Sarkisyan öz işğalçı siyasətinə haqq qazandırmağa bəhanə tapmır
Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə yenidən özünün növbəti bəyanatı ilə çıxış edib. Onun Almaniya mətbuat orqanı olan "Den Spieberg" nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər özünün məntiqsizliyi və sərsəmliyi ilə yadda qalıb. Xüsusilə, Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərin reallığa uyğun olmaması və mövcud proseslərdən uzaq olması ilə seçilib. S.Sarkisyanın bu tipli bəyanatlarının onun hakimiyyət başçısı kimi deyil, radikal bir siyasətbaz kimi məsələlərə yanaşmasından irəli gəldiyini demək olar.
Müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə aydınlıq gətirən prezident Azərbaycanın münaqişəni hərbi yolla həll etmək istəyindən təəssüfləndiyini bildirib. Sarkisyanın belə bir bəyanatla çıxış etməsi ilk deyil və bu tipli bəyanatların populist xarakter daşıdığı da Azərbaycan tərəfindən bildirilib. Erməni prezidentinin bu bəyanatı onun dünya ictimaiyyətini çaşdırmaq məqsədilə verdiyini də güman etmək olar. Özünü konstruktiv tərəf kimi göstərməyə çalışan Sarkisyan, sanki münaqişənin sülh yolu ilə həllinə daha çox tərəfdar olduğunu göstərməyə çalışır. Lakin özü də bilmədən özünü ifşa etmiş olur. Torpaqlarımızı hərbi yolla işğal etməsinə baxmayaraq, Ermənistanın belə bir mövqedən çıxış edərək Azərbaycanı güc tətbiq etməməyə çağırması gülüş doğurur. Qeyd edək ki, bundan bir müddət öncə, Sarkisyan Azərbaycan Prezidentinə müraciət edərək münaqişəni hərbi yolla həll etməmək haqqında saziş imzalamağa çağırmışdı. Belə həyasız bir şəkildə öz mövqeyini bildirməkdən çəkinməyən Sarkisyan özünü dünya ictimaiyyətinə konstruktiv mövqe sərgiləyən şəxs kimi məqsədi güdür. Düzdür, Azərbaycan Prezidenti dəfələrlə münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, dövlətimizin öz hərbi gücündən istifadə edəcəyini istisna etməyib. Lakin bu, o demək deyil ki, Azərbaycan münaqişənin müharibə yolu ilə həllinin tərəfdarıdır. Dünya birliyi tərəfindən tanınmış sərhədlərimizin istənilən yolla bərpa olunması isə Azərbaycan dövlətinin təbii haqqıdır.
Digər tərəfdən isə, S.Sarkisyan bildirib ki, Azərbaycanın neft ehtiyatlarına malik olması və NATO-nun üzvü olan Türkiyə tərəfindən müdafiə olunması Dağlıq Qarabağın digər ölkələr kimi bərabər hüquqlara malik olmasına mane olur. Çox absurd və dünya birliyi tərəfindən tanınmayan bu məsələnin Ermənistan prezidenti tərəfindən dilə gətirilməsi, onun problemə düzgün yanaşmaması ilə yanaşı, siyasi nüfuzunun da aşağı düşməsinə səbəb olur. Azərbaycanın neft ehtiyatlarına malik olması və Türkiyənin Azərbaycanın haqq işinə dəstək verməsi, daim onun yanında olmasına belə bir siyasi don geyindirməyə çalışan Sarkisyanın bəyanatı onun acizliyindən xəbər vermiş olur. Artıq öz işğalçı siyasətinə haqq qazandırmağa heç bir bəhanə tapmayan Sarkisyan Azərbaycanın neft ehtiyatlarını və Türkiyə amilini dilə gətirməyə başlayır. Əlbəttə, Azərbaycanın neft ehtiyatlarına malik olması və bu ehtiyatlardan düzgün istifadə nəticəsində iqtisadiyyatımızın güclənməsi məlumdur. Lakin bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədəcək amil kimi dilə gətirilməsi absurddur. Əksinə, Azərbaycan öz iqtisadi gücündən istifadə edərək, Dağlıq Qarabağ haqqında həqiqətləri dünyaya çatdırmağa və məsələnin sülh yolu ilə həllinə təkan vermiş olur. O ki qaldı Dağlıq Qarabağın digər ölkələrlə bərabər hüquqa malik olmasına, bu, qeyri-mümkündür. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və onun müstəqilliyi, nəinki Azərbaycan, ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən qəbuledilməzdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan prezidenti öz müsahibəsində Türkiyə ilə münasibətlərə də aydınlıq gətirmişdir. Onun Türkiyə ilə münasibətlərin normallaşdırılmasının müvəffəqiyyətsizliyə düçar olmasında Ermənistanın səbəbkar olmamasını bəyan etməsi heç bir halda reallıqla səsləşmir. Hamıya məlumdur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Ermənistan əsas maneçilik törədən tərəf kimi çıxış etməkdədir. Onun protokolları ratifikasiya etməməsi, protokollara ümumi razılıq olmadan düzəlişlər etməsi və ən nəhayət, protokolları ləğv etmək istəyi Ermənistanın daha çox qeyri-konstruktiv tərəf kimi özünü göstərməsinə səbəb olan amillərdir.
"Soyqırımı" məsələsinə toxunan jurnalistin onun "soyqırımı"nın birgə komissiya tərəfindən araşdırılmasına nəyə görə qarşı çıxmasına da Sarkisyan özünəməxsus cavab verib. O, Türkiyə tərəfindən yaradılan komissiyanın obyektiv olacağına inanmadığını bildirib. Arxivlərin açılaraq, bütün sənədlərin incələnməsini nəzərdə tutan bu araşdırmada hansı qeyri-obyektivlikdən söhbət gedə bilər? Ermənistan prezidentinin bu bəyanatı verməklə nəyi nəzərdə tutduğu naməlum olaraq qalmaqdadır. Əslində, burada heç bir qeyri-müəyyənlik yoxdur. Sadəcə olaraq, Sarkisyan araşdırmadan boyun qaçırmaq məqsədilə belə gülünc bəyanatlar verməyə məcbur olur.