyik. Sarkisyanı ABŞ bayrağı altında oturtmaqla isə, Rusiyaya belə bir mesaj verilir ki, bu ölkə ABŞ-ın təsir dairəsinə keçir. Türkiyə və Azərbaycana isə terrorçu dövlətin Ağ Evdən dəstəklənəcəyi bildirilir. Sürix protokollarının ratifikasiyası və Qarabağ probleminin həlli ilə bağlı gərgin situasiyanın yarandığı bir məqamda, Obamanın bu mesajı ABŞ-ın ikili standartlı siyasətini və dünyada sülhü, sabitliyi, ədaləti istəmədiyini göstərir.
Vaşinqtonun Qafqaz siaysətinin nə qədər səhv və qərəzli olduğunu anlamaq üçün bölgədə yaşanan son hadisələri nəzərdən keçirmək lazımdır. ABŞ Türkiyəni qondarma "erməni soyqırımı"nı tanıyacağı ilə hədələyir. Halbuki belə bir hadisənin olmadığını, əksinə ermənilərin türlərə soyqırımı törətdiyini gözəl bilir. Azərbaycanı isə Qarabağı güzəştə getməyə təşviq edir. Ermənistanın məhz Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarını işğal etdiyini və bu səbəbdən, heç zaman Moskvanın mövqelərini satmayacağını gözəl bilir.
Beləliklə, ABŞ-ın bu bölgədə həyata keçirdiyi siyasətin dünya birliyi üçün çox təhlükəli olduğu ortaya çıxır. ABŞ Qafqazda möhkəmlənmək üçün ölkə axtarırdısa, o zaman əlavə iki seçim var idi- Azərbaycan və Gürcüstan.
Hər iki ölkə müstəqil siyasət yürüdür, Qərbə inteqrasiya, ABŞ-la sıx əməkdaşlıq, nəhayət, Vaşinqtonla strateji müttəfiqlik edir. Hər iki ölkə beynəlxalq enerji və nəqliyyat layihələrində və antiterror əməliyyatlarında ABŞ-la müttəfiq olub.
Ermənistan isə bütün bunların əksini edir. Çünki sırf Rusiyanın forpostudur, müstəqil siyasət yürüdə bilmir. Qərbə inteqrasiyası sıfır həddindədir və Rusiya-ABŞ siyasi münaqişələrində daim Moskvanın yanındadır. Yerevan iqtisadiyyatı tam olaraq Rusiyanın əlindədir. Əhalisinin Rusiyaya rəğbəti böyükdür.
Belə bir məqamda, ABŞ-ın beyin mərkəzlərində çalışanların beyinlərində xəstəlik yarandığı haqda yazılanlara inanmamaq olmur. Burada ABŞ-ın həmişə 30-40 ilə hesablanmış strateji siyasət yürütdüyü yada düşür. Reallıq və faktlar həm indiki zamanda, həm də yaxın 20-30 ildə bu bölgədə anti-ABŞ ovqatının varlığını göstərir.
Transgen qida yeməkdən robotlaşan insanlar, əcəba, əsil reallığı görə biləcək qədər də ağıllı deyillərmi? Bu siyasət nəticəsində Rusiya böyük bir bölgədə ABŞ-ı sıxışdırıb. Gürcüstan, Ukrayna və Qırğızıstanda mövqelərini itirən ABŞ nədən eyni prosesin Türkiyə, Azərbaycan və İran kimi ölkələrdə təkrarlanmasını istəyir? Vaşinqtonda artıq çox sayda ölkənin ictimaiyyətində antiamerikan əhval-ruhiyyəsinin yarandığını görmürlərmi? Amerikanpərəstliyin bu bölgədən, gedərək, kommunizmdən, hətta faşizmdən daha təhlükəli olduğunun fərqində deyillərmi? Maraqlı suallardır və yəqin ki, Ağ Evdə bu sualların cavablarını bilənlər vardır.

Digər xəbərlər