Ermənistan: böhran keçilməz, çöküş qaçılmaz
Son vaxtlar Ermənistanın siyasi bəyanatlarında Azərbaycan tərəfindən müharibə təhlükəsinin artması barədə rəylər üstünlük təşkil edir. Əgər əvvəlki illərdə rəsmi Yerevan hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycanı tutarlı cavab verəcəyilə hədələyirdisə, indi birmənalı şəkildə, Qarabağdakı ermənilərin sülh sazişinin təhlükə altında olmasından danışır. Ona görə də, Ermənistan danışıqlarda tərəflər arasında hücum etməmək haqqında sazişin bağlanmasına nail olmağa çalışır.
Ekspertlər isə qarşı tərəfin bu mövqeyini Ermənistanın qorxuya düşməsi ilə izah edirlər. Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın "Der Şriegel" jurnalına müsahibəsində təəssüflə bildirib ki, deyəsən, Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb ola bilər.
Göründüyü kimi, Ermənistan Azərbaycanın hərbi əməliyyatlar başlayacağı təqdirdə, yalnız tutduğu əraziləri itirməkdən deyil, əlavə olaraq, bütün erməni icmasının Dağlıq Qarabağı tərk etməyə məcbur qalmasından qorxur.
Hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistanın məğlub olacağını bu ölkənin yalnız hərbi deyil, ictimai dairələrində də bilirlər. Hər il Ermənistan ordusunda fərarilik hallarının artmasıyla yanaşı, övladlarını hərbi xidmətə göndərmək istəməyən vətəndaşların sayı da artır.
Ötən il Ermənistanda yaradılmış "Tənha analar cəmiyyəti" artıq bütün Qarabağı da əhatə edib. Həmin təşkilatın üzvləri əsasən, Qarabağ döyüşlərində ailə başçılarını itirmiş qadınlardır. İndi adıçəkilən quruma daxil olan heç bir qadın Qarabağ uğrunda hərbi əməliyyatlar başlayarsa, öz oğlunu döyüşə göndərmək istəmədiyini bildirir. Çünki Qarabağ uğrunda müharibə onlara yalnız iqtisadi böhran və huquqsuzluq, itki bəxş edib.
Ərlərini müharibədə itirənlər bu dəfə oğullarının qurban gedəcəyini yaxşı bildiklərini deyirlər. Ona görə də, oğullarını müharibəyə göndərmək istəməyən anaların sayı artır. Bu isə erməni cəmiyyətində müharibə başlayarsa, məğlubiyyətin qaçılmaz olacağına dair bir xof yaşandığının nümayişidir.
Azərbaycanın inkişaf etməsi və hərbi qüdrətinin artmasından doğan isterika Ermənistanın rəsmi bəyanatlarında hiss olunur. Ermənilər Azərbaycanla özləri haqqında bu fərqi real həyatda gördüklərindən təşvişə düşürlər. Azərbaycanın müdafiə sənayesinin qısa müddətdə inkişaf etməsi ermənilərdə qorxu yaradan əsas səbəblərdən biridir.
Ermənistanın sabiq baş naziri, "Azadlıq" partiyasının sədri Qrant Baqratyan bildirib ki, əgər Ermənistanda sosial-iqtisadi vəziyyət dəyişməzsə və müfaviq addımlar atılmazsa, o zaman 2013-cü ildə ölkə iqtisadi fəlakətlə qarşılaşacaq. Onun sözlərinə görə, bu gün Ermənistanda sosial-iqtisadi vəziyyət ağır şəraitdədir, maliyyə böhranı hələ də davam edir, lakin hakimiyyət problemlərin həlli istiqamətində heç bir addım atmır: "Gözlənildiyi kimi, 2009-cu ilin mart ayında iqtisadi geriləmə oldu. Amma heç bir bankın müflis olmadığı bir şəraitdə iqtisadi geriləməyə görə, sadə insanlar məsuliyyət daşımalı oldu. Bütün inkişaf etmiş ölkələrdə əhalinin 10-12 faizi aktiv biznes fəaliyyətilə məşğuldur. Amma Ermənistanda bu göstərici 1 faizdir. Ermənistan külli miqdarda borca girib".
"Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Vardan Bostancan isə bildirib ki, Ermənistandakı ağır sosial-iqtisadi vəziyyətin əsil səbəbi idarəçiliyin aşağı keyfiyyətli olması ilə bağlıdır. Onun rəyincə, hətta peşəkarlar belə Ermənistan iqtisadiyyatında sağlam yer görə bilmir: "Baxmayaraq ki, Ermənistan büdcəsinin hissəsi sosial məsələlərə ayrılıb, amma sosial problemlər hələ də öz həllini tapmayıb. Bunun da səbəbi aşağı keyfiyyətli idarəçiliyin olmasıdır. Bu problem bundan əvvəlki hökumətlərində məsələsi olub. Lakin bu gün maliyyə sferasında böhranın olması vəziyyəti açıq ortaya qoydu. Ermənistanın isə dünya maliyyə strukturlarına inteqrasiya olunmaması özünü göstərdi. Ermənistanda bank sektorunda da vəziyyət acınacaqlıdır. Yüksək faizlərin olması bankların lokal xarakterli olmasına gətirib çıxarıb".
"Daşnaksütyun" ARF-nin ali orqanının sədri Armen Rustamyan söyləyib ki, Ermənistanda görünməmiş sosial-iqtisadi problemlərlə müşahidə olunan milli iqtisadiyyatın böhranı gedir . Onun fikrincə, Ermənistandakı bu cür vəziyyət sosial partlayışa gətirib çıxara bilər: "Dramın sürətlə devalvasiyası insanların həyat şəraitinin aşağı düşməsinə gətirib çıxarıb. Yoxsulluğa gəlincə isə, rəsmilər onunla mübarizə aparmaq əvəzinə, real mənzərəni gizlətməyə çalışırlar".
Onun sözlərinə görə, bu gün Ermənistanda plutokratiya hökm sürür. "İrs" parlament fraksiyasının deputatı Armen Martirosyan Ermənistanın kənd təsərrüfatı siyasətini tənqid edib. Onun sözlərinə görə, Ermənistanda ərzaq təhlükəsizliyilə bağlı heç bir tədbirin görülmədiyini söyləyib. Erməni Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan keçirdiyi mətbuat konfransında söyləyib ki, Ermənistan bahaçılıq və səfillik dövrünü yaşayır: "Yoxsulluğa yönələn bu siyası taktika Ermənistanı uçuruma aparacaq. Quldur dövlət kimi fəaliyyət göstərən rəsmi Yerevan siyasi baxımdan heç nəyə qadir deyil".
Erməni xalqının səfalət içində yaşadığını bildirən müxalifətçi L.Zurabyan xalqın etiraz səsini ucaltmasını yeganə çıxış yolu kimi gördüyünü qeyd edib: "Biz erməni xalqını 6 apreldə müxalifətin təşkil etdiyi mitinqə qatılmağa çağırırıq. Məhz, o zaman əzilən xalqın hüquqları tam açıqlığı ilə görünəcək".
Onun sözlərinə görə, ölkənin hakimiyyət orqanlarının digər dövlətlər tərəfindən idarə edilməsi erməni xalqının uçurumun dibinə yuvarlanmasına gətirib çıxaracaq: "Hazırda ölkənin durumu kənardan göründüyü kimi deyil. Vəziyyət getdikcə bərbadlaşır. Ölkə rəhbərinin söz sahibi olmaması, icasəsiz bir addım atmaması fonunda ölkənin hansı inkişafından danışmaq olar. Korrupsiya baş alıb gedir. Buna nə vaxta qədər dözmək olar?"
L.Zurabyan növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinin vacib olduğunu vurğulayıb: "Yeni iqtidar hakimiyyətdə olduqları müddətdə nə edib? Sosial-iqtisadi böhranın nə yerdə olduğundan xəbəriniz var? İqtidar uğurlu bir addım atdıqları barəsində məlumat versin. Tezliklə növbədənkənar prezident və parlament seçkiləri keçirilməlidir. Yoxsa, bir müddət sonra Ermənistanda erməni qalmayacaq".
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quteresa hesabatında bildirir ki, ötən il Ermənistandan xarici ölkələrdə sığınacaq almaq üçün 6226 nəfər təşkilata müraciət edib. Hesabatda göstərilir ki, müraciət olunan ölkələrdən 38 Avropa, 6 qeyri-Avropa dövlətləridir. Hollandiya, Polşa, Slovakiya, Bolqarıstan, Avstriya və Fransa ermənistanlılara qaçqın kimi ən çox sığınacaq verən ölkələrdirlər. Əlbəttə ki, bu sıraya Azərbaycanı da aid etmək olar. Çünki hal-hazırda Azərbaycanda Ermənistanın vətəndaşları və bu ölkənin ordusunun bir çox əsgərləri Bakıdan kömək istəyirlər.
Göründüyü kimi, Ermənistandakı sosial-iqtisadi böhran sosial partlayış səviyyəsinə qədər yüksəlib. Hökumətin isə fəaliyyətsiz qalması digər məsələlərə də öz təsirini göstərir. Belə ki, BMT-nin Ermənistandakı nümayəndəliyinin nümayəndəsi Mariya Doçenkonun sözlərinə görə, Ermənistanda milli azlıqların təhsillə bağlı problemləri var: "Ermənistanda milli azlıqların dillərinin qorunub saxlanılması, müəllimlərin hazırlanması, dərsliklərin çapı və s. kimi problemləri vardır. Milli azlıqların nümayəndələri üçün əsas məsələ etnik identikliklərini, mədəni irslərini qoruyub saxlamaq və ana dilində təhsil almaqdır".
Beləliklə, artıq yolun sonuna gəldik. Ermənistan dilemma qarşısında qalıb- ya işalçılıqdan, terrordan, insanlığa nifrətdən əl çəkməli, ya da məhv olmalıdır. Başqa yol yoxdur, çünki hər şeyin bir sonu var.