Qırğızıstanda baş verən hadisələr dövlət çevrilişinə səbəb olur
Aprel ayının 6-dan etibarən Qırğızıstanda baş qaldıran hadisələr, nəinki ölkədə, eyni zamanda, bütün dünyada böyük səs-küyə səbəb olub və ciddi dağıntılarla müşahidə olunmaqdadır. Ölkədə yaranan qeyri-sabit vəziyyət, bütövlükdə, ölkəni əhatə etməklə yanaşı, ölkə rəhbərliyinin də istefasına səbəb olub.
Xalqın küçələrə axışaraq etiraz etməsi, ictimai binaları dağıtması və asayiş qoruyucuları ilə əlbəyaxa olması ölkdə böyük bir xaosun yaranmasına və Qırğızıstan müxalifətinin verdiyi məlumatlara inansaq, siyasi çevrilişin alınmasına şərait yaradıb. Qarşıdurmalar zamanı xeyli sayda əhali yaralanmış və ölmüşdür. Bu hadisələrin başında müxalifətin dayandığını nəzərə alsaq, onların öz məqsədələrinə nail olduqlarını da demək olar. Çünki artıq ölkə rəhbərliyinin baş verən hadisələrlə əlaqədar istefasından sonra müvəqqəti hökumət də yaradılıb.
Qırğızıstanda bu günlərdə baş verən hadisələr, əslində, keçmiş sovet ölkələrində müşahidə olunan və hətta tez-tez rast gəlinən bir haldır. Gürcüstanda "qızılgül" və Ukraynada "narıncı" inqilabları yada salmaq kifayətdir. Sovet İttifaqının dağılması və bu ölkələrdə müstəqillik əldə olunmasından sonra bu kimi halların müşahidə olunması nəticəsində tez-tez hakimiyyət dəyişiklikləri də baş vermişdir. Əlbəttə, müstəmləkə əsarətindən sonra bu ölkələrdə demokratik vəziyyətin tam bərqərar ola bilməməsi və ölkə rəhbərliyinin xarici qüvvələr tərəfindən formalaşdırılması nəticəsində belə bir vəziyyətin yaranmasına əsas səbəb kimi göstərmək olar. Elə Qırğızıstanda olduğu kimi. Belə ki, Qırğızıstanda baş verən olaylara da, məhz ölkədə olan qeyri-demokratik vəziyyət fonunda insan haqlarının pozulması, siyasi təqiblər, korrupsiya hallarının çoxalması səbəb olub. Hər halda, müxalifətin və ümumilikdə, xalqın ayağa qalxması və etiraz etməsi bu səbəblərlə əlaqələndirilir. Artıq daxili işlər nazirinin öldürülməsi, parlamentin və baş nazirin istefaya getməsi, prezident Kurmanbek Bakiyevin isə ölkəni tərk etməsi və onun ailəsinə aid olan mülklərin yandırılması etiraz dalğalarının səviyyəsini göstərməkdədir. Qırğızıstanın Talas vilayətindən başlayan etiraz dalğaları, paytaxt Bişkek də daxil olmaqla, bütün ölkəni əhatə etməyə başlayıb. Bununla yanaşı, artıq keçmiş xarici işlər naziri müxalifətçi lider Roza Otunbayeva müvəqqəti hökumətə başçılıq etməyə başlayıb. Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, təxminən bir həftə bundan öncə, BMT-nin Baş katibi Pan Gi Mun da Qırğızıstanda olarkən burada insan haqlarının pozulduğunu etiraf etmiş və hökuməti bu kimi halların aradan qaldırılmasına çağırmışdır. Lakin o, bunun qarşıdurma formasında, zorakı metodla deyil, məhz dialoqlar təşkil etməklə, həll olunmasının tərəfdarı olduğunu və problemin həllinin də yalnız bu yolla mümkün olduğunu nəzərə çatdırmışdı. Lakin görünür, Qırğızıstandakı ictimai-siyasi vəziyyət məhz bu cür iğtişaşların baş verməsinə şərait yaradıb. Yeri gəlmişkən, Qırğızıstanda baş verənlərlə əlaqədar artıq BMT-nin Baş katibi də öz mövqeyini açıqlayıb və tərəfləri təmkinli olmağa, sakitliyə çağırıb.
BMT ilə yanaşı, bir sıra Rusiya, Çin, ABŞ kimi dövlətlər də hadisələrə öz mövqelərini açıqlamış və bu halın yolverilməz olduğunu bildirib, ölkə ictimaiyyətini baş verən hadisələrlə əlaqədar sakitliyə riayət etməyə çağırıb.
Qırğızıstanda baş verən hadisələrin səbəbləri sırasında bu ölkənin öz iradəsi ilə deyil, xarici qüvvələrin təsiri ilə idarə olunduğunu da qeyd etmək olar. Belə ki, istər iqtisadi, istər sosial, istərsə də siyasi cəhətdən zəif təsir bağışlayan Orta Asiya dövləti olan Qırğızıstanın özünü idarə etmək üçün kifayət qədər gücünün olmaması da nəzərə alınmalıdır. Hətta burada öz nüfuzunu yaymaq üçün ABŞ, Rusiya və Çinin xüsusi planlarının olduğunu da nəzərdən qaçırmaq olmaz. "Manas" hərbi bazasının Qırğızıstanda yerləşməsi də bu ölkənin adıçəkilən dövlətləri üçün əhəmiyyətini artırmış olur. Bir müddət bundan öncə, ABŞ vitse-prezidenti Cozef Baydenin Qırğızıstana səfəri zamanı da bu məsələ, xüsusilə, qabardılmışdı. ABŞ-ın "Manas" hərbi bazasında Əfqanıstandakı taliblərə qarşı istifadə etmək istəyinin bu regionda aparıcı qüvvə olmaq istəyən Rusiyanın qısqanclığına da səbəb olması istisna edilmir. Elə bu səbəbdəndir ki, ABŞ bu bazadan istifadə etmək haqqında tam razılığa gələ bilmədi. Müvəqqəti hökumətin fəaliyyətinin ilk günlərində Qırğızıstanda baş verən hadisələrə ABŞ və Rusiyanın ilk olaraq öz mövqelərini bildirməsi də adıçəkilən dövlətlərin Qırğızıstanda olan maraqlarından xəbər vermiş olur. Belə ki, Rusiyanın baş naziri V.Putin R.Otunbayevayla telefon danışığı zamanı baş nazir Qırğızıstanla münasibətlərdə heç bir dəyişiklik olmadığını və əvvəllər olduğu kimi, ehtiyacın yaranacağı təqdirdə, Qırğızıstana humanitar və iqtisadi yardım göstərəcəyini bəyan edib. Digər bir tərəfdən isə, R.Otunbayeva ABŞ-a yönəlmiş bəyanatında "Manas" hərbi bazasının ABŞ-ın üzünü açıq olduğunu və istənilən vaxt ABŞ-ın bazadan istifadə etmək icazəsinin olduğunu bildirib. Belə olan halda, artıq burada qüvvələr balansı, məhz ABŞ-ın xeyirinə dəyişmiş olacaq. Əgər indiyə kimi bu regionda Rusiya öz nüfuzunu genişləndirməyə çalışırdısa, Müvəqqəti Hökumətin hakimiyyətə gələcəyi təqdirdə, bunun tam əksinə, ABŞ-ın xeyrinə dəyişəcəyi ehtimal edilə bilər.