Ermənistan aclıq və səfalət məngənəsində
Bu gün Ermənistanda yaşanan sosial gərginlik mövcud hakimiyyət üçün böyük risk və təhlükə mənbəyidir. Belə bir xəbərdarlıqla nüfuzlu beynəlxalq araşdırma mərkəzlərindən olan "Ekonomist"in ekspertləri Ermənistanda son vəziyyəti araşdırdıqdan sonra çıxış ediblər.
Mərkəzin ekspertləri bildirirlər ki, Ermənistanda ağır iqtisadi durum, siyasi sabitliyin kövrək olması, sosial bərabərsizlik, korrupsiya, əhalinin hakimiyyətə etimadının xeyli dərəcədə aşağı olması cəmiyyətdə sosial etiraz dalğasını şiddətləndirir. Hadisələrin bu səpkidə inkişafının isə sonda Ermənistanda sosial partlayışlarla müşayiət olunacağı istisna edilmir. O da bildirilir ki, Ermənistan hakimiyyəti cəmiyyət tərəfindən özünə qarşı yaranmaqda olan bu təhlükənin qarşısını almaq iqtidarında deyil. Bunun əsas səbəblərindən biri də hakimiyyətin üzləşdiyi sosial və iqtisadi problemləri həll edə bilmək üçün lazımi imknlardan, o cümlədən, maliyyə ehtiyatlarından məhrum olmasıdır. Həmçinin, qeyd olunur ki, ölkədə korrupsiya səviyyəsinin günü-gündən artması ümumiyyətlə xalqın sosial ehtiyaclarının ödənilməsində hökumətin daha zəif mövqedən çıxış etməsinə səbəb olur. Elə bu da Ermənistanın sadə əhalisinin bütün təbəqələrində hvkimiyyətdən narazılığın dinamik tərzdə artmasına səbəb olmaqdadır.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu "Ekonomist"in ekspertlərinin araşdırmalarını düzgün qiymətləndirərək söylədi ki, bu gün həqiqətən də, Ermənistan Afrikanın Mozambik, Namibiya kimi ölkələri ilə bir cərgədə dayanır: "Bu gedişlə Ermənistanda iqtisadiyyat sıfır vəziyyətə qədər düşə biləcək. Ümumiyyətlə, Ermənistanda baş verən proseslər onu göstərir ki, postsovet ölkələri arasında müsbət iqtisadi qiymətləndirməyə görə, liderlik Azərbaycana məxsusdur. Onu da deyim ki, hal-hazırda iqtisadi durumu çətinləşməkdə olan Ermənistanda siyasi gərginlik yüksələn xətt üzrə inkişaf edir. İki il əvvəllə müqayisədə Ermənistanda siyasi qeyri-sabitliyin yaranma ehtimalı iki dəfəyədək artıb. Siyasi qlobal iqtisadi böhranın Ermənistana daha şiddətli təsir göstərməsi isə bu prosesi bir qədər də sürətləndirir. Qlobal maliyyə böhranı dünyanın bütün ölkələrinə təsir etməkdədir. Lakin böhranın təsir dərəcəsi ölkələr üzrə fərqlənir. Ancaq Ermənistan böhranın təsirinə ən çox məruz qalan dövlətlər sırasında yer alır".
M.Əhmədoğlu belə hesab edir ki, iqtisadi tənəzzül siyasi proseslərə təsirsiz ötüşmədiyindən qarşıda Ermənstanı daha ciddi təhlükələr gözləyir. Politoloq belə təhlükələrə misal kimi Levon Barxurdyan cəmiyyətin sosial narazılıqlarının siyasi müstəviyə yönləndirilməsi fonunda ölkə hakimiyyətinin iqtidardan kənarlaşdırıla biləcəyini göstərir: "Ancaq hakimiyyət güc yolu ilə buna müqavimət göstərərsə, bu zaman ölkədə yüzlərlə insanın qanı töküləcək. Elə bu da ölkədə xaotik bir durumun yaranmasına gətirib çıxaracaq. Ermənistanın gələcəyindən daha çox öz qeydlərinə qalmaq barədə düşünən hakimiyyət təmsilçilərinin həm siyasi, həm də iqtisadi böhrandan xilas olmaq üçün konkret proqrama və plana malik olmaması isə vəziyyəti daha da ağırlaşıdırır. Bunu ölkə siyasətçiləri də təsdiqləyir. Bu baxımdan Ermənistanın "Siyasi iqtisadiyyat" Araşdırmalar İnstitutunun direktoru Andranik Tevanyan bildirir ki, ölkəni bürüyən böhran əhalinin əlində olan nağd pul vəsaitinin itirilməsinə səbəb olub: "Xərclənən vəsait isə iş yerlərinin bağlanması, xaricdən göndərilən pulların dayanması, korrupsiyanın miqdarının çoxalması səbəbindən daha əhaliyə qayıtmır. Bu səbəbdən indi insanlar özlərinə ərzaq məhsulları almağa belə pul tapmırlar. Vəziyyət getdikcə pisləşir, əhalinin daha böyük hissəsi ac qalmaqdadır. Əgər belə davam edərsə, Ermənistanı sosial iğtişaşların bürüməsi, ölkədə xaotik durumun yaranması qaçılmaz olacaq".
M.Əhmədoğlu onu da söylədi ki, hazırda Ermənistanın əsas ümid yeri xarici dövlətlərdən və beynəlxalq maliyyə qurumlarından alınması gözlənən yeni borclar, kreditlərdir. Lakin Ermənistanın bu siyasəti onun beynəlxalq miqyasda lağ hədəfinə çevrilməsinə də şərait yaratmaqdadır. Bu xüsusda isə, Ermənistanın Rusiyadan asılılığını daim tənqid edən Gürcüstan prezidenti Mixail Saakaşvili daha çox fərqlənir. Saakaşvili ABŞ-ın "Newsweek" dərgisinə müsahibəsində Ermənistanı iqtisadiyyatı tamamilə Rusiyadan asılı olan kasıb bir dövlət adlandırıb. İlk olaraq ölkəsindəki vəziyyəti təhlil edən Gürcüstan prezidenti Qərb dövlətlərindən narazılıq ifadə edib: "Mən Qərbin əməkdaşlığı donduracağını gözləmirdim, sanki yeni inqilab gözləyirlər. Fransa rəsmi nümayəndə heyəti Gürcüstana səfərini qəfil təxirə saldı, ardınca Türkiyə və ərəb şirkətləri müqavilələrin imzalanmasını yubatdı... Bu insanlara nə olub?".
Politoloq onu da vurğulayıb ki, M.Saakaşvili bir neçə ay öncəki açıqlamasında da Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olması səbəbindən dağıldığını söyləyirdi: "Gürcüstan prezidentinin həmin açıqlamasına Ermənistanın rəsmi dairələri sərt reaksiya vermişdi. Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyan M.Saakaşvilinin məqsədinin diqqəti Gürcüstandakı problemlərdən yayındırmaq olduğunu vurğulamışdı. S.Farmanyan Gürcüstan Prezidentini siyasi açıqlamalarında korrekt olmağa çağırmışdı. Ancaq göründüyü kimi, M.Saakaşvili Ermənistanın vəziyyətini olduğu kimi qiymətləndirməkdə davam edir. Qeyd edilənlər bir daha Ermənistanda iqtisadiyyat, sosial həyat da daxil olmaqla, bütün sahələrdə olduqca gərgin bir durumun yaşandığını göstərir. Belə vəziyyət həm də sözügedən ölkədə siyasi destabilliyin formalaşmasını stimullaşdırır ki, bu da Ermənistan cəmiyyətində hər an çaxnaşmaların yaşanmasını və hakimiyyət dəyişikliyini istisna etmir. Sadə ermənilər aclıq və səfalətdən bezərək S.Sarkisyana nifrət püskürürlər".